EN

“Birinci fakt ölkə, ikinci fakt jurnalistika adına ləkədir”

Əlbəttə, jurnalistika adına baş verən ən xırda hadisə biz – jurnalistlərin, bu sahə üzrə ixtisaslaşan QHT-lərin diqqətini çəkir. Elə məqamlar olur ki, bu diqqət həm də mövqe sərgiləməyə, açıqlama verməyə çevrilir. Şüurundan mədəni yararlanmağı bacaran sadə şəxs belə, təmsil olunduğu sahədə yaşananlara biganə qala bilməz.

Kiçik xatırlatma: Noyabrın 21-də “Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barədə məhkəmə qərar çıxarıb. Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham olunan birinci şəxs barəsində 4, ikinci şəxs 3 ay 29 gün müddətinə həbs qətimkan tədbirinə məruz qalıb. Noyabrın 23-də bu iş üzrə “Abzas Media” saytının direktor müavini Məhəmməd Kekalov da həbs edilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə M.Kekalov haqda 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O da iş yoldaşları kimi qaçaqmalçılıqda ittiham olunur.

Gəlin baxaq görək bu adamlar hansı malı qaçırtmaqda təqsirkar bilinirlər. “Report” saytı “Abzas Media” rəhbərliyinin xarici donor təşkilatları ilə gizli əməkdaşlığı ifşa olunub - EKSKLÜZİV ARAŞDIRMA” adlı yazı hazırlayıb.

Ümumiləşdirəndə məlum olur ki, həbs olunan bu şəxslər Azərbaycana qarşı hər dönəmdə qərəzli olan, küfr püskürən, dinc ölkələrdə çaxnaşmalar yaradaraq çirkin niyyətlərini gerçəkləşdirməyə çalışan, bəzən nail olan məşhur beynəlxalq təşkilatlardan qeyri-qanuni yolla külli miqdarda pul alıblar. Onların qaçırdaraq min bir “gizli” üsulla ölkəyə keçirdikləri mal puldur. Saytın araşdırmasına istinadən miqdarını yazaq: 113 910 avro və 210 794 ABŞ dolları həcmində vəsait. Bundan əlavə 210 468 ABŞ dolları və 77 815 avro məbləğdə ilkin layihələndirilmiş sənədlər aşkar edilib.

Pulları ödəyən qurumlar: “Praqa Vətəndaş Cəmiyyəti”, “İnternews”, “German Marşal Fondunun Regional Əməkdaşlıq üçün Qara Dəniz”, “Milli Demokratiya Fondu”, “People in Need”,  “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti”, Amerika Beynəlxalq Təhsil Şurası” “Freedom House” təşkilatları, Niderland Helsinki Komitəsi”, “Norveç Helsinki Komitəsi”, ABŞ-nin, “Almaniyanın və Fransanın Azərbaycandakı səfirlikləri.

Vəsaitlər Azərbaycanda heç bir məsul qurum tərəfindən qeydiyyata alınmayıb, qüvvədə olan qanunlarla tənzimlənməyib, prosedur tələblərə əməl olunmayıb. Pulların nağdlaşdırılması prosesini xüsusi şəbəkə həyata keçirib. Müxtəlif sosial platformalarda hesablar açılıb, qaçaqmalçılıq əməliyyatları hazırlanıb, tutulan şəxslərin özləri və qohumlarının adına xarici ölkə banklarında hesablar açılıb, ora qoyulan pullar bankomatlar vasitəsilə çıxarılaraq ölkəyə gətirilib. 

“Report” həmin pulların müqabilində hazırlanan layihələrin adlarını təqdim edir:  “Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyalara əməl etməsinin monitorinqi”, “Məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərarların araşdırılması”, “Araşdırılmamış 100 cinayət”, “Turizm və kənd təsərrüfatı sahələrində korrupsiyanın araşdırılması”, “Media haqqında qanunla bağlı vəkillik fəaliyyətinə dəstək”, “Media portalının müasir texniki vasitələrlə təchiz edilməsi” və sair oxşar başlıqlı mövzular.

Acı mənzərədir. Acılığa ağırlıq gətirən əsas iki məqam var:

1.Tutulan 3 nəfər Azərbaycan vətəndaşıdır.

2. Onları jurnalist kimi təqdim edirik.

Birinci fakt ölkə adına, ikinci fakt jurnalistika adına ləkədir. Ölkəmizə başucalığı gətirməyən halları pisləmək hər birimizin vətəndaş borcudur. Jurnalistikanın nüfuzuna dəyən zərbənin qarşısına çıxmaq, bu peşəyə ömrünü peşəkarcasına və dövləti sədaqətlə həsr edənlərin məhz peşə etikası tələbidir.

Yeri gəlmişkən, “Abzas” həm də Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının demək olar bütün maddələrini pozub. Biz o maddələrdən birinə zidd addım atanda xəcalət çəkirik, üzr istəyirik, məsələn, hansısa media orqanının yazısına istinad etməyəndə həm həmkarlarımızın, həm də Mətbuat Şurasının qınağına tuş gəlirik. “Abzas” düşüb abzasa, bütün qaydaları pozaraq şütüyüb. “Media haqqında” qanuna görə Dövlət Reystrindən keçməyən media orqanları qanunsuz sahibkarlıqla məşğul olmuş sayılır. Qanunsuz sahibkar qanunsuz əməllər törətməyi özünün haqqı bilər. Dövlət baba haqqı nahaqdan ayırmaq üçündür. Babamdan bircə xahişim oldur ki, haqqında danışdığımız qanunsuz fəaliyyət göstərmiş şirkətin adını çəkəndə qarşısına “sayt” sözü qoymasın. Jurnalistika müqəddəs peşədir, “Abzas” adlı qeyri-qanuni fəaliyyət göstərən şirkətin əməlləri jurnalistikanın mübarizə apardığı hədəfdir, o hədəf qara dəliyə çevrilib bizi uda bilməz. Jurnalistikanın simvolik rəngi ağdır. Qara işlər cinayətkarlığın simvoludur.

Həmkarlarıma deyəcəklərim də var.

Millilik dövlətin – xalq, cəmiyyət və ölkənin yeganə istinad nötqəsidir. Beynəlxalq donorlar məhz milliliyə qarşı yürüşə başlayıblar,  elə milyon ildir. Dünyadakı buynuzların qazımaq istədiyi müstəqil ölkələrin milli kökləridir. Azərbaycanın milli donorları var. QHT Agentliyi və digər 14 rəsmi dövlət qurumu məhz problemlərin aşkara çıxarılması və həllinə nail olunması istiqamətində müsabiqələr elan edir. “Abzas”ın qaçırdaraq ölkəyə gətirdiyi yüzminlərlə pul vəsaitinə işğaldan azad olunan ərazilərdə yeni kəndlər salmaq olar. Onlara bu pulun, məsələn “Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyalara əməl etməsinin monitorinqi”ni aparmaq, yaxud, “Turizm və kənd təsərrüfatı sahələrində korrupsiyanın araşdırılması” layihələrini icra etmək üçün veriblərsə, o verənlər fil qulağında yatıblar. Azərbaycanın milli donorlarının, xüsusən də QHT Agentliyinin layihə mövzularına, müsabiqələrdə qalib gələn QHT-lərin gördüyü işlərə, aşkara çıxardığı problemin həllinə necə nail olduqlarına eləcə gözucu baxsalar, görərlər ki, “Abzas”ın o mövzuları bizim QHT-lərin layihləri ilə müqayisədə heç nöqtə deyil. Biz bu kimi layihələri məsələn, “Araşdırılmamış 100 cinayət” mövzusunu 15-20 minlik büdcə ilə cəmi 4 aya yüksək səviyyədə icra edirik. Yüzlərlə QHT göstərə bilərəm ki, layihəsi ilə minlərlə problemin həllinə nail olub. Hələ özümdən danışmıram.

Bir xatırlatmalı haşiyə:

Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi 2015-ci ildə “Diqqət Düşmən mətbuatıdır! adlı layihə həyata keçirirdi. Layihənin məqsədi ölkə mətbuatında dövlət və hərbi sirri açan, milli təhlükəsizliyimizə xələl yetirən, eləcə də düşmən mətbuatına istinadən yayılan təxribat xarakterli informasiyaların qarşısını almaq, media nümayəndələri və əsgərlər arasında maarifləndirmə işləri aparmaq, məlumatlandırıcı löhvələr hazırlayıb redaksiyalara, hərbi hissələrə təqdim etmək idi. Layihənin gedişatı zamanı “Böyük Britaniyanın Sülh və Müharibələrin İşıqlandırılması” İnstitutu layihəni “ifadə azadlığına qarşı fəaliyyət” kimi dəyərləndirən açıqlama yaydı. Açıqlamada iddia olunurdu ki, layihə “Azərbaycan və Ermənistan jurnalistləri arasında informasiya mübadiləsini təşkil etməyə qarşı” yönəlib.  İnstitut bir qədər də irəli gedərək layihənin dəstəkçisi olan Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını ölkədə senzura tətbiq olunmasına təkan verməkdə qınayırdı. Halbuki 1990-cı ildə qüvvəyə minmiş Böyük Britaniyanın Dövlət Sirri Haqqında Qanununun  1-ci, 2-ci, 5-ci və 6-cı maddələrinə görə münaqişə tərəfinin informasiyalarını yaymağa qarşı daha sərt tədbirlər nəzərdə tutulub.

Absurd və qərəzli düşüncələri ilə QHT layihəsini senzura kimi dəyərləndirənlər Ermənistan Nazirlər Kabinetinin 2020-ci il oktyabrın  8-də ölkə mətbuatında senzura tətbiq olunduğunu əks etdirən qərarın qarşısında susdular.

Qurtarın bu komediyanı. Müqəddəs peşəmizi “qaçaqmalçı”lıq nəfəsi ilə murdarlamayaq.

Ceyhun Musaoğlu 

Jurnalist Ekspert Mərkəzinin sədri

Chosen
815
50
qafqazinfo.az

10Sources