“Biz Cənubi Qafqazda sülhün olmasında çox maraqlıyıq”. Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti APA-ya müsahibəsində bildirib.Cənubi Qafqaz regionunda normallaşma və sülh, Ermənistanla Azərbaycan arasında sülh və Brüssel danışıqlar barədə mövqeyini açıqlayan Dokerti bildirib ki, bu həftə İrəvanda, Tiflisdə olub, indi də Bakıda səfərdədir:“İnanırıq ki, sülhün möhkəmlənməsi üçün aşkar imkan var və biz bunu təmin edə biləcək istənilən mexanizmi dəstəkləyirik. Aydındır ki, Avropa ölkələrinin, Amerikanın rolu var, eyni zamanda, ən önəmlisi iki ölkə – təbii ki, Azərbaycan və Ermənistandır. Biz Britaniya olaraq ikitərəfli fikir mübadiləsi və sülhə doğru addımları dəstəkləmək üçün əlimizdən gələni edəcəyik. Bizim üçün aydın olan odur ki, indi aşkar, unikal imkan mövcuddur və biz səmimi qəlbdən ümid edirik ki, hər iki tərəf bundan istifadə edəcək”.“Əlbəttə ki, biz Azərbaycanın güclü müttəfiqiyik, həm də Ermənistanla çox güclü əlaqələrə malikik. Bir çox başqa ölkə kimi, bizim də rolumuz var, amma məncə, ayrı-ayrı ölkələrin öz rolu haqqında spekulyasiya etməsi faydalı deyil. Faydalı olan odur ki, hər iki ölkəni əmin edək ki, biz onları dəstəkləmək üçün orada olacağıq və proses Azərbaycan və Ermənistanın üstünlüklərini, seçimlərini rəhbər tutmalıdır. Bu, irəliyə doğru ən yaxşı yoldur”, – deyə britaniyalı nazir bildirib.Gununsesi.info