EN

"300 min azərbaycanlının qayıdış hüququ təmin edilməlidir" - Millət vəkili yazır

Ermənistandan qovulmuş azərbaycanlıların tarixi yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Bu məqsəd üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur.

 Məlumdur ki, Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımılarından böyük əziyyət çəkib. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə yalnız ermənilər yaşayırlar. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.

300 min azərbaycanlının qayıdış hüququ təmin edilməlidir

Yeri gəlmişkən, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziyalara müsahibəsində bu mövzuya toxunub və bildirib ki, Ermənistandan 1980-ci illərin sonunda - 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlı var. Amma əvvəlki deportasiyaları nəzərə alsaq, bu göstərici daha çoxdur. Qərbi Azərbaycan İcması dogma yurdlarına qayıdışla bağlı  Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Lakin rəsmi İrəvan bu müraciətə hələ də cavab verməyib. Prezidentimizin  dediyi kimi, Paşinyan İcmanın nümayəndələrini qəbul edib, onları dinləməlidir.

Amma biz görürük ki, Ermənistanda bu mövzu “narahatlıqla” izlənilir. Çünki artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı beynəlxalq platformalarda müzakirə predmetinə çevrilib. Azərbaycanın 44 günlük müharibədə öz ərazilərini işğaldan azad etməsi, müharibənin qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına  əngəl törədir. Ona görə də, qarşılıqlı etimadın yaradılması üçün Qərbi azərbaycanlıların qayıdışı mühüm şərtdir. Bu amil cəmiyyətlər arasında gerçək sülh mühitinin formalaşmasında ictimai konsensusun əhəmiyyətini ifadə edir. 

Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu inkar etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının dialoq təklifinə qarşı çıxması qəbulolunmazdır. 

Ermənistan niyə narahatdır?

Görünən odur ki, Qərbi azərbaycanlıların qayıdışı məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanı ciddi tarahat edir. Əgər belə olmasaydı, bu ölkənin rəsmilərində, həm də erməni cəmiyyətinin müxtəlif nümayəndələrində bu  mövzu təşviş yaratmazdı. Amma onların nə deməsindən asılı olmayaraq, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı mütləq gerçəkləşməlidir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçəsi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlar qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiq edir.

Nəzərə almaq lazımdır ki, Qərbi azərbaycanlılar “Ermənistan Respublikası” adlanan ölkədən zorla qovulduqları üçün onun  konstitusion çərçivəsinin və milli və hüquqi xarakterinin formalaşması prosesində iştirak imkanından məhrum ediliblər. Təəssüf ki, belə bir işğalçı, azərbaycanlıları öz yurdlarından zorla qovan dövlət BMT-nin üzvüdür. Ermənistanın BMT-nin Nizamnaməsi daxil olmaqla müvafiq beynəlxalq hüquqi sənədlərə qoşulmuş olması bu ölkənin üzərinə onun ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq daxil olmaqla onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur.

Deportasiya o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur

Beynəlxalq hüquq Ermənistandan qovulmuş azərbaycanlıların doğma yurlarına qayıdışına təminat verir. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb. Ona görə də, Ermənistan azərbaycanlı icmasının bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etməlidir. Bütün bunların reallaşması üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoqa başlanmalıdır.

Milli Məclisin deputatı Samir Vəliyev

Chosen
26
50
unikal.az

10Sources