EN

Tramp Harrisdən öndədir...

Final sorğusuna əsasən, respublikaçıların namizədi demokratların namizədini 3 faiz qabaqlayır

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar siyasi mübarizə daha da güclənməkdədir. Mübarizə keçmiş prezident, respublikaçıların namizədi olan Donald Tramp və indiki vitse-prezident, demokratların namizədi Kamala Harris arasında gedir.

Seçkiyə sayılı günlər qaldığı zamanlarda  bir sıra reytinq agentlikləri namizədlərin şanslarını qiymətləndirir. Seçki günü yaxınlaşdıqca, aparılan təbliğat kampaniyalarının Ağ Ev uğrunda yarışa hansı dərəcədə təsir etməsi aparılan sorğularla müəyyənləşməkdədir. Son dövrlərə qədər sorğuların əksəriyyətində eks-prezident Trampın üstünlüyü açıq şəkildə görünürdü. Hətta bəzi ştatlarda bu fərq on faizlər baryerinə qədər uzanmışdı. Son proseslər, xüsusilə Pensilvaniyada keçirilən ikili debatın ardından şanslar demək olar ki, bərabərləşdi. Baydenin seçki yarışından çəkilməsi qərarı ilə marafona qoşulan Harris öz şanslarını bir az artırmış kimi görünürdü.

Tramp 49 faiz, Harris isə 46 faiz seçici dəstəyinə sahibdir 

Lakin son rəy sorğuları D.Trampın yenə önə çıxdığını təsdiqləyir. Belə ki,  Britaniyanın “Daily Mail” qəzeti və “J.L. Partners” kompaniyasının final sorğusuna əsasən, ABŞ-ın sabiq prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp demokrat rəqibi, vitse-prezident Kamala Harrisi 3 faiz üstələyir. Sorğunun nəticələrinə görə, potensial seçicilərin 49 faizi respublikaçı namizədə, 46 faizi isə Demokratlar Partiyasının namizədinə səs verməyə hazırdır. Qeyd olunur ki, respondentlərin ümumilikdə bir faizi müstəqil namizədlərə səs vermək fikrində olduğunu bildirib. Sorğu oktyabrın 26-29-da 1000 seçici arasında keçirilib.

Xanım Harris Baydenin siyasi kursundan imtina etdi

Xatırladaq ki, Harris Demokratların prezidentliyə namizədinin müəyyənləşdiyi qurultaydan bir həftə sonra prezidentliyə namizəd statusunda Ağ Evdə KİV-ə verdiyi ilk müsahibədə Baydenin siyasətini davam etdirəcəyini bildirmiş, sonradan isə bu fikri təkrarlamışdı. Amma seçkiyə sayılı günlərin qaldığı bir zamanda Harrisin mövqeyində tam dəyişiklik nəzərə çarpdı. Xanım Harris “Fox News” telekanalına müsahibəsində bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə onun prezidentliyi Ağ Evin hazırkı rəhbəri Co Baydenin kursundan kəskin fərqlənəcək: “Mən açıq deyim: mənim prezidentliyim Co Baydenin prezidentliyinin davamı olmayacaq. Vəzifəyə gələn hər bir yeni prezident kimi, mən də öz həyatımı, peşəkar təcrübəmi və yeni ideyalarımı özümlə gətirəcəyəm”. Vitse-prezident əlavə edib ki, onu Baydendən fərqləndirən cəhət karyerasının çox hissəsini Vaşinqtondan kənarda keçirməsidir. Harrisin öz sözləri ilə desək, o, özünü “yeni liderlər nəsli”nin nümayəndəsi hesab edir.

Bu fikirlər isə ABŞ-ın siyasi kluarlarında geniş müzakirələrə yol açıb. Bəziləri bu açıqlamanı Tramp-Harris debatındakı məğlubiyyətin təsdiqi, bəzi siyasi mütəxəssislər isə “son ümid” adlandırır. Əvvəlcə Baydenin prezidentliyi dövründə ABŞ-ın yaşadığı iqtisadi - siyasi geriləməni “davam etdirəcəyini” bildirməsi Harrisə ştatlardakı onlayn praymerizdə nə az-nə çox, 10 faizdən yuxarı səs itkisinə başa gəlmişdi. Əgər o vaxta qədər iki namizəd arasındakı səs faizi fərqi birrəqəmli idisə, artıq faiz fərqli ikirəqəmlidir. Bütün  bunların fonunda Harris Baydenin siyasətindən imtina etməyə məcbur olub.

Amerikalı sosioloqlar da iddia edirlər ki, ABŞ-ın 50 ştatının əksəriyyətində seçici kontingenti demək olar dəyişməzdir - bu ştatın seçiciləri demək olar ki, hər seçkidə eyni partiyanın namizədini dəstəkləyirlər. Hər iki namizədin qalib gəlmək şansının fərqləndiyi ştatlar isə cəmisi barmaq sayı qədərdir, seçkinin taleyi də çox vaxt bu “yelləncək” ştatlarda həll olunur. Hazırda bu kimi “yelləncək” ştatlarda hər iki namizədin nəticələri bir-birinə çox yaxındır və bu yarışda həqiqətən kimin lider olduğunu müəyyən etmək çətinləşib. Məsələn, Pensilvaniya, Miçiqan və Viskonsin vaxtilə demokratların üstün olduğu ştatlar sayılsa da, 2016-cı il prezident seçkilərində Trampa səs vermişdilər. Bayden 2020-ci ildə bu ştatlarda qalib gəlsə də, eyni uğurun Harris tərəfindən təkrarlama ehtimalı çox azdır. 4 ştatda - Nevada, Pensilvaniya, Miçiqan və Viskonsində şanslar bir-birinə çox yaxındır. Aparıcı ştatlardan Şimali Karolina, Corciya və Arizonada isə keçmiş prezidentin üstünlüyü açıqdır.

Sui-qəsd cəhdləri Trampın reytinqini artırdı

Bu arada məlum olub ki, Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçkiqabağı kampaniyasına respublikaçı rəqibi Donald Trampa nisbətən gündə 5 milyon dollar çox vəsait xərcləyir. “Bloomberg” agentliyinin məlumatına görə, Harris seçkiqabağı kampaniyaya gündə orta hesabla 7,5 milyon dollar, Tramp isə 2,6 milyon dollar sərf edib. ABŞ Federal Seçki Komissiyası Kamala Harrisin seçki yarışına sentyabr ayında 404 milyon dollarla, Donald Trampın isə 295 milyon dollarla daxil olduqlarını bildirib.

Seçki kampaniyası dövründə  D.Trampa qarşı sui-qəsd cəhdləri də onun reytinqinin yüksəlməsinə səbəb olan amillər sırasındadır. Nəzərə alaq ki, birinci sui-qəsd cəhdindən sonra hazırkı prezident Co Bayden seçki yarışından geri çəkilməyə məcbur oldu. Bu baxımdan, Trampa qarşı digər sui-qəsd cəhdləri də demokratların indiki namizədi Kamala Harrisin də reytinqinə mənfi təsir edəcəyi gözlənilən idi. Bütün hallarda, yekun nəticə noyabrın 5-də məlum olacaq.

N.BAYRAMLI

Chosen
54
50
yeniazerbaycan.com

10Sources