EN

Rusiya HTŞ ilə RAZILIĞA GƏLİR? – “Hərbi mövcudluğunu qoruyub saxlayacaq”

“Sovet dövründə xaricdəki hərbi bazalardan yalnız Suriyadakı obyektiv hərbi obyektlər qalırdı. 2000-ci ildən sonra Rusiya Suriyaya müdaxilə etdi və 2016-cı ildən etibarən həmin hərbi bazalar güclənməyə başladı. Bəşər Əsəd Rusiyaya imkan yaratdı ki, bu bazaları möhkəmləndirsin. Lakin son hadisələr zamanı Rusiya fəal mövqe nümayiş etdirmədi. Məsələn, “Heyət Təhrir əş-Şam” (HTŞ) bayrağının Moskvadakı səfirliyin binasının üzərinə asılmasına icazə verdi. Bu, dolayısı ilə həmin hərəkatın tanınması demək idi. HTŞ üzvləri isə Rusiya bazalarına hücum etmədilər”.

Bu sözləri Yenicag.az-la söhbətində Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib.

Analitik Suriyadakı Bəşər Əsəd rejimin devrilməsindən sonra HTŞ ilə Kreml arasında Rusiyanın Latakiya, Xmeymim və Tartusdakı hərbi bazalarının qalması ilə bağlı davam edən müzakirələrə münasibət bildirib.

S. Soltan əmindir ki, HTŞ-nin hakimiyyəti ələ keçirməsi və Bəşər Əsəd rejiminin süqutu böyük güclər arasında razılığın əldə edilməsi kimi qiymətləndirilir:

“Bu, həm də 2016-cı ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin icrası ilə bağlıdır. Həmin qətnaməyə Rusiya da lehinə səs vermişdi və keçid hökumətinin yaradılması nəzərdə tutulurdu. Bu isə Bəşər Əsədin hakimiyyətdən getməsi demək idi. Buna baxmayaraq, Rusiya bu məsələdə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasına razı deyil.

Son dövrlərdə isə Rusiyanın hərbi qüvvələrinin Suriyadan çıxarılması ilə bağlı müxtəlif məlumatlar yayılır. Lakin HTŞ rəhbəri Əhməd əş-Şaara (əl-Qolani) bildirib ki, Rusiya ilə münasibətləri pozmaq niyyətində deyillər. Rusiya isə 2016-cı ildən etibarən Suriyada post-Bəşər dövrünə dair fəaliyyətini davam etdirir. Rusiya Suriya müxalifəti ilə danışıqlar və ölkənin gələcəyi ilə bağlı müzakirələr də aparır. Bu məsələlər Suriyanın gələcək dövlət quruluşuna və bölgədəki güclərin maraqlarına təsir göstəri”.

Mütəxəssisin fikrincə, Rusiya təkcə Qərbin və İsrailin təsiri ilə Suriyanın gələcəyini formalaşdırmayacaq:

“Çin və İran kimi regional güclərin də maraqları nəzərə alınacaq. İranın əsas maraqları müqəddəs dini yerlərin qorunması və ticarət əlaqələrinin saxlanılmasıdır. İranın Suriyada hərbi baza saxlaması isə məntiqə uyğun görünmür. Çünki İran öz mövcudluğunu Bəşər Əsədin dəvəti ilə əsaslandırırdı. Eyni məntiqlə Rusiya da Suriyada Bəşər Əsədin dəvəti ilə mövcud idi. Əsəd hakimiyyətdən gedərsə, Rusiyanı orada kim saxlayacaq? Fikrimcə, Rusiya hazırkı şəraitdə bazalarını tamamilə çıxarmayacaq. Yalnız hərbi kontingentin sayını azalda və gələcəkdə Suriyanın yeni hakimiyyəti ilə müzakirələr apara bilər. Odur ki, Rusiya yaxın dövrdə bəzi silah-sursat və hərbi texnikanı çıxarsa da, ölkədə müəyyən qədər hərbi mövcudluğunu qoruyub saxlayacaq. Rusiya Bəşər Əsədin süqutunda iştirak etdiyi üçün orada müəyyən bir pay, yəni bazalarının azaldılmış kontingentlə saxlanılması hüququ əldə edə bilər”.

Rafi Müslümov

Chosen
28
48
yenicag.az

10Sources