EN

Sertifikasiyada ədalətsizlik: 50 bal toplayan da 10% artım alır, 31 bal toplayan da - TƏKLİF

Sertifikasiya imtahanlarında 31-50 bal aralığında nəticə göstərən müəllimlərin maaşına eyni səviyyədə artım edilir. Yəni, 31-50 bal toplayan müəllimlərin maaşına 10 faiz artım hesablanır. Bu isə təhsilverənlər arasında ciddi narazılıqlar doğurub və qərar ədalətsizlik kimi qiymətləndirilir. Böyük əksəriyyət hesab edir ki, əmək haqqı artımı mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.

Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqı 10 faiz, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faz artır.

Modern.az mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramovla həmsöhbət olub.

Millət vəkili də hesab edir ki, qaydalar təkmilləşdirilməlidir. V.Bayramov bildirib ki, bununla bağlı Milli Məclisə təkliflər təqdim edib:

“Eyni zamanda mən elm və təhsil nazirinə də rəsmi olaraq sertifikasiya nəticələrinin differensial qiymətləndirilməsi ilə bağlı təkliflər təqdim etmişəm. Ümumiyyətlə, beynəlxalq praktikaya, Kembric qiymətləndirmə sisteminə uyğun olaraq 80% və daha yüksək nəticə göstərənlərin nəticələri ən yüksək kateqoriyaya daxil edilir”.
 

V.Bayramov qeyd edib ki, sertifikasiyada 80% göstərici 48 bala bərabərdir:
 

“Bu baxımdan biz təklif edirik ki, 48 və daha yüksək bal toplamış müəllimlərimizin əməkhaqlarına 35% artım hesablansın. Çünki onların topladıqları bal 80%-dən yüksəkdir. Qiymətləndirmədə onluqla başlayan sistem tətbiq olunur. Mövcud qiymətləndirməyə əsasən, 50 bal toplayan müəllimin əməkhaqqı 10%, 51 bal toplayan müəllimin əməkhaqqı isə 35% artır. Halbuki, onluqla başladığı üçün 50 bal toplayan müəllimin də əməkhaqqı 35% artmalıdır. Eləcə də 10-35% arası digər differensial artım rəqəmlərinin də istifadə olunmasına ehtiyac var".
 

Müsahibimiz vurğulayıb ki, daha geniş differensiallığın tətbiq edilməsi daha çox müəllimin əməkhaqlarında artımlara təsir göstərə bilər:
 

“Bu kontekstdə təbii ki, məsələni Elm və Təhsil Nazirliyinin rəsmiləri ilə görüşdə, eyni zamanda mediada, o cümlədən Milli Milli Məclisə təqdim etmişik. Ümid edirik ki, bu istiqamətdə xüsusən də 80%-dən daha yüksək bal toplamış müəllimlərimizin əməkhaqlarının 45% artırılması ilə bağlı qərarın qəbul edilməsi mümkün olacaq”.

Chosen
88
50
modern.az

10Sources