EN

Paşinyan uydurdu- "Azərbaycan müasir Ermənistanın 60 faizinə göz dikib"...

Image

Məhərrəm Zülfüqarlı: “Paşinyanın bu iddiası tamamilə absurddur, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur”

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası bu ölkənin Konstitusiyasında, onun preambulasında öz əksini tapsa da, Qarabağ Ermənistan ərazisi kimi qələmə verilsə də, Ermənistan bunları inkar edir və Konstitusiyasını dəyişməməkdə israr edir. 

Bildiyimiz kimi, Azərbaycan tərəf haqlı olaraq Ermənistandan Konstitusiyasını dəyişməyi, oradan Azərbaycana qarşı ərazi iddiasını əks etdirən maddənin çıxarılmasını tələb edir, yalnız bundan sonra sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu bəyan edir. Amma Nikol Paşinyan və onun hökuməti bir qayda olaraq gerçəyi inkar etmək mövqeyi sərgiləyir, Azərbaycana qarşı ağlasığmaz iddialar irəli sürür.  

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyanın tribunasında deyib ki, Azərbaycanın Ermənistan Respublikasının Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması ilə bağlı “iddiaları” Ermənistan Respublikası Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilməsinə əsaslanır, bu da öz növbəsində “Dağlıq Qarabağın” adını çəkir.

Paşinyan iddia edib ki, Ermənistan  Konstitusiyasının mətnində nə birbaşa, nə də dolayısı ilə “Dağlıq Qarabağla” bağlı hər hansı müddəa var. 

“İkinci: Azərbaycan Konstitusiyasının preambulasında 1991-ci il oktyabrın 18-də qəbul edilmiş konstitusiya aktına istinad var ki, bu da öz növbəsində 1918-ci il mayın 28-də qəbul edilmiş Birinci Azərbaycan Respublikasının İstiqlal Bəyannaməsinə istinad edir. İlk Azərbaycan Respublikasının Bəyannaməsində də öz növbəsində qeyd edilirdi ki, ilk Azərbaycan Respublikası Şərqi və Cənubi Zaqafqaziyanın tərkibinə daxildir. 1919-cu ilin noyabrında Azərbaycan Respublikası Antantaya özünün inzibati-ərazi xəritəsini təqdim edib. Bu xəritəyə görə Azərbaycan ərazilərinə Ermənistanın Sünik və Vayots-Dzor rayonlarını, habelə Ararat, Armavir, Qeqarkunik, Tavuş ərazilərini, Lori və Şirak bölgələrini də daxil edir. Bütövlükdə götürsək, bu, Ermənistanın indiki ərazisinin təxminən 60%-ni təşkil edir”.

Paşinyanın uydurmalarına görə, guya bu səbəbdən Azərbaycan konstitusiyasında Ermənistana qarşı “ərazi iddiaları” var. Baş nazir deyib ki, Ermənistan iki səbəbdən Azərbaycan konstitusiyasının dəyişdirilməsi məsələsini qaldırmır. “Birincisi, belə bir tələb Ermənistan-Azərbaycan sülh prosesini dalana dirəyəcək, ikincisi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılmış hissəsində belə bir maddə var. Tərəflərin bu müqaviləyə əməl edilməməsinə haqq qazandırmaq üçün öz daxili qanunlarından istifadə edə bilməyəcəyini bildirir. Sülh müqaviləsinin razılaşdırılmış hissəsinin digər maddəsində deyilir ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, bir-birinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər...”

Paşinyan iddia edir ki, guya Azərbaycan Ermənistan ərazisinin 60 faizinə qarşı iddia irəli sürür. N.Paşinyan iddiasını 1919-cu ilin noyabrında Azərbaycan Xalq Cumhuriyyətinin Antantaya təqdim etdiyi inzibati-ərazi xəritəsinə istinadədən təsdiqləmək istəyir ki, o xəritədə əks olunan əraziləri guya Azərbaycan yenidən özünə qaytarmaq istəyir. Bəli, Cumhuriyyətin Antantaya təqdim etdiyi xəritə də sübut edir ki, adları çəkilən ərazilər Azərbaycanın tarixi torpaqlardır, amma Azərbaycan bu gün o torpaqlara qarşı heç bir iddia irəli sürmür, bu fikirdən tam uzaqdır. Azərbaycan istəyir ki, Ermənistan Konstitutsiyasından məlum bəndi çıxarsın, rəsmən Azərbaycana qarşı ərazi iddiasına son qoysun, bundan sonra sülh müqaviləsi imzalansın. Azərbayan Prezidenti dəfələrlə bəyan edib ki, bizim heç kəsin ərazisində gözümüz yoxdur, heç bir ölkəyə, o cümlədən də Ermənistana qarşı ərazi iddiamız yoxdur, amma indiki Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. 

“Paşinyan belə rəy yaratmaq istəyir ki, biz Qarabağı öz ərazimizə Konstitusiya ilə daxil etmişiksə, siz də Cumhuriyyətin varisi olmağınızı Konstitusiyaya salmaqla Cumhuriyyətin ərazilərinə iddia edə bilərsiz”

Siyasi icmalçı, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki,  Ermənistanın baş nazirinin ortaya atdığı yeni uydurmalar sülh müqaviləsinin imzalanmasına qarşıdır. Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddiasının olmadığını deyən M.Zülfüqarlı qeyd etdi ki, faktiki olaraq indiki Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. “Birinci növbədə Ermənistanın bu mövqeyi ortaya atması, bu mövqeni dartışması Azərbaycanın böyük qələbəsidir. Yadınızadadırsa, 2020-ci ilə, 44 günlük müharibəyə qədər Nikol Paşinyan belə bir fikir bildirmişdi ki, “Qarabağ Ermənstandır və nöqtə” . Azərbaycan Prezidenti İlham Əliyev də “Qarabağ Azərbaycandır və nida” dedi. Yəni dünənə qədər Ermənistan bunu deyirdisə, indi belə demirlər. Heç yatsaydılar yuxularına da gəlməzdi ki, 2020-ci ilin senytyabr ayının 27-dən başlayan Vətən müharibəsindən sonra onlar Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edəcək, hətta öz Konstitutsiyalarını təftiş etməyə başlayacaqlar. Yenə də deyirəm, onların bu səviyyəyə gəlməsi Azərbaycanın böyük qələbəsidir.

Qaldı Paşinyanın söz güləşdirməsinə, o deyir ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Bəli, bizim Konstitusiyamızda belə bir maddə var. Bildiyimiz kimi, Azərbaycan Xalq Cumhuriyyətinin ərazisi mübahisəli ərazilərlə bir yerdə 113, 9 min kvadrat kilometr idi. Amma mübahisəli olmayan tam ərazisi 98 min kvadrat kilometr idi. Sovet dövründə də bunu 86, 6 min kvadrat kilometrə qədər endirdilər və 44 günlük müharibəyə kimi də bunun 20 faizini ermənilər işğal etmişdi. Yəni biz öz Konstitusiyamızda Azərbaycan Respublikasının Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğunu elan etmişik. Amma bizim Konstitusiyada heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Əgər bu gün Azərbaycan ərazi iddiasına başlasa, Dərbəndə də, Gürcüstana da, İrana da, Ermənistana da ərazi iddiası irəli sürə bilərik. Amma biz bunu heç kəsə qarşı etmirik. Biz tarixi ərazilərimizi unutmasaq da, BMT qərarlarına, BMT nizamnaməsinə sadiqik. Yəni BMT-yə hansı ərazi ilə girmişiksə, həmin ərazilərin müdafiəsinə çalışırıq, müdafiə edirik, tarixi ərazilərimizə isə iddiamız yoxdur. Ermənistan isə BMT-yə daxil olandan Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edir və Qarabağı da, ətraf əraziləri də 30 il işğalda saxlayıb, viran qoyub. İkinci bir məsələ, 1991-ci ildə  Rusiya Federasiyası da elan edib ki, SSRİ-nin varisidir. Bu o demək deyil ki, Rusiya keçmiş SSRİ ərazisinə hüquqi cəhətdən iddia edir. Bu sadəcə bir bəyannamədir ki, elan olunur, varisliyi öz üzərinə götürür. Amma keçmiş SSRİ ərazisinə Rusiya Federasiyası iddia etmir, varislik də ona elə bir hüquqi əsas vermir. O cümlədən, Azərbaycanın da Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğunu elan etməsi heç də o demək deyil ki, Azərbaycan Konstitusiyanın preambula hissəsində olan o deklarativ bəyanata istinad edib Azərbaycan Xalq Cumhuriyyətinin ərazilərinə iddia edir. Xeyr. Azərbaycan hüquqi dövlətdir və qonşuların ərazilərinə də hörmətlə yanaşır. Sadəcə olaraq Ermənistan hüquqi dövlət olmadığına, işğalçı dövlət olduğuna görə və 1988-ci ildən sonra öz Konstitusiyasına Azərbaycan ərazilərini də daxil etdiyi üçün Azərbaycan haqlı olaraq Konstitutsiyanın dəyişməsini tələb edir. Ermənistan Azərbaycanın Qarabağ ərazisini öz Konstitusiyasına salmaqla öz işğalçılıq niyyətlərini dünyaya bəyan edir. Bundan başqa, Ermənistan öz gerbinə Türkiyə ərazisi olan Ağrıdağın şəklini salıb. Bununla da Türkiyəyə qarşı ərazi iddiası edir.  Ermənistan Türkiyə və Azərbaycanla yaxınlaşmaq, hər hansı bir saziş imzalamaq, münasibətləri normallaşdırmaq istəyirsə, ilk növbədə niyyət protokolu imzalanmlıdır ki, qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkir və bu iddianı davam etirməyəcək. Bundan sonra beynəlxalq hüquq çərçivəsində bu ölkənin Konstitutsiyasında olan o işğalçı maddənin çıxarılması ilə bağlı işlər aparılmalıdır. Yəni demək istəyirəm ki, bizim birbaşa danışıqlarda təcili Konstitusiyaya dəyişiklik edilməsi məsələsinə hələ Ermənistan hazır deyil. Hətta Paşinyan rejimi hazır da olsa, Konstitusiyaya əlavə və dəyişiklik referendumla olmalıdır. Ermənistan əhalisində də həm bizə, həm də Türkiyəyə qarşı qatı irqçi, faşist təfəkkürü qalmaqdadır. Paşinyan istəsə də referndum keçirilib Konstitutsiya dəyişilsin, Ermənistan əhalisi buna müsbət səs verməyə hazır deyil. Onda da bütün danışıqlar pozulacaq, proses uzanıb gedəcək və yenə də müharibə təhlükəsi yarana bilər”.

M.Zülfüqarlı hesab edir ki, münasibətlərin normallaşması üçün ilkin mərhələdə niyyət protokolu imzalanmalıdır, növbəti mərhələdə erməni əhalisi hazırlanandan, o nağıllardan, o miflərdən əl çəkəndən, o uydurmalar onların beynindən silinəndən sonra orda referendum keçirib Konstitusiyaya dəyişiklik etmək olar. “Ona görə də, indiki rejim böhran keçirir, xalqın istəyinin əleyhinə gedə bilmir, çünki xalq hələ də qatı millərçilik şüurundan xilas olmayıb. Bu səbəbdən də Paşinyan bu cür əsassız bəyanatlar verməklə vəziyyəti bərabərləşdirməyə çalışır. Yəni Paşinyan belə rəy yaratmaq istəyir ki, biz Qarabağı öz ərazimizə Konstitusiya ilə daxil etmişiksə, siz də Cumhuriyyətin varisi olmağınızı Konstitusiyaya salmaqla Cumhuriyyətin ərazilərinə iddia edə bilərsiz.  Paşinyanın bu iddiası tamamilə absurddur, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Paşinyan özündən uydurur ki, guya Azərbaycan Cumhuriyyətin ərazisi olan indiki Ermənistan ərazisinə qarşı iddia irəli sürə bilər. Əslində belə şey yoxdur.  

Dünya təcrübəsində bu var, istənilən xalq özünü əvvəlki dövlətinin varisi elan edə bilər. Amma bu o demək deyil ki, varis həmin tarixi ərazilərə iddia etməklə  qonşular qarşısında məsələ qaldıra bilər. Yəni biri var özünü 1918-1920-ci ildə mövcud olan respublikanın varisi elan edəsən, biri də var 1988-ci ildə qonşunun torpaqlarını işğal edib onu 30 il öz işğalında saxlayasan, hətta qonşu dövlət öz ərazisini işğaldan azad edəndən, sən bu torpaqların Azərbaycana aid olduğunu etiraf edəndən sonra da Konstitusiyanda həmin ərazini öz ərazin kimi saxlayasan, bunlar tamamilə fərqli şeylərdir.

Mənə elə gəlir ki, Paşinyan rejiminin özündən asılı olsa, o bu maddəni Konstitusiyadan çıxarardı, amma bu ondan asılı deyil”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA





Chosen
47
50
baki-xeber.com

10Sources