EN

Kamala Harris Niyə Uduzdu? Analiz

 

Təxminən bir ay əvvəl Kamala Harris ABC kanalında yayımlanan The View proqramına qatıldı. Burada özünü daha yaxından tanımaq istəyən amerikalılara mehriban bir müsahibə verməsi gözlənilirdi. Lakin müsahibə onun, "Hazırkı prezident Co Baydendən fərqli olaraq nə edərdiniz?" sualına verdiyi cavabla tez bir zamanda gərginləşdi: "Ağlıma heç nə gəlmir."

Harrisin bu cavabı, Respublikaçılar tərəfindən təkrarlanan reklam kampaniyasına çevrildi. Çərşənbə axşamı Donald Trampa məğlub olduqdan sonra Harris seçki kampaniyasının qarşılaşdığı siyasi maneələrdən danışdı. Çərşənbə axşamı gecəsi Harris öz məğlubiyyətini qəbul edərək tərəfdarlarına “ümidsizliyə qapılmamağı” xahiş etdi.

Ancaq harada səhvə yol verdiyini və başqa nələr edə biləcəyini düşünməsi çox güman ki, daha çox vaxt aparacaq, çünki demokratlar həmişəki kimi partiyanın gələcəyi ilə bağlı suallar verərək məsuliyyəti bir-birinə yönəltməyə başlayacaqlar.

Harrisin seçki kampaniyasının nümayəndələri çərşənbə günü səhər sükuta qərq oldular, bəzi köməkçilər isə göz yaşları içində daha gərgin keçməsi gözlənilən seçkiyə təəccübləndiklərini bildirdilər. "Məğlubiyyət ölçülməz dərəcədə ağrılıdır. Bu, ağırdır," - deyə çərşənbə günü kampaniya işçilərinə göndərilən elektron məktubda Harrisin kampaniya meneceri Cen O'Malley Dillon yazıb. "Nəyin baş verdiyini anlamaq çox vaxt alacaq."

Hazırkı vitse-prezident olaraq Harris həm sevilməyən prezidentdən ayrılmağı, həm də seçiciləri  ölkədaxili iqtisadi narahatlıqlar fonunda onların gözlədiyi dəyişikliyi təklif edə biləcəyinə inandırmağı bacarmadı.

Bayden yükü

Bayden debatlarda uğursuz çıxış etdikdən sonra seçki yarışından geri çəkildi deyə Harris seçkilərdə önə keçərək namizədlər siyahısının başında yer aldı və ilkin seçkiləri keçərək bir dəfə də səs vermədi. O, "yeni bir lider nəsli" formalaşdıracağına, qadınları abort hüququ ətrafında birləşdirəcəyinə və iqtisadi məsələlərə - qiymət artımı və mənzil əlçatanlığı kimi problemlərə diqqət yetirərək işçi sinfi seçicilərinin etimadını doğruldacağına dair söz verərək 100 günlük seçki kampaniyasına başladı.

Seçki gününə üç ay qalmış o, ilkin dəstək dalğası yaratdı- bu dalğa sosial mediada yayılan memlər, Teylor Sviftin də daxil olduğu məşhur dəstəkçilər və rekord miqdarda ianələrlə müşayiət olundu. Lakin Harris, seçicilərin geniş kəsiminə sirayət edən anti-Bayden ovqatından qurtula bilmədi. Prezidentin reytinqi hakimiyyətdə olduğu dörd il ərzində davamlı olaraq 40 bal ətrafında qalxdı-düşdü və seçicilərin təxminən üçdə ikisi ABŞ-ın yanlış yolda olduğunu düşünürdü.

Bəzi müttəfiqləri özəl söhbətlərdə Harrisin Baydeni əvəz etməyə çalışarkən ona çox sadiq qaldığını qeyd edirdi. Lakin keçmiş vitse-prezidentin kommunikasiya direktoru Camal Simmons bunu "tələ" adlandıraraq, hər hansı bir məsafənin respublikaçılara sədaqətsizlik üçün yeni bir hücum xətti verəcəyini iddia edib “Sizi seçən prezidentdən uzaqlaşa bilməzsiniz,” dedi.

Harris, Baydenin siyasətindən uzaqlaşmadan, amma açıq şəkildə dəstəkləmədən administrasiyanın fəaliyyətini müzakirə edərək, incə bir tarazlığı qorumağa çalışdı. Ancaq bu yolla ölkəni niyə məhz onun idarə etməli olduğunu və iqtisadi narazılıqları, həmçinin miqrasiya ilə bağlı geniş yayılmış narahatlıqları necə aradan qaldıracağını inandırıcı şəkildə əsaslandıra bilmədi.

Çikaqo Universitetindəki NORC tərəfindən aparılan və 120.000-dən çox amerikalı seçici arasında keçirilən “AP VoteCast” sorğusuna görə, hər 10 seçicidən 3-ü ailələrinin maliyyə vəziyyətinin pisləşdiyini deyib ki, bu da dörd il əvvəllə müqayisədə daha yüksəkdir. Hər on seçicidən doqquzu ərzaq qiymətləri ilə bağlı çox narahat və ya müəyyən dərəcədə narahat olduğunu bildirib.

Eyni sorğu göstərdi ki, hər 10 seçicidən 4-ü ABŞ-da qanunsuz yaşayan miqrantların öz ölkələrinə deportasiya edilməli olduğunu bildirib, halbuki 2020-ci ildə bu göstərici hər 10 nəfərdən 3-ü idi.

Harris seçki kampaniyasının sonuna yaxın administrasiyasının Bayden administrasiyasının davamı olmayacağını vurğulamağa çalışsa da, öz siyasətini aydın şəkildə ortaya qoya bilmədi və tez-tez problemləri birbaşa həll etmək əvəzinə onlardan yan keçməklə kifayətləndi.

Müəllif: Kortni Subamanyan

Mənbə: BBC

Tərcümə: Şahlar Ruhi

Chosen
64
50
ednews.net

10Sources