EN

Rusiya yenə Bakını Avrasiya Birliyinə qoşulmağa çağırdı

Federasiya Şurasının rəhbəri Karasin bu təklifi senatorların adından səsləndirib - deputat və ekspertdən şərhlər

Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyində (AİB) görmək istəyir. Bu arzusunu Azərbaycanın Moskvadakı yeni səfiri Rəhman Mustafayevlə görüşündə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, xarici işlər nazirinin sabiq müavini Qriqori Karasin bildirib. 

“Yeni Müsavat” bildirir ki, məlumatı Rusiya Federasiya Şurasının mətbuat xidməti yayıb. Maraqlıdır ki, Karasinin bu təklifi senatorların adından səsləndirilib. Karasinin sözlərinə görə, Azərbaycanın üzvlüyü “ümumi məkanımızda təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrini gücləndirməyə kömək edir”. Karasin deyib ki, Federasiya Şurası “Bakının çoxtərəfli birliklərlə, o cümlədən BRİCS və ŞƏT ilə əlaqələri genişləndirmək istəyini dəstəkləyir”.

Karasin həmçinin qeyd edib ki, hazırda Moskva ilə Bakı arasında münasibətlər yüksələn xətt üzrədir. Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması ideyası Rusiyanın siyasi dairələrində əvvəllər də müzakirə olunub, lakin Bakı bu birliyə qoşulmağa tələsmir və ümumiyyətlə, belə planlarının olmadığını bildirir.

Yada salaq ki, bu ilin aprelində Prezident İlham Əliyev Bakıda ADA Universitetində keçirilən beynəlxalq forumda Azərbaycanın hazırda Avrasiya İqtisadi İttifaqına daxil olmaq planının olmadığını bildirib. “Bizim belə planlarımız yoxdur, lakin bunun gələcəkdə müzakirə mövzusu olmayacağını deyə bilmərik. Hamısı yaxınlaşmadan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılıdır. Faydaları görsək, qərar verərik. Əks halda, biz hazırda mövcud olan əməkdaşlıq səviyyəsindən razıyıq”, - deyə, İ.Əliyev bildirib. Prezident dəfələrlə birliyin tədbirlərində fəxri qonaq kimi iştirak etdiyini xatırladıb. “Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin bütün üzv ölkələri ilə çox sıx tərəfdaşlığı var”,  prezident vurğulayıb.

Yada salaq ki, bir neçə ay əvvəl Karasin Moskvada Azərbaycan Milli Məclisinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovla görüşü zamanı Rusiyanın Xankəndidə payızdan əvvəl konsulluq açmaq niyyətində olduğunu bildirərək, bu məsələnin həllinə ümid etdiyini demişdi. Sonradan bu mövzuda iki ölkənin xarici işlər nazirlikləri arasında müəyyən müzakirələr aparıldı. Lakin Azərbaycan tərəfi Rusiya vətəndaşlarının yaşamadığı şəhərdə Rusiya konsulluğunun açılmasının mənasını görmür. Rusiyanın Avrasiya İqtisadi Birliyinə qoşulmaq təklifini yeniləməkdə məqsədi nədir?

Asim

Asim Mollazadə

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Rusiya daha çox ölkəni hansısa formada - ya iqtisadi, ya hərbi müttəfiq olmaqla özünə cəlb etməyə çalışır. Millət vəkilinin sözlərinə görə, Rusiya hazırda çətin vəziyyətdə olduğunu nəzərə alaraq, bu iqtisadi birliyi dünyaya alternativ kimi nümayiş etdirməyə can atır. A.Mollazadə vurğuladı ki, onların məqsədi postsovet ölkələrini bir araya gətirməkdir: “Azərbaycan bu təşkilata daxil olan qardaş türk dövlətləri ilə ayrıca iqtisadi-siyasi münasibətlərini qurub, o cümlədən Türkiyə ilə müttəfiqliyini əldə edib və onunla dost olan ölkələrlə də əməkdaşlığını davam etdirir. Ona görə də Azərbaycan çoxşaxəli əməkdaşlıq siyasəti yürüdür və öz maraqlarından irəli gələn layihələrdə iştirak edir”.

Azad

Azad Məsiyev

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev isə xatırlatdı ki, Rusiya torpaqlarımız işğal altında olanda da bu təşkilata üzvlüyü təklif etmişdi, amma Azərbaycan razı olmadı: “Çünki Ermənistanla müharibə şəraitində idi və düşmən ölkənin üzv olduğu platformaya qoşula bilməzdi. İndi isə reallıqlar dəyişib, ərazi bütövlüyümüz təmin olunub və ona görə də yalnız sülh müqaviləsindən sonra Azərbaycan Avrasiya İqtisadi Birliyinə qoşulmağa baxa bilər”. A.Məsiyevin fikrincə, ümumiyyətlə, Azərbaycan hazırda iqtisadi maraqlarını bütün istiqamətlərdə uzlaşdırır: “Bir tərəfdən BRİCS formatında maraqlıdır, digər tərəfdən Avropa Birliyinin 10 dövləti ilə enerji sahəsində tərəfdaşdır. Azərbaycan iqtisadi maraqlarına uyğun platformalarda iştirak edir. Rusiyanın bu təşəbbüsü isə özünün əhatə dairəsini genişləndirmək istəyindən irəli gəlir. Çünki Rusiyanın Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən dünyaya çıxışı məhdudlaşıb”. 

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb. Bu il mayın 8-də Moskvada Rusiya prezidentinin iştirakı ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılmasının 10 illiyinə həsr olunmuş sammit keçirilib. Ermənistan baş naziri də tədbirdə iştirak edib. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Avrasiya İqtisadi İttifaqındakı hesablaşmaların 90 faizindən çoxu milli valyutalarda aparılır. Onun sözlərinə görə, 10 il ərzində Avrasiya İqtisadi İttifaqı ölkələrinin ümumi ÜDM-i 1,6 trilyondan 2,5 trilyon dollara yüksəlib. “Qarşılıqlı ticarətin həcmi 45 milyard dollardan 89 milyard dollara qədər olmaqla, iki dəfə artıb. Üstəlik, hesablaşmaların 90 faizindən çoxu artıq milli valyutalarda aparılır”, - deyə V.Putin bildirib. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın tədbirində qonaq qismində iştirak edib. Təşkilat iqtisadi inteqrasiyasını hədəf alıb və 6 yanvar 1995-ci il tarixində Rusiya ilə Belarus arasında imzalanan Gömrük İttifaqı Sazişinə əsaslanır. Hazırda Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan, Qırğızıstan və Tacikistan təşkilatın daimi üzvüdür. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 

Chosen
82
29
musavat.com

10Sources