EN

Qırğızıstan Prezidenti Seulda - İkitərəfli əlaqələrin inkişafı üçün yeni impuls

Qırğızıstan və Cənubi Koreya arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub və o vaxtdan bəri onların əməkdaşlığı əhəmiyyətli dərəcədə güclənib.

Day.Az Trend-a istinadən xəbər verir ki, Sadır Japarovun Cənubi Koreyaya səfəri Qırğızıstan Prezidentinin 11 ildən sonra bu ölkəyə ilk rəsmi səfəri olaraq, siyasət, iqtisadiyyat, mədəniyyət və texnologiyalar kimi sahələri əhatə edən ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ oldu.

Səfərin əsas nəticələrindən biri iki ölkə arasında Hərtərəfli Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması olub.

Qırğızıstan Prezidenti ilə görüş zamanı Cənubi Koreyanın Prezidenti Yun Sok Yol vurğulayıb ki, ölkəsi Mərkəzi Asiyada Koreya üçün vacib tərəfdaş olan Qırğızıstanla əlaqələri fəal inkişaf etdirmək niyyətindədir.

O qeyd edib ki, ötən il iki ölkənin paytaxtları arasında birbaşa aviareys açılıb. Xüsusilə Koreya və Mərkəzi Asiya arasında əməkdaşlığın inkişafına yönəlmiş "K-Silk Road" təşəbbüsünün işə salınmasına xüsusi diqqət yetirilib.

Prezident Sadır Japarov bu təşəbbüsü dəstəkləməyə və onun həyata keçirilməsi üzərində fəal işləməyə hazır olduğunu təsdiqləyib.

"Biz ticarət, investisiya, təhsil, mədəniyyət və elm kimi əsas sahələrdə fəal əməkdaşlıq edirik", - deyə dövlət başçısı bildirib.

Səfər zamanı müxtəlif sahələrdə bir neçə mühüm saziş imzalanıb. Prioritet istiqamətlərdən biri energetika sahəsinin inkişafı olub. Su ehtiyatları ilə zəngin olan Qırğızıstan hidroenergetikanı fəal şəkildə inkişaf etdirir. Hazırda ölkədə elektrik enerjisinin 90 faizdən çoxu hidroelektrik stansiyalarda istehsal olunur.

Kiçik su elektrik stansiyaları (KSES) Qırğızıstanın enerji sektoru üçün əhəmiyyətli üstünlüklər təqdim edir. Birincisi, bu stansiyalar ekoloji cəhətdən təmiz və dayanıqlı enerji istehsalına töhfə verir. Böyük SES-lərdən fərqli olaraq, kiçik stansiyalar daha az torpaq sahəsinə ehtiyac duyur, bu da ekosistemə və yerli əhaliyə təsirləri azaldır. Həmçinin, KSES-lər enerji istehsalını daha çevik şəkildə tənzimləməyə imkan verir və iri stansiyaların tikintisinin mümkün olmadığı və ya məqsədəuyğun sayılmadığı uzaq regionların elektrik enerjisi ilə təmin olunmasını asanlaşdırır. Bu stansiyalar ölkənin enerji təhlükəsizliyini gücləndirir və bərpa olunan enerji mənbələrinə keçidi təşviq edir.

Bu kontekstdə, 10 kiçik su elektrik stansiyasının tikintisi üçün Baş Planın hazırlanması və texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanması məqsədilə Əməkdaşlıq Memorandumu imzalanıb. Bu layihə yalnız enerji infrastrukturunun yaxşılaşdırılmasına deyil, həm də karbon əsaslı enerji mənbələrindən asılılığın azaldılmasına kömək edəcək.

Bundan əlavə, enerji və kritik minerallar sahəsində Memorandum imzalanıb. Bu saziş bu sektorlarda əməkdaşlığı dərinləşdirmək üçün yeni imkanlar açacaq.

Ekoloji layihələr də müasir gündəliyin mühüm hissəsidir. Belə layihələrdən biri Qırğızıstan İqtisadiyyat və Ticarət Nazirliyi ilə "Sejin G&E Co. Ltd" şirkəti arasında Oş şəhərində zibillik qazı əsasında elektrik stansiyasının tikintisinə dair Anlaşma Memorandumunun imzalanması olub. Bu layihə karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağa, regiondakı ekoloji vəziyyəti yaxşılaşdırmağa və tullantıların utilizasiyası problemini həll etməyə imkan verəcək.

Qeyd etmək lazımdır ki, 2024-cü ilin ilk 9 ayı ərzində Qırğızıstan və Cənubi Koreya arasında ticarət dövriyyəsi 296,1 milyon ABŞ dolları təşkil edib, 2023-cü ildə isə Koreyadan Qırğızıstana edilən xarici investisiyaların həcmi 8,1 milyon dollar olub. Bu rəqəmlər çox böyük olmasa da, gələcəkdə artım üçün böyük potensialın olduğunu göstərir. Bu baxımdan, Qırğızıstan məhsullarının beynəlxalq bazarlarda dəstəklənməsinə və Koreya investisiyalarının Qırğızıstan iqtisadiyyatına cəlb edilməsinə yönəlmiş sazişlərin imzalanması böyük əhəmiyyət kəsb edir. Bu addım iki ölkə arasında ticarətin genişlənməsi və iqtisadi əlaqələrin möhkəmlənməsi üçün yeni imkanlar yaradacaq.

Bu sazişlər arasında Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi ilə Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi arasında ticarət və investisiyaların təşviqi üçün mexanizmin yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumu yer alır. Həmçinin, "Qırğızeksport" İxracın İnkişafı və Təşviqi Mərkəzi ilə Koreya İdxalçılar Assosiasiyası (KOIMA) arasında və "Qırğızeksport" ilə Koreya Beynəlxalq Ticarət Assosiasiyası (KITA) arasında Əməkdaşlıq Memorandumlar imzalanıb.

Rəqəmsallaşma sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Qırğızıstan, informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafında Cənubi Koreyanın təcrübəsindən yararlana bilər. Səfər çərçivəsində Qırğızıstanda informasiya texnologiyalarının inkişafına yönəlmiş bir sıra sazişlər imzalanıb. Bu sazişlər arasında Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi (RİN) ilə KOICA (Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi) arasında "Qırğız Respublikasında rəqəmsal transformasiya üçün milli məlumatlandırma potensialının artırılması" layihəsinə dair Danışıqlar Protokolu və RİN ilə Koreyanın Elm və İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi arasında Anlaşma Memorandumu yer alır.

Kənd təsərrüfatının modernləşdirilməsinə yönəlmiş əməkdaşlıq da vacib addımlardan biri olub. Bu məqsədlə Qırğızıstanın Su Ehtiyatları, Kənd Təsərrüfatı və Emal Sənayesi Nazirliyi ilə KOICA arasında məhsulun idarə edilməsi və yığım sonrası nəzarət sisteminin gücləndirilməsini yaxşılaşdırmağa yönəlmiş layihəyə dair Danışıqlar Protokolu imzalanıb. Bundan əlavə, Su Ehtiyatları, Kənd Təsərrüfatı və Emal Sənayesi Nazirliyi ilə Asiya Meşə Təsərrüfatı Əməkdaşlıq Təşkilatı (AFOCO) arasında aqrar meşəçilik və bağçılığın inkişafını təşviq edəcək Əməkdaşlıq Saziş imzalanıb.

Beləliklə, Sadır Japarovun səfəri Qırğızıstan və Cənubi Koreya arasındakı ikitərəfli əlaqələrin hərtərəfli tərəfdaşlığın yeni səviyyəsinə keçməsini simvolizə etdi. 10 kiçik su elektrik stansiyasının tikintisinə dair imzalanmış Memorandum Qırğızıstanın enerji təhlükəsizliyini gücləndirir, ekoloji dayanıqlığı təşviq edir və karbon əsaslı enerji mənbələrindən asılılığı azaldır.

Ticarət və investisiyaların genişləndirilməsi üçün sazişlər imzalanıb ki, bu da Qırğızıstan məhsullarının irəliləyişi və Koreya kapitalının cəlb edilməsi üçün yeni imkanlar yaradır. Bu razılaşmalar uzunmüddətli əməkdaşlıq üçün möhkəm təməl formalaşdırır və enerji, ekoloji davamlılıq, ticarət, rəqəmsallaşma və kənd təsərrüfatı kimi əsas sahələrdə dayanıqlı inkişafı təmin edir.

Chosen
33
48
day.az

10Sources