EN

Niyyət protokolu masaya qoyuldu: Bakı-İrəvan xəttində son gəlişmə

Ümid Partiyasının sədri İqbal Ağazadə Teleqraf.com-un suallarını cavablandırıb.
 
Moderator.az onunla müsahibəni təqdim edir:
 
- Nikol Paşinyan Azərbaycanla sülh müstəvisində iki məsələ üzərində fikir ayrılığının olduğunu söyləmişdi. Fikir ayrılığı ilə bağlı əsas detallar açqılanmasa da ehtimallar nəyə işarə edir?
 
- Hələlik səslənən o iki məsələnin nədən ibarət olması ilə bağlı aydın bir təsəvvür yoxdur. Azərbaycan və Ermənistan tərəfinin razılaşdırmadığı o iki bəndlə bağlı heç bir tərəf açıqlama vermir. Çox güman ki, bu, danışıqların konfidensial getməsi ilə bağlıdır. Məsələ açıq olsa idi, onun ətrafında fikir yürütmək olar ki, bu, tərəflər üçün nə qədər önəmlidir. Cənubi Qafqazda marağı olan qüvvələrin məhz bu iki məsələyə münasibətinin necə olduğu da bilinərdi. Çünki burada söhbət tək Azərbaycan-Ermənistan münasibətlərindən getmir. Bu həm də Cənubi Qafqazda iddiaları olan güc mərkəzlərinin maraqlarının hansı səviyyədə təmin olunması ilə bağlıdır. Fərqli vektorlar üzrə bəzən danışıqlar gedir. Qərbin və Rusiyanın dəstəyi və vasitəçiliyi ilə danışıqlar aparılıb. Ona görə də, iki ölkə arasında sülhün on günə, bir aya, bir ilə reallaşacağını söyləmək çox çətindir.

- Kommunikasiyaların açılmasında qarşılıqlı həll yolu gündəmə gətirilmişdi. Qarşılıqlı həll yolu dedikdə nələr nəzərdə tutulur?

- Aparılan danışıqlarda dəhliz və digər xəttlərin açılması amili mövcuddur. Burada həmçinin yolların açılması ilə yanaşı qaz xəttlərinin çəkilməsi, transmilli layihələrdə iştirak kimi məsələlər var. İki ölkə sərhədində buraxılış məntəqələrinin yaradılması kimi məsələlər gündəmə gətirilir. Amma kommunikasiya xətti dedikdə hamının düşündüyü Ermənistan ərazisindən keçərək Azərbaycan-Naxçıvan-Türkiyə xəttinin açılması nəzərdə tutulur. Gələcəkdə isə Ermənistan Azərbaycandan qaz və digər enerji məhsulları ala bilər. Münasibətlər normallaşıb, sülh müqaviləsi imzalandıqdan sonra bu mümkündür. Həmçinin kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması da real ola bilər. II dünya müharibəsindən sonra Almaniya ilə SSRİ və digər ölkələr arasında rəqabət olsa belə ticarət əlaqələri mövcud idi. Ona görə də, burada kommunikasiya xəttlərinin açılması dedikdə bizim Zəngəzur dəhlizi, dünyanın isə Orta Dəhliz layihəsi adlandırdığı bir layihədən söhbət gedir.

- Sülhə əngəl kimi Ermənistan konstitusiyası və digər hüquqi aktlarında Azərbaycana qarşı olan əsassız ərazi iddiaları gündəmə gətirilir. Konstitusiyanı dəyişmədən həll yolu varmı?

- Ermənistanın müstəqillik bəyannaməsini ayrıca fakt kimi götürmək mümkün deyil. Konstitusiya dəyişdikdə isə onun preambula hissəsi də dəyişdirilə bilər. İndi iddia edilir ki, Ermənistanın müstəqillik bəyannaməsini dəyişdirmək mümkündür və s. Bu, elə də asan məsələ deyil. Məhz konstitusiya dəyişikliyindən sonra əsas maneələr aradan qalxa bilər.

- Belə çıxır ki, sülhdən nə qədər danışılsa da ilkin hansısa bir sənədin imzalanması elə də asan deyil...

- Bakı və İrəvan sülh müqaviləsi üçün ilkin niyyət protokolu imzalaya bilər. Bu sənəd hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunarsa, hüquqi qüvvə almış olar. Bu da həmin sənəddə müəyyən öhdəliklərin olmasını ehtiva edir. Ermənistan da üzərinə öhdəlik götürür ki, heç bir zaman Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyəcək. Və yaxud bundan əvvəlki dönəmlərdə hər hansı bir iddia vardısa, o iddiaların hamısı bütün hüquqi sənədlərdə qüvvədən düşmüş hesab oluncaq.

Chosen
33
50
moderator.az

10Sources