ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın ölkəsi ilə “birləşməsi” çağırışını yenidən dilə gətirib. Ağ Evin yeni sahibi qeyd edib ki, Kanadada bir çox insan 51-ci ştat olmaq ideyasını sevir. Bu bəyanatın ardınca D.Tramp öz “Truth” sosial şəbəkəsində Kanadanın ABŞ-yə birləşdiriləcəyi təqdirdə ölkənin necə görünəcəyinə dair xəritə dərc edib. Həmin xəritədə Kanada və ABŞ eyni rəngə boyanıb və üzərinə Amerika Birləşmiş Ştatları sözü yazılıb.
D.Trampın qənaətincə, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq. ABŞ-nin yeni prezidentinin Danimarka, Panama və Meksika ilə bağlı da oxşar mövqeyi var.
Maraqlıdır, D.Tramp yeni prezidentliyi dövründə bu istəklərini həyata keçirə biləcəkmi? Yoxsa bu çağırışlar sadəcə hədə-qorxudan, populist bəyanatlardan ibarətdir?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Qasımov bildirib ki, D.Trampın ABŞ kimi bir supergüc dövlətin başçısı olması gözardı edilərsə, onun bu kimi bəyanatlarının ciddiliyini şübhə altına almaq olar.
Siyasi şərhçinin sözlərinə görə, D.Trampın bu kimi bəyanatlar verməsinin özü bəs edir ki, bir-birilərinə qarşı torpaq iddiası olan ölkələr bunu ciddi qəbul etsin: “Əslində Trampın fikrində ciddi olduğunu hesab edirəm. Amma bu o demək deyildir ki, ABŞ həmin ərazilərə ordu yeridəcək və müharibə yolu ilə buna nail olacaq. Hesab edirəm ki, əvvəla bu, həmin ərazilərin insanları üçün maraqlı və cazibədar haldır, eyni zamanda, ABŞ vətəndaşı olmaq böyük ehtimalla onlar üçün da yaxşı olacaq. Bu baxımdan Trampın sakit yollarla buna nail olması ehtimalı mümkündür. Təbii ki, Tramp bu bəyanatlarla, fikrimcə, nəbz də yoxlayır. Cavab reaksiyasını öyrənmək istəyir. Nəzəri olaraq dörd illik hakimiyyəti dövründə Trampın bu iddialarının həyata keçirmək istəyi mümkün deyil, amma ən azı Kanada məsələsini reallaşdıra bilər”.
A.Qasımov söyləyib ki, D.Trampın bu planlarının hansısa birinin həyata keçirilməsi dünya üçün böyük kataklizmlər, təhlükələr vəd edir: “Dünyada qarşılıqlı ərazi iddiaları olan ölkələr arasında müharibələr başlayar ki, bu da dünyanın xaosa sürüklənməsi anlamına gəlir. Yeni dünya düzəninin formalaşması isə əslində bu kimi problemlər həll olunmayınca mümkün görünmür. Dünyanın bir-biri ilə hesabları olan ölkələri münasibətlərini aydınlaşdırmayınca planetimiz sakit bir yer olmayacaq. Bunun üçün isə müharibələr baş verməlidir”.
Nailə QASIMOVA