EN

Berezutski: “Potensialımız avrokuboklara vəsiqə qazanmağa imkan verir”

“Sabah” Azərbaycan Premyer Liqasının XVI turunda doğma meydanda “Qarabağ”la 1:1 hesablı heç-heçə edib.

Msport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Çox ağır oyun oldu. Amma nəticəni normal hesab edirəm. Oyuna gəldikdə isə hələ çox işləməliyik. Heyətdə rotasiyalar etmişdik. Çünki, kubokda 120 dəqiqə ağır oyun keçirmişdik.

– Demək olar ki, dəyişikliklər edəndən sonra oyunun tempi yüksəldi?

– Bizim yorğunluğumuz ikinci hissədə özünü göstərirdi. Buna baxmayaraq, əks-hücumda fürsətlərimiz oldu. Onlardan istifadə etmək olardı. Bizim üçün nəticə yaxşıdır.

– Gözlədiyiniz “Qarabağ”ı gördünüz?

– Birinci hissədə biz rəqibdən daha yaxşı oynadıq. “Qarabağ”ın hücum potensialının qarşısını aldıq. Amma ikinci yarıda alışdığımız “Qarabağ”ı görə bildik. Onlar daha sürətli oynayırdılar, daha hərəkətli idilər.

– Komandanızın potensialı nəyə imkan verir?

– Futbolçuların potensialı avrokuboklara vəsiqə qazanmağa imkan verir. Bura gələndə vaxtımız az idi, 3-4 gündən bir oynayırdıq. Amma indi bir həftəlik vaxtımız var, normal hazırlaşa biləcəyik. Əlimizdən gələni edəcəyik ki, bizdən öndə olan komandalarla rəqabət aparaq.

– Boyan Letiçi sağ cinah yarımmüdafiəçisi mövqeyində oynadırsınız. Bunu qarşıdakı matçlarda da edəcəksiniz?

– Kubok matçından sonra rotasiyalar etmək istəyirdik. Bu gün o mövqedə Kahim Parris olmalı idi. Təəssüflər olsun ki, zədələndi. Letiç bu gün çov böyük iş gördü. Onun oyunundan razıyam.

Chosen
36
5
msport.az

9Sources