EN

Trampın qəribə erməni TƏƏSÜBKEŞLİYİ: “Azərbaycan üçün…”

“Erməni diasporunun mütəşəkkilliyi, seçkilərdəki fəallığı və maliyyə imkanları ABŞ siyasətçilərini hər zaman onlardan yana danışmağa yönəldib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə vahid namizədi Donald Trampın ötən gün Kilikiya erməni katolikosu I Aramla telefon zəngini şərh edib.

Analitik əmindir ki, bu seçkilərdə də erməni diasporunun səslərinin əhəmiyyəti göz önündədir:

“Belə ki, hər 2 namizəd arasındakı rəy sorğularına görə, reytinqlər, demək olar ki, bərabərdir. Ona görə də sabah hər cür sürprizin olması mümkündür. Lakin Donald Tramp da demokratlardan fərqli olaraq, erməni diasporu ilə əlaqəsi həddən artıq zəif olan namizəddir. Bu mövqe onun ilk prezidentlik dövründə də aydın şəkildə özünü göstərdi”.

Onun sözlərinə görə, nəzər almalıyıq ki, ABŞ-dəki erməni diasporu həm Tramp, həm də Bayden administrasiyasından narazıdır:

“Hətta bu yaxınlarda ABŞ-dəki Erməni Milli Komitəsinin (ANCA) açıqlamasında qeyd olunmuşdu ki, prezidentlik uğrunda yarışan hər 2 namizəd ermənilərin maraqlarına uyğun olmayan namizədlərdir. Belə ki, Trampın dövründə Azərbaycan 44 günlük savaşda işğal olunmuş ərazilərini erməni işğalından azad etdi. Bayden administrasiyası dövründə də Azərbaycan antiterror əməliyyatları nəticəsində bütün Qarabağda ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərqərar etdi.

O. Qasımovun dediyinə görə, məhz bu səbəbdən də Donald Tramp ermənilərə müəyyən reveranslar etməkdədir:

“Hətta bir müddət əvvəl o, Qarabağ erməniləri ilə bağlı açıqlama verdi, dünən isə ermənilərin ikinci katolikosu sayılan I Aramla telefon danışığı baş tutdu. Bütün bunlar ona hesablanıb ki, katolikosun vasitəsilə erməni diasporunun səslərini qazansın. Çünki erməni diasporu arasında Aramın nüfuzu Üçmüəzzində (Eçmiadzin – red.) oturan II Qaregindən yüksəkdir. Bu baxımdan, sözügedən telefon zəngi məhz Arama edildi”.

“O ki qaldı telefon danışıqlarının məqsədinə, bəllidir ki, burada erməni diasporunun səslərinin azaldılması niyyəti güdülür. Donald Trampın verdiyi vədləri tutmasına gəldikdə isə açığı zaman-zaman ermənilərə bu vədlər verilir və bunlar, sadəcə, seçki vədləri kimi dəyərləndirilməlidir”, – deyə o, əlavə edib.

Siyasi ekspertin fikrincə, Azərbaycan üçün Trampın, yaxud Harrisin hakimiyyətə gələcəyi çox ciddi fərq etmir:

“Təbii ki, Harris gələrsə, Bayden administrasiyasının siyasəti davam edəcək, çünki bu administrasiya müharibə administrasiyadır. Məhz onların dövründə Rusiya-Ukrayna savaşı baş verdi, Yaxın Şərqdə isə böyük bir savaşın astanasındayıq. Eləcə də bu administrasiya Azərbaycana qarşı qərəzli standartlara malikdir”.

Politoloqun qənaətinə görə, bütün hallarda, nəzərə almaq lazımdır ki, artıq sahədə vəziyyət dəyişib:

“Yəni Azərbaycana torpaqları işğalda olanda təzyiqlər daha çox təsir edə bilərdi, nəinki indi. Baxmayaraq ki, Azərbaycan əraziləri işğal altında olanda da öz maraqlarından geri çəkilmirdi. Bundan sonra isə ölkəmizə təzyiq imkanları daha az olacaq və hazırkı durum proseslərə daha əhəmiyyətli təsir göstərəcək. ABŞ və Azərbaycana düşmən mövqe tutan bütün ölkələrdən indiki yeni reallıqlarla hesablaşmalı və bunu qəbul etməlidir. Əgər onlar Cənubi Qafqazda maraqlarını təmin etmək istəyirlərsə, Azərbaycanın mövqelərini nəzərə alıb maraqlarımıza uyğun addımlar atmalıdırlar. Odur ki, Trampın I Arama zəngini, sadəcə, seçki piarı və səslərini artırmaq niyyəti kimi qəbul etmək olar”.

Rafi Müslümov

Chosen
113
19
yenicag.az

10Sources