EN

SENSASİYA: Trampın komandasını “artsax” sözü dilindən düşməyən bu adam qurur?

ABŞ-dakı 5 noyabr seçkisinin qalibi Donald Trampın superdövlət adına yürüdəcəyi xarici siyasət, o sırada Güney Qafqaza münasibəti təbii ki, Azərbaycanı da maraqlandırır. Çünki Ermənistanın revanşizmdən və ölkəmizə qarşı ərazi iddiasından tam əl çəkməməsi, real sülh müqaviləsi imzalamaqdan yayınması səbəbindən bölgəmizdə yeni müharibə təhlükəsi qalır.

Aydındır ki, beynəlxalq siyasətdə böyük təcrübəsi və güclü siyasi fəhmi olmayan Trampı bu kimi məsələlərdə əsasən komandası, özəlliklə yaxın ətrafı, köməkçiləri və müşavirləri yönəldəcək. Artıq yeni komandanın formalaşması prosesi başlayıb. Özü də prosesdə görün kimlər var?

Okeanın o tayından gələn xəbərə görə, Trapmın yaxın ətrafına daxil olan amerikalı milyarder İlon Mask və kiçik Robert Kennedi yeni kabinetinin formalaşdırılmasına hazırlıq fonunda dünən Co Bayden administrasiyanın növbəti administrasiyaya keçidə cavabdeh rəsmiləri ilə görüşüb. Bu barədə ABC News etibarlı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, görüş yeni prezidentin Floridadakı iqamətgahında baş tutub. “Tramp öz kabinetini formalaşdırmağa və administrasiyada yüksək vəzifələrə namizədlər seçməyə hazırlaşır”.

İlk baxışda “quru” bir xəbər. Amma və lakin...

Yada salaq, bu həmin kiçik Robert Kennedidir ki, ötən ilin dekabrında ABŞ prezidentliyinə namizəd olarkən X sosial şəbəkəsindəki videomüraciətində Azərbaycan əleyhinə, suverenliyimiz və ərazi bütövlüyümüz əleyhinə azğına gələni danışmış, hədyanlar, hətta təhdidlər söyləmişdi. Məsələn, demişdi ki, “ABŞ ermənilərin özünümüdafiə, eləcə də öz müqəddəratını təyinetmə hüququna regional dəstəyi səfərbər etməli, “artsax” ermənilərinin “ata-baba yurdlarına” təhlükəsiz qayıtmasını qorumalıdır”.

Ardınca iddia eləmişdi ki, guya Azərbaycan 2020-ci ildən Qarabağ ermənilərinə qarşı “amansız etnik təmizləmə aparır: “Bu ilin (2023 – red.) sentyabrında Azərbaycan “hücuma keçdi” və 120 min (əslində Qarabağdan könüllü köç edənlərin sayı 100 mindir – red. ) erməni əhalisini deportasiya etdi. Dünyanın diqqəti Qəzzaya və İsrailə yönəldiyi halda, “qədim erməni ərazilərindən” birinin bütün əhalisinin “kütləvi surətdə deportasiyası” haqda heç kim heç nə eşitmir. Biz həm də Türkiyə və Azərbaycan tərəfindən İrəvanın “blokadasını” aradan qaldırmağın yollarını axtarmalıyıq. Ermənistanın dənizə çıxışı yoxdur, onun qonşu ölkələrin limanlarına çıxışı olmalıdır”.

Kiçik R.Kennedi ABŞ prezidenti postuna seçiləcəyi təqdirdə Ermənistan və Qarabağın bərpasına “töhfə verəcəyinə” də izhar eləmişdi: “Prezidenti kimi mən Ermənistanı yenidən qurmaq üçün diplomatiyadan, mənəvi nüfuzumuzdan, iqtisadi rıçaqlarımızdan və sanksiyalardan istifadə edəcəyəm. Mən Ermənistanın və “artsaxın” suverenliyinin (bəh-bəh! – red.), onların ərazilərinin bərpasına kömək etmək istəyirəm”...

Ermənidən çox erməni olmağa çalışan bu zat yaxşı ki, ABŞ prezidenti ola bilmədi. Fəqət, yeni seçilmiş prezidentin ətrafında sülənən biri kimi onun komandasını “dizayn” edə, konkret vəzifə tuta, Bakıya qarşı işlərdə fəallıq göstərə, “su bulandıra” bilər.

Söz düşmüşkən, dünən Tramp qələbədən sonrakı ilk çıxışı zamanı bildirib: “Bu əla insanların adından danışmaq istəyirəm. Onlar çalışqan və fantastik insanlardır. Biz Robert Kennedi kimi bir neçə adı əlavə edə bilərik. O, Amerikanı yenidən sağlam etməyə kömək etmək istəyirdi. O, əla insandır və səhiyyə sistemində həqiqətən bir iş görmək istəyir və biz ona bunu etməyə şərait yaradacağıq”...

Şəkk şübhə-yox ki, Trampın səsvermə gününə sayılı günlər qalmış ermənilərə qəfildən iki dəfə reverans eləməsində, o sırada qatı türkofob və irqçi “din” xadimi I Arama zəng edib ermənilərə, “artsax”a dəstək ifadə eləməsində bu erməni yanlısı müstəsna rol oynayıb. Yeri gəlmişkən, I Aramın Trampdan etdiyi iki xahişdən biri onun komandasında vəzifələrdən birinin ABŞ-ın erməni icmasının üzvünə verilməsi ilə bağlı olub.

Odur ki, diplomatiyamızın, Azərbaycan və Türkiyə diasporlarının daha tədbirli tərpənməsində əlavə fayda var...

Z.SƏFƏROĞLU

Chosen
67
50
musavat.com

10Sources