EN

Qərb Gürcüstana təzyiqləri artırır

"Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını dayandırmaq qərarını, həmçinin Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsini bəhanə edən Qərb Gürcüstandakı əlaltılarından istifadə etməklə ölkədə iğtişaşlar törətməkdə davam edir. Aksiyalarda Qərb ölkələrində təhsil almış və ya təhsilini Qərbdə davam etdirmək istəyənlər də fəallıq göstərirlər.

Bütün bunlar azmış kimi, Qərb dekabrın 14-də "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasından olan keçmiş parlament üzvü, sabiq futbolçu Mixeil Kavelaşvilinin ümumxalq səsverməsi ilə deyil, 300 nəfərdən ibarət xüsusi kollegiya vasitəsilə  Gürcüstanın Prezidenti seçilməsini də ittihamlara əlavə edərək bu ölkəyə qarşı sanksiyaları, təzyiqlərı daha da sərtləşdirib. Hətta Aİ Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimi dayandırmaq qərarına gəlib. Sözügedən qurum bu addımı ilə guya gürcü xalqının yanında olduğunu nümayiş etdirib. Baş nazir İrakli Kobaxidze bunu gürcü cəmiyyətində Avropa strukturlarına olan etimadı sarsıdan anti-Gürcüstan addım kimi dəyərləndirib: “Bu cür qərarların nəticəsidir ki, Gürcüstan cəmiyyətinin qavrayışında Avropa strukturları daimi devalvasiya yaşayır və bu, ciddi problemdir”.

Yeni seçilmiş Prezident isə bu kimi məsələlərə belə reaksiya verib: “Dəyərlərindən və adət-ənənələrindən imtina edərək Gürcüstanın hər hansı bir təşkilata qoşulmasının mənası yoxdur. Əgər bizim dəyərlərimiz və xarakterimiz, mədəniyyətimiz, dilimiz, inancımız, vətəni müdafiəmiz olmasaydı, hansısa təşkilata qoşulmağın nə mənası olardı? Biz Avropa İttifaqına olduğumuz kimi üzv olmaq istəyirik, inteqrasiyadan imtina etmirik”. O, Gürcüstanın istənilən mövzuda müzakirəyə hazır olduğunu, lakin Qərbin müzakirə etmək istəyini hiss etmədiyini, yalnız tənqidlə məşğul olduğunu sözlərinə əlavə edib.

Yeri gəlmişkən qeyd edək ki, yeni Prezidentin andiçmə mərasimi dekabrın 29-da olacaq. Onun sələfi Salome Zurabişvili isə müxalifət kimi seçkinin nəticəsini legitim saymır və postunu xoşluqla tərk etməyəcəyini bildirib. Bununla da Zurabişvili ölkədə vəziyyəti daha da gərginləşdirmək, daha doğrusu, qarşıdurmanı pik həddinə çatdırmaq niyyətindədir. Siyasətçilərin fikrincə, amma Fransa vətəndaşı olan, Makronun maraqlarına xidmət edən Zurabişvilinin niyyəti baş tutmayacaq. Çünki mitinqlərə qatılan, lakin vəziyyəti dəyişə bilməyən bu xanım sabiq Prezident kimi nə etsə heç bir nəticə hasil  olmayacaq. 

ABŞ da yaxın həftələrdə Gürcüstana əlavə sanksiyalar tətbiq etmək niyyətindədir. Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib. O, həmçinin vurğulayıb ki, ötən həftə ABŞ administrasiyası Gürcüstanda yüksək rütbəli məmurlar və qanunvericilər də daxil olmaqla 20-yə yaxın şəxsə viza məhdudiyyəti tətbiq edib: “Siz bizim reaksiyamızı necə sərtləşdirdiyimizi gördünüz və biz əlavə sanksiyalar da daxil olmaqla, reaksiyamızı sərtləşdirməyə davam edəcəyik. Bu sanksiyaların konkret nədən ibarət olacağını deməyəcəyəm. Amma bəli, səlahiyyət müddətimiz bitməmiş Gürcüstan hökumətinə qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”.

 Xatırlaqaq ki, noyabrın 30-da Dövlət Departamenti ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını bəyan edib. Xarici qüvvələrin diktəsi ilə hərəkət edən Litva və Estoniya da  Gürcüstan hökumətinin bir qrup nümayəndəsinə,  o cümlədən Baş nazirə, hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi barədə qərar qəbul edib.

Bu arada Avropa Şurasının Baş katibi Alen Berse  Gürcüstana rəsmi səfərə gəlib. Səfər çərçivəsində onun Gürcüstanın Baş naziri İrakli Kobaхidze, parlament sədri Şalva Papuaşvili, yeni seçilmiş Prezident Miхeil Kavelaşvili və xarici işlər naziri  Maka Boçorişvili ilə görüşəcəyi gözlənilir. Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Alen Berse işğal xəttinə bitişik kəndlərə baş çəkəcək, orada mövcud vəziyyətlə yerindəcə tanış olacaq. Avropa Şurası Baş katibinin Gürcüstana rəsmi səfəri dekabrın 21-də başa çatacaq.

Bir sözlə, Qərb bütün imkanlarından istifadə edərək "rəngli inqilab"ı reallaşdıra, Ukrayna aqibəti yaşada bilmədiyi Gürcüstana sözün həqiqi mənasında ikinci cəbhə açıb. Hakimiyyət isə gürcü xalqının onlara göstərdiyi etimada sona qədər sədaqət nümayiş etdirməkdə, mövqelərindən geri çəkilməməkdə qərarlıdır. Hətta Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, biz artıq dördüncü inqilab cəhdinin qarşısını almışıq, dörd siyasi partiya və 10-dan çox varlı QHT xarici havadarlarının köməyinə baxmayaraq 800-dən çox adamı etiraz aksiyasına çıxara bilmədi, bunu bacarmazlar da:  “Bununla da italyanlıların dediyi kimi, “komediya bitdi”.  Bu mənada bu gün real görünən odur ki, öz istəklərini Gürcüstana diktə edə bilməyən Qərb bu ölkədə, ümumilikdə Cənubi Qafqazda məğlub duruma düşüb. Elə hadisələrin gedişatı da bunu göstərir. Sadəcə, Qərb məğlubiyyətini etiraf etməyə əgər belə demək mümkünsə, özünə yaraşdırmır. Məhz elə bu səbəbdən belə addımlar atır.

Bəli, Cənubi Qafqaza sahiblənmək istəyən Qərb bu dəfə Gürcüstanın  xalq-iqtidar müqaviməti ilə üzləşib. Bununla da Gürcüstan Ermənistan kimi Qərbin köləsi olmaq istəmədiyini, Azərbaycan kimi xalqın maraqlarını üstün tutmağı nümayiş etdirir. Danılmaz faktdır ki, bu gün regionun taleyi Azərbaycan və Gürcüstandan birbaşa asılıdır.  Şübhəsiz, hər iki ölkənin bölgədə əməkdaşlığın, inkişafın tərəfdarı olmaları həm də Cənubi Qafqazda təhlükəsizliyə xidmət edir. Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Mixeil Kavelaşviliyə ünvanladığı təbrik məktubunda deyildiyi kimi,  Azərbaycan-Gürcüstan əlaqələrinin tarixən dostluq və mehriban qonşuluq möhkəm təməllər üzərində qurulmuş qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir: “İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik".

Qvami Məhəbbətoğlu, “İki sahil”

Chosen
26
48
ikisahil.az

10Sources