EN

Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının 53-cü iclasının Bakı şəhərində keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Dünyada təhlükəsizlik və geosiyasi cəhətdən bir sıra köklü dəyişikliklərin baş verdiyi, bəzi ölkələrdə yeni münaqişə ocaqlarının yarandığı, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, dini ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi hallarının artdığı bir zamanda göstərilən istiqamətlərdə təcrübə və fikir mübadiləsi aparmaq, eləcə də MDB dövlətlərinin bu kimi hallara qarşı birgə mübarizə üsullarının mexanizmini hazırlamaq olduqca vacib idi.

Bu tədbir xüsusilə də ölkəmizdə təhlükəsizliyə və sabitliyə əsas təhdidlərdən sayılan, Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri barədə dolğun məlumatın çatdırlması baxımından da əhəmiyyətli oldu: “Prezident İlham Əliyev öz çıxışında ermənilərin ərazilərimizə köçürülməsindən tutmuş, antiterror tədbirlərindən sonrakı vəziyyətə qədər bütün tarixi çox incə detallarına qədər çatdırmış oldu və MDB-nin baş kəşfiyyatçılarına önəmli faktları xatırlatdı. 1805-ci il Kürəkçay müqaviləsinə toxunan ölkə başçısı, həmin müqavilənin Azərbaycan tərəfindən Qarabağ xanı İbrahim Xəlil xanın Rusiya tərəfindən isə çar generalı Sisianovun imzaladığını xatırladaraq müqavilədə erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma olmadığını bildirdi. Bununla da Prezident təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinə məlumat verməklə yanaşı, həm də Kürəkçay ətrafında manipulyasiya edənlərə də ciddi mesaj vermiş oldu. Belə ki, bəzi rus və erməni tarixçiləri bu müqavilə ətrafında uzun illər ərzində manipulyasiya edərək real faktları saxtalaşdırmağa cəhdlər ediblər. Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır. Kürəkçay sülh müqaviləsindən sonra Azərbaycan xanlıqları ilə Rusiya arasında digər Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının da Rusiyanın tərkibinə daxil olduğu daha iki – 1813-cü ildə Gülüstan sülh müqaviləsi və 1828-ci ildə Türkmənçay müqaviləsi olub”.
Ermənistanın atdığı addımlar və sərgilədiyi mövqe onların hələ də sülhə hazır olmadığını göstərir: “Prezident çıxışında XIX əsrdə erməni əhalisinin İrandan və Şərqi Anadoludan Azərbaycan ərazilərinə kütləvi köçü ilə bağlı da faktları açıqladı ki, bu da iştirakçı dövlətlərin təhlükəsizlik orqanları rəhbərlərinin ermənilərin bizim torpaqlara yad olduğunu bilmələri baxımından olduqca əhəmiyyətli oldu. İlham Prezident həmçinin ərazilərimizin işğalı, otuz il ərzində beynəlxalq birliyin bu təcavüzə səssiz yanaşması, BMT qətnamələrinin icra olunmaması və buna görə Ermənistana hər hansı təzyiq edilmədiyi, eləcə də bu illər ərzində ATƏT Minsk Qrupunun fəaliyyətsizliyi ilə bağlı da ətraflı məlumat verdi. İkinci Qarabağ savaşı və imzalanan üçtərəfli bəyanatdan sonra Ermənistanın davranışlarına toxunan ölkə başçısı bildirdi ki, rəsmi İrəvan kağız üzərində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də əslində əməldə hər şeyin əksini edir. Həqiqətən də Ermənistan istər anti-terror əməliyyatlarına qədər olan dövrdə, istərsə də ondan sonrakı dövrdə bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsinə baxmayaraq atdığı addımlar və sərgilədiyi mövqe onların hələ də sülhə hazır olmadığını göstərir”.
Ermənistanın məhz bu cür davranışları Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı: “Nəticədə bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Və xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan istər İkinci Qarabağ müharibəsində, istərsə də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Cənab Prezident də çıxışında bu məqama toxunaraq Azərbaycanın humanitar normalara necə riayət etməsinə beynəlxalq ekspertlərin də şahid olduğunu bildirdi. Azad edilmiş ərazilərdə iki dəfə səfərdə olan BMT missiyası öz hesabatlarında bütün humanitar normalara əməl olunduğunu xüsusi olaraq qeyd edib. Amma nəticədə nə görürük. Yenə də ermənilərin və onların havadarlarının Azərbaycana qarşı iyrənc təxribatları və apardıqları yalançı kampaniyanı. Prezidentin də qeyd etdiyi kimi “bu məsələdə əsas skripkanı çalan Fransadır”. Sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Nəyin bahasına olursa olsun Cənubi Qafqaza soxulmaq istəyən Fransa bu istəyini reallaşdırmaq üçün bütün çirkin vasitələrdən istifadə edir. Afrikadan qovulan, beynəlxalq birlikdə nüfuzdan düşmüş, özünün daxili məsələlərini həll etməkdə belə aciz olan Fransa müxtəlif təxribatlarla ölkəmizə qarşı kampaniya aparmaqda davam edir”.
Fransanın sərgilədiyi destruktiv mövqe uzun illər ərzində davam etsə də 2020-ci ildən etibarən daha çirkin xarakter alıb: “Cənab Prezident öz çıxışında haqlı olaraq bildirdi ki, Fransanın ölkəmizin beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Prezident çıxışında digər bir vacib məsələyə Ermənistanın sülh danışıqlarında yayınma cəhdlərinə də toxundu və bildirdi ki, Ermənistanın baş naziri 6 saata Qranadaya uçduğu halda 2-3 saata Bişkekə uça bilmirsə, mühüm işləri olduğu bəhanəsi ilə çıxış edirsə demək ki, o, sülh istəmir. Prezidentin bu açıqlaması Paşinyan hakimiyyətinin regional sülh prosesi ilə bağlı tutduğu manipulyativ mövqeyə sarsıdıcı zərbə oldu desəm yəqin ki, səhv etmərəm. Çünki Azərbaycan lideri çox dəqiq məntiqi yanaşmayla, faktiki olaraq, müxtəlif bəhanələr icad edib, zirvə toplantısından yayınan erməni baş nazirin ifşasına nail oldu.

Zərinə Hümbətova
ADPU, YAP üzvü

Chosen
386
38
ulusal.az

10Sources