EN

Tovuzda məktəbdəki tüstülənməyə görə 55 nəfər xəstəxanaya çatdırılıb - YENİLƏNİB

Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə 55 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir.

11:57
Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobadakı tıxanma səbəbindən yaranan tüstülənmədə 20 nəfərə yaxın şagird özünü pis hiss edib.

Bu barədə "Report”un sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində tüstülənmənin genişlənməsinin qarşısı alınıb:

"Şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20 nəfərə yaxın şagird özünü pis hiss edib və təcili tibbi yardıma müraciət olunub. Onların səhhəti diqqət mərkəzində saxlanılır".

İdarədən bildirilib ki, hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

"Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", - deyə vurğulanıb.

11:39
Tovuz rayonu Aşağı Quşçu kənd orta məktəbində 15-dən çox şagird zəhərlənib.

Zərərçəkənlər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, şagirdlər sobanın tüstüsündən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.
 
 

Chosen
4
13
7news.az

10Sources