EN

Trampın eks-köməkçisi Putin haqda elə şey dedi ki... - Azərbaycana da təhdid, yoxsa...

Siyasi şərhçi: “O, Xəzər regionu və Güney Qafqazda gələcək oyun quruculuğunu təyin edən əsas fiqur deyil”
 
“Trampın prezidentliyi Qərb və Ukrayna üçün yaxşı heç nə vəd etmir”. Bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi, Birləşmiş Ştatların BMT-dəki sabiq nümayəndəsi, Tramp dönəmində istefa vermiş Con Bolton deyib.
 
Boltona görə, Trampın andiçməsindən (20 yanvar) sonra Kiyevə yardım azalacaq, Rusiya ilə danışıqlar sürətləcənək. O, Avropanın da Ukraynaya yardımının azalacağını söyləyib. “Çünki Avropa Birliyinin özü Rusiya ilə kommersiya əlaqələrini yeniləməyə çalışır”, - deyə Bolton sözünə davam edib.
 
Onun sözlərinə görə, Bayden Ukraynaya üç illik yardım proqramının reallaşdırmasını gecikdirərək ABŞ-ın maraqlarını təhdid altında qoyub: “Tramp dövründə əldə olunacaq sülh razılığı isə müvəqqəti olacaq”.
 
Bolton Putinin imperiyası tam bərpa olana qədər dayanmayacağını da söyləyib.
 
Trampın sabiq kadrı haqlıdırmı? Söhbət hansı imperiyadan gedir? Rusiya doğrudanmı “SSRİ-2" qurmaq istəyir? Belə planların Azərbaycana yaxın-uzaq təsirləri varmı?
 
Xatırladaq ki, Trampın birinci prezidentliyi dövründə Bakı və İrəvana səfər edən Con Bolton Ermənistanı Rusiya orbitindən uzaqlaşmaq üçün Azərbaycan və Türkiyə ilə əlaqələri təcili normallaşdırmağa çağırmışdı.
 
Milli Məclisin deputatı Azər Badamov Boltonun “SSRİ 2" barədə dediklərini reallıdan tam uzaq sayır: ”Tramp seçki qabağı kampaniyası zamanı prezidentlik səlahiyyətlərinə malik olandan dərhal sonra Rusiya-Ukrayna müharibəsini dayandıracağına söz vermişdi. Bayden hakimiyyəti Ukrayna müharibəsinin dərinləşməsinıə gətirib çıxardı. O cümlədən ABŞ-a qoşulan Avropa İttifaqı da müharibəyə geniş şəkildə dəstək verdi. Amma özləri böyük iqtisadi çətinliklərlə qarşılaşdı. Ona görə də Avropa İttifaqının özü müharibənin tez bitməsini və Rusiya ilə əlaqələrin bərpasında maraqlıdır. Təbii ki, Tramp administrasiyası da Ukraynaya yardımlarını azaldacaq və Kiyevi Rusiya ilə müharibənin dayandırılmasına məcbur edəcək. Bu baxımdan Boltonun açıqlamasında yeni bir fikir yoxdur. Müharibə başa çatandan sonra Rusiyanın “SSRİ-2" yaradacağı barədə onun fikirləri də absurddur və reallıqdan uzaq olduğunu hesab edirəm. ABŞ Liviyada kimyəvi silah olduğunu deyərək müharibəyə başladı. Nəticədə heç nə tapılmadı. Bu baxımdan ABŞ-da səsləndirilən fikirlər reallıqlarla uyğunlaşmır. ”Rusiya MDB Dövlətlər Birliyində əməkdaşlığını genişləndirəcək" deyilsəydi yenə inandırıcı olacaqdı. Çünki MDB qarşılıqlı hörmət və bərabərlik prinsipi üzərində qurulan təşkilatdır. SSRİ isə tarixin arxivinə göndərilib. Bu baxımdan SSRİ-nin tərkibində olmuş ölkələr öz müstəqilliklərini yenidən heç vaxt qurban verməzlər. O cümlədən Azərbaycan da dövlət müstəqilliyini çox yüksək dəyərləndirir və SSRİ-yə qayıtmaq fikrində deyil".
 
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva Boltonun dediklərinin hər birinə xüsusi diqqət ayırdı: “Öncə onu xüsusi vurğulamaq lazımdır ki, Birləşmiş Ştatların milli və geostrateji maraqları prezidentlər səviyyəsində yox, daha dərin qatlarda müəyyənləşdirilir. Qısası, Donald Tramp Xəzər regionu və Güney Qafqazda gələcək oyun quruculuğunu təyin edən əsas fiqur deyil. Tramp Administrasiyası müəyyən olunmuş siyasi cizgilərə sadəcə hərəkət və yön verməklə mükəlləfdir. Yəni, müəyyənləşmiş siyasi kursun görünən moderatoru prezidentdir. ABŞ kimi superdövlətin çoxqütblü siyasi kursu təyin etmək missiyası prezidentin hüquqi iradəsindən kənardadır. O ki qaldı Con Boltonun fikirlərinə, düşünürəm ki, yanlış məqamlar çoxdur. Çünki, cənab Bolton uzun müddətdir ki, qalstuksuzdur, xeyli zamandır ki, aktiv siyasətin içərisində deyil. Ona görə də söylədiyi fikirlər real gedişata yox, fərziyyələrə söykənir. Bəli, qarşıdakı dörd il Avropa və Ukrayna üçün çətin keçəcək. Çünki Avropa Rusiya qarşısında uzunmüddətli savaşlara hazır deyil. Artıq tükənmə, yıpranma elementləri hiss olunur. Üstəlik, Rusiya ilə savaş kontekstində Avropa Birliyi ölkələri arasında ciddi fikir ayrılıqları mövcuddur. Başda Macarıstan və digər Şərqi Avropa ölkələri olmaqla Aİ üzvləri qırmızı imperiyaya qarşı çoxqütblü savaşdan boyun qaçırırlar. Digər tərəfdən, Qərb hələ də Rusiyanın neftinə və qazına möhtacdır. Yaşıl enerji hazırda Avropa dövlətlərinin tələbatını tam şəkildə ödəyə bilmir. Bundan başqa, qızıl, dəmir, brilyant, mebel üçün taxta tədarükündə Qərb axsamağa başlayıb. Əvvəllər Qərbin bu ehtiyaclarını şimal qonşumuz qarşılayırdı. İndiki sanksiyalar çətiri altında belə bir əməkdaşlıq sadəcə mümkün deyil. Ukrayna savaşında Qərb öz hərbi gücünü də bir xeyli tükəndirdi. Bolton bu mənada haqlıdır ki, Qərbin yaxın aylarda Ukraynaya yardımı zəifləyəcək. Amma bu zəifləmə indi yox, 2025-ci ilin fevralından başlayacaq.
 
SSRİ-nin bərpası məsələsinə gəldikdə, Putin Rusiyası bu prosesə hələ 2008-ci ildən, yəni Gürcüstan ərazilərinin işğalı ilə başlayıb. Proses indi də davam edir. Moldovanın Dnestryanı bölgəsi də tezliklə Rusiyanın hüquqi idarəsinə keçəcək. Qərbin Ukraynadakı yanlış siyasəti Moldovada da davam edərsə, biz yaxın dövrdə Moldova ərazilərinin işğalını da görəcəyik. Azərbaycanla bağlı vəziyyət hazırda bir qədər fərqlidir. Çünki Bakı ilə Moskva arasında müttəfiqlik sazişi var. Özü də bu saziş 2022-ci ilin fevralında, yəni Rusiya-Ukrayna savaşının başlanmasından 2 gün öncə imzalanıb. Üstəlik, Türkiyə kimi müttəfiqimiz mövcuddur. Pakistan və İsraillə geostrateji hədəfləri olan bağlar da göz önündədir. Çinin dəstəklədiyi Bir kəmər -bir yol layihəsi də məhz Azərbaycan üzərindən keçir. Bir sözlə, biz Rusiya üçün asan loxma deyilik. Digər tərəfdən, Azərbaycan 30 ildən çoxdur ki, dövlətçilik imtahanı verir və bu imtahandan Bakı hər zaman yüksək qiymətlərlə ayrılıb".
 
Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı isə bir məqamı xüsusilə vurğuladı: “Təsadüfən deyilmir ki, siyasətdə nə daimi dostluq var, nə də daimi düşmənçilik. Siyasətdə daimi maraqlar var. Tramp prezident seçkiləri dövründə bəyan edirdi ki, ABŞ-ın növbəti prezidenti seçilərsə, Rusiya-Ukrayna müharibəsini bir günə həll edə bilər. Yadınıza salın, Trampın birinci prezidentlik dövrünü. Amerika mətbuatı açıq şəkildə bəyan edirdi ki, Tramp Rusiyanın agentidir. Hətta prezident seçkilərində Trampın xeyrinə Rusiyanın müdaxilə etməsinə görə Trampı ittiham edirdilər. Konkret olaraq Trampın Putinlə normal münasibətlərinin olması həqiqətdir. O seçiləndən sonra kürəkəni mətbuata açıqlama verdi ki, Amerika və Qərb çox böyük səhvə yol verib ki, Ukrayna uzaqvuran raketlərlə Rusiyanın dərinliklərinə zərbələr vurub, bu, 3-cü dünya müharibəsinin başlanması ola bilər. Bu açıqlama onu deməyə əsas verir ki, Tramp hakimiyyəti Rusiya ilə ortaq məxrəcə gəlməyə razılaşacaq. Və o zaman ABŞ gözlənildiyi kimi Ukraynanı qurban verəcək. Nəinki maliyyə azalmaları, silah-sursat təminatı və s. dəstək xeyli azalacaq. Tramp Ukraynanı məcbur edəcək ki, Rusiyaya güzəştlər etsin. Həmçinin Ukraynada prezident seçkiləri keçirilsə, Zelenskiyə Amerika dəstək verməyə bilər. Beləliklə də, Ukrayna alçaldıcı güzəştlərə məcbur ediləcək. Bayden hakimiyyəti Ukraynadan məqsədli şəkildə Rusiyanı zəiflətmək və iqtisadiyyatına böyük zərbə vurmaq və ən əsası sanksiyalara məruz qoymaq üçün istifadə etdi. Bütün hədəflərinə nail oldu. Tramp biznesmendir. O ömür boyu öyrəşib ki, pul qazansın. Və boş yerə Ukraynaya və Qərbə niyə pul xərcləsin? Trampın bu münasibətindən sonra təbii ki, Avropa dövlətləri də Rusiya ilə bütün əlaqələrini, xüsusən ticari əlaqələrini bərpa edəcək. Putinin ”SSRİ-2" bərpa etmək fikri ilə bağlı uzun illərdir ki, bu cür tezis yayırlar. Ancaq bunu mümkün hesab etmirəm. Əslində Amerika Qərbi, Avropa ölkələrini özündən asılı vəziyyətdə saxlamaq üçün, Rusiyanı “xoxan” kimi təqdim edir. Rusiya qorxusunu yaşadırlar. Ukrayna müharibəsindən öncə Amerika NATO-nun üzvü olan ölkələrindən istədiyi maliyyəni ala bilmirdi. Ancaq Rusiya Ukraynaya təcavüz edəndən sonra, Avropa ölkələri Amerikanın tələb etdiyi vəsaiti verdilər. O ki qaldı bunun Azərbaycana təsirinə, bu gün Putin üçün ən inamlı və etibarlı tərəfdaş Azərbaycandır, qardaş Türkiyədir. Bu ölkələrlə münasibətlərin korlanması Putinə qəti sərf etmir. Trampın Azərbaycanla münasibətinə gəldikdə isə xatırlatmaq istəyirəm ki, Azərbaycan 44 günlük Vətən müharibəsini həyata keçirəndə Amerikanın prezidenti Tramp idiE Cənab Prezident İlham Əliyev bu gün Azərbaycanın dövlət və milli maraqlarından çıxış edərək, həm Amerika, həm də Rusiya ilə normal, ikitərəfli əməkdaşlığın olmasının tərəfdarı olduğunu ortaya qoyub".(musavat.com)
Chosen
14
40
moderator.az

10Sources