EN

Gürcüstan müxalifətinin “nənəsi”

Gürcü müxalifəti Azərbaycanın müxalifət düşərgəsindən fərqli (fərli) deyil, mandat qazanan o dörd müxalifət təşkilatını bir-birlərini həzm edə bilməyən liderlər idarə edir, səs çoxluğu qazansaydılar belə, çətin ki, koalision hökumət qura bilərdilər

Gürcüstan müxalifəti oktyabrın 28-də axşam “demokrtiyanın nənəsi”, “inqibçı qadın” roluna iddialı 72 yaşlı Salome Zurabişvilinin çağırışı ilə meydanlara yığışıb, sonra da gözlənildiyi kimi sakit şəkildə dağılışıblar.

Müxalifətin əsas tələbi ölkədə bu dəfə Mərkəzi Seçki Komissiyasının deyil, “beynəlxalq seçki administrasiyasının”(BMT bu adla seçkiləri silahlı qarşıdurmalar olan Afrika ölkələrində keçirir) rəhbərliyi altında yeni seçkilərin keçirilməsi olub. Zurabişvili bəyan edib ki, onunla bu gün telefonla danışıan bəzi ölkə liderləri seçkinlərin nəticələrinin tanımadıqlarını deyiblər, amma konkret adlar çəkməyib. 

akciya-protesta-v-tbilisi-1.jpg

6-cı ildir ki, ölkə prezidenti olan Zurabişvilinin səlahiyyətlərində müəyyən məhdudiyyətlər olsa da, Gürcüstan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Ali Baş Komandanın müxalifətçiliyi absurd kimi görünür, amma faktdır. Fransaya köçmüş gürcü mühacirlərinin nəslindən olan bu qadın haqda ötən il “Gürcüstanda bir qadının “qiyamı”” başlıqlı yazım da var. Simpatiya doğurmayan tipi var. Prezident seçkisi kampaniyasında hakim “Gürcü Arzusu”nun birinci turda ona ciddi dəstəyi yox idi. Lakin ikinci turdakı dəstəyi həlledici oldu. İndi peşmandırlar, bu dəstəyi impiçmentə çevirmək istəyirlər, amma alınmır. 

6d5f27f2db3eeac0b66256185aa03b77.jpg


***

Seçkilərdə 5 faizlik baryeri keçən “Dəyişikliklər Koalisiyası”, “Milli Hərəkatın Birliyi” və “Güclü Gürcüstan” koalisiyaları və bir partiya “Gürcüstan üçün Qaxariya” məhz Zurabişvili ilə görüşdən sonra hələ almadıqları mandatlarından imtina ediblər, amma bu parlamentin işini, yəni yeni hökumətin qurulmasını bloklamaq üçün kifayət deyil. Gürcüstan qanunları ilk dəfə olaraq tam proporsional (partiya, seçki blokları siyahısı ilə)keçirilən bu seçkilərdə mandatlar göydən düşməyib, ölkənin siyasi həyatında iştirak etmək üçün də parlamentdən güclü meydan yoxdur, yəni Gürcüstanda mandatın cəlbediciliyi çoxdur. Ona görə, bəzi gürcü ekspertləri bu imtina məsələsində hələ mövqe dəyişikliyi olacağını deyirlər. 

tass_75297319_1.jpg

***

“Gürcü Arzusu”nun ötən seçkilərdə 82 mandatı vardı, indi isə 89 deputat yeri əldə ediblər. Parlamentin işə başlaması üçün yadımda qaldığı qədər 72 deputat sayı kifayətdir. Yeni parlament toplanana qədər baş nazir İrakli Kobaxidzenin kabineti öz səlahiyyətlərini davam edəcək. Konstitusiyaya görə yeni seçilmiş parlamentin ilk iclası seçkilərin nəticələrinin rəsmi elan edilməsindən ən geci 10 gün sonra keçirilir və onu prezident təyin edir. Baş nazir isə bəyan edib ki, yeni seçilmiş parlamentin iclasını Zurabişvili təyin etməsə belə, keçirəcəklər. Yəni noyabrın ortalarında “Gürcü arzusu” hökumət başçısını və nazirləri təsdiq üçün deputatlara təqdim edəcək. Bu baxımdan müxalifətin mandatdan imtinasının arxasındakı məna hələ ki, anlaşılan deyil. 

Screenshot_1.png

İndi keçək əsas mətləbə. Gürcüstandakı siyasi düşərgələrdəki durumla dərindən maraqlanda bəlli olur ki, gürcü müxalifəti Azərbaycanın müxalifət düşərgəsindən fərqli (fərli) deyil, mandat qazanan o dörd müxalifət təşkilatlarını bir-birlərini həzm edə bilməyən liderlər idarə edir, ona görə səs çoxluğu qazansaydılar belə, çətin ki, koalision hökumət qura bilərdilər. Qursaydılar da, Gürcüstanı bir yerə çıxara bilməyib, tezliklə dağılışacaqdılar, ölkədə siyasi böhran yaranacaqdı. Yeri gəlmişkən, Azərbaycan müxalifətinin iki lideri də Tiflisdə olub, seçkiləri müşahidə edib, yəqin gürcü həmkarlarının məğlubiyyətinin əsl səbəblərini indi onlardan yaxşı anlayan da yoxdur...

***

Oktyabrın 28-dəki mitinqə çağırış edənlərdən biri də “Milli Hərəkatın Birliyi”nin liderlərindən olan sabiq prezident Mixail Saakaşvili idi. Zurabilşvili onun hökumıtində xarici işlər naziri olub. Amma üç ilə yaxındır prezident səlahiyyətlərindən istifadə edib onu həbsdən buraxmaq üçün əfv etmir. Prezident deyib ki, Saakavşili hakimiyyəti dövründə cinayətlər edib və gürcü xalqı onu bağışlamadığı üçün o da sabiq prezidenti əfv edə bilməz. Saakaşvili isə deyir ki, Zurabişvili Qərbi dəstəklədiyi görüntüsünü yaradır, əslində ikiüzlülüdür, İvanişvilinin kuklasıdır. Onu da deyir ki, Zurabişvili Gürcüstanla müharibə zamanı Rusiyanı dəstəkləyib, Sxinvalinin bombalanmasını tənqid edib. Bir neçə ay əvvəl bu qarşılıqlı ittihamlarla çıxış edənlər indi xalqı meydanlara səsləyirsə, onların səmimiyyətinə az adam inanır. 

Screenshot_2.png

8 faizədək səs toplayan “Gürcüstan üçün Qaxariya”nın lideri Giorgi Qaxaria ümumiyyətlə, bu düşərgəyə yad adamdır. Qaxariya əsas siyasi karyerasını “ Gürcü Arzusu”nun bayrağı altında keçirib. 2016-cı ildə iqtisadiyyat naziri, 2017-ci ildə daxili işlər naziri, 2019-cu ildə isə baş nazir olub. DİN rəhbəri olan müxalifətə qarşı sərt ritorikası ilə seçilib. 2021-ci ildən müxalifətə geçib, partiyasını qurub və uğur qazana bilib. Onun da parılamenti boykot edən və ya küçə inqilablarına səsləyən müxalifətin “quryruğunda” sonadək gedəcəyinə inam azdır.

***

Müxalifətin məğlubiyyətinə daha ciddi səbəblər də var. Bu seçkilərdə bir neçə dəfə vahid siyahı ilə iştirak etməyə cəhd ediblər, amma şəxsi və siyasi ambisiyalar onları nəhayətdə ayrı-ayrı koalisiyalarda seçkilərə getməyə məcbur edib. Müxalifətin birliyi olmayan seçkilərdə bu seçici üçün çəkindirici faktordur, amma əsas deyil. İkincisi, faktlar göstərir ki, müxalifət seçkilərdə əsas təbliğatı mühafizəkar(həm də dindar) gürcülərin qəbul etmədiyi Avropa Birliyinə üzvlük üzərində qurublar, bu isə artıq ciddi cəkindirici faktordur. Üçüncüsü, müxalifət “Avropa Birliyi üzvlüyü, yoxsa “Rusiyapərəstlərin əsarəti” kimi o qədər də inandırıcı olmayan təbliğatdan başqa, seçiciyə xüsusi icra proqramı təqdim etməyiblər. “Gürcü Arzusu” isə müxalifətin fikirayrılığından, dağınıqlığından, Avropa Birliyi, Qərbpərəst siyasət təbliğatından uğurlu əks-təbliğat qurub. “Gürcüstanı Qərbin istəyi ilə Ukraynaya çevirmək istəyirlər”, “Rusiya ilə yenidən qarşıdurma yaratmaq niyyətləri var” , “ölkədə gürcülər üçün qəbuledilməz olan LGBT paradları gətirməyi planlaşdırırlar ” kimi indiki vaxtda seçici üçün həssas olan məqamları qabardıblar. Başqa səbəblər də var, amma əsas budur ki, gürcü seçicisi stabililiyə, dinc yaşamağa səs verib, “Avropa Birliyi və Qərb dəyərləri” deyib bağıranları, yenə müxalifətə göndərib. 

Screenshot_3.png

Gürcü müxalifəti məğlubiyyətlə əlbəttə ki, barışacaq. Bu aksiyalarda qarışıqlıq cəhdləri də olacaq, qan da tökülməsi istisna deyil. Qərb də başa düşür ki, Gürcüstan yaxın 4 il üçün öz seçimini edib, geriyə yol yalnız qanuni hakimiyyəti zor gücünə devirməkdir.

...İndi dünya 5 noyabrdakı o seçkiləri gözləyir. Hələ orda nələr olacağını isə bir Allah bilir...

 

Nazim SABİROĞLU

Musavat.com

Chosen
170
50
musavat.com

10Sources