EN

Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nə mane olur? - TƏHLİL

Məlum olduğu kimi, Türkiyə və Ermənistan arasındakı sərhədlər 1993-cü ilin aprelində Kəlbəcərin işğal edilməsindən sonra bağlanıb. 30 ilə yaxın dövrdə qardaş Türkiyə hər zaman sərhədlərin açılması və İrəvanın təcriddən çıxa bilməsi üçün yürütdüyü işğalçılıq siyasətindən əl çəkməli olduğunu dəfələrlə bəyan edib. II Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən və torpaqların işğaldan azad olunmasından sonra Ankara sərhədlərin açılmasına hazır olduğunu elan etdi.

 

Tərəflər qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin etdilər - Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubinyanı. Moskvada, Vyanada, Türkiyə-Ermənistan sərhədində görüşlər keçirildi. Üstəlik, 2009-cu ildə Sürix protokollarının imzalanmasını əhatə edən uğursuz normallaşma təşəbbüsündən fərqli olaraq budəfəki prosesə rəsmi Bakı da kifayət qədər isti yanaşır. Lakin nədənsə hazırda proses o qədər də sürətli getmir. Buna mane olan, sərhədlərin açılmasını ləngidən faktorlar nələrdir?

 

Yada salaq ki, cari ilin əvvəlində Türkiyədə baş verən zəlzələdən sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfəri oldu. Həmçinin İrəvan qlobal trendə qoşularaq Türkiyəyə humanitar yardım və xilasedici qrup da göndərdi. Bu yardımın qəbulu üçün sərhəd 35 ildən sonra simvolik olaraq açıldı. "Zəlzələ diplomatiyası" adlandırılan bu hadisə 2009-cu ildəki "Futbol diplomatiyası" ilə müqayisə olundu. Paralellərin oxşar aqibəti yaşamaması üçün nələrə ehtiyac var?

 

Mütləq vurğulamaq lazımdır ki, normallaşma prosesinin ləngiməsinin və Türkiyə-Ermənistan sərhədlərinin açılmasının gecikməsinin bütün məsuliyyəti birmənalı şəkildə İrəvanın üzərindədir. Türkiyə rəsmiləri müxtəlif səviyyələrdə dəfələrlə Ermənistana sülh əli uzadıldığını bəyan ediblər. Prosesin uğurlu davam etməsi üçün Ankara tərəfdən xeyli jest olunub. Bu jestlərin ən böyüyü şübhəsiz ki, qondarma soyqırımı iddiaları, ərazi və təzminata işarə edən söhbətlərə baxmayaraq prosesə start verilməsinə razılaşmaqdır.

 

Ermənistan isə uzun illər sərhədlərin açılması üçün işğalçılıqdan öz xoşu ilə əl çəkib Azərbaycan torpaqlarını boşaltmadığı kimi, Bakının bunu hərb yolu ilə realizə etməsindən sonra da bir sıra destruktiv yanaşmalarını davam etdirir. Doğrudur, bu yanaşmaların çoxu Türkiyə ilə münasibətlərin normallaşmasına isti yanaşan Paşinyan hakimiyyətinə sələflərindən miras qalıb, amma hər halda hələlik onlardan tam imtina olunmayıb. Ermənistan Konstitusiyasına, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına nəzər yetirmək bəsdir.

 

Fotoda: Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın zəlzələdən sonra Türkiyəyə səfəri zamanı sabiq XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşündən

 

Ermənistan baş naziri hakimiyyətinin beşinci ilində olmasına, müharibədən isə 3 il ötməsinə baxmayaraq Türkiyəyə ərazi iddiaları ehtiva edən bu normativ-hüquqi aktlarda heç bir dəyişiklik olunmayıb. Yenidən 2009-cu ildəki normallaşma prosesinin uğursuz nümunəsinə nəzər yetirsək, Ermənistanın Konstitusiya Məhkəməsi Ankara ilə imzalanan protokolları anti-konstitusion elan etmişdi. Eyni konstitusiyanın qüvvədə olduğu bir vaxt oxşar hadisənin təkrarlanmayacağına kim zəmanət verə bilər?

 

Yəni Ermənistan konstitusiyasındakı bu irridentist müddəalar Ankaranı qəzəbləndirməklə yanaşı, ölkənin öz daxilində də hüquqi mübahisələr doğurmaq potensialını qoruyur. Bu, hansısa xarici qüvvənin prosesə mane olmağa cəhd etmək istəməsi halında "yaxşı fürsətlər" və "münbit şərait" yaradır. Təkrar 2009-cu illə paralel aparsaq, Rusiyanın müxtəlif vasitələrdən istifadə etdiyi kimi, hüquqi mexanizmlər yolu ilə də təsir etdiyini xatırlamaq olar. Qısası, başlıca əngəllərdən biri Ermənistanın əsas qanunudur.

 

Türkiyə-Ermənistan sərhədlərinin açılmasına digər bir maneə isə İrəvanın Ankara və Bakı tərəfindən tələb edilən Zəngəzur dəhlizinə olan münasibətidir. Ermənistan tərəfi "dəhliz" məntiqinə qarşı olduğunu bəyan edərək Zəngəzur dəhlizinin açılmasını 3 ilə yaxındır ki, yubatmaqdadır. Digər bir məqam isə İrəvanın Parislə sıx şəkildə yaxınlaşması, regiona yad ölkə olan Fransanı Cənubi Qafqaza dartıb gətirməyə can atmasıdır. Fransa ilə Türkiyə Afrikada güclənməkdən tutmuş, Ankaranın Aİ üzvlüyü məsələsinə qədər ziddiyyətlər yaşayır.

 

Belə olan şəraitdə, İrəvan yürütdüyü siyasətin Türkiyə tərəfini məmnun etmədiyini bilməmiş deyil. Türkiyə-Ermənistan sərhədlərinin açılmasına digər əngəl isə erməni diasporudur. Türklərə nifrəti həyat və fəaliyyətinin mənasına çevirən bu güruh hər zaman ABŞ-da, Avropada və digər mərkəzlərdə Türkiyə əleyhinə lobbiçilik siyasəti aparmaqla bərabər, həm də İrəvana maliyyə yardımlarının kəsilməsi təhdidi ilə Ankaraya yaxınlaşmamaq ultimatumu göndərib.

 

Görünən odur ki, bir sıra mühüm əngəllər var. Lakin onu da qeyd etmək lazımdır ki, qarşılıqlı siyasi iradə mövcud olarsa, sərhədlərin açılması da, normallaşma prosesi də bütün maneələri dəf edə bilər. Türkiyədə sözügedən iradə mövcuddur. Hər nə qədər kövrək olsa da, Paşinyan Ermənistanında da bunun müəyyən işartılarını optimizm xətrinə müşahidə etmək olar... Türkiyənin regionda güclənməsi, Cənubi Qafqazdakı təsir rıçaqlarını artırması həm bütövlükdə bölgənin, həm də Azərbaycanın maraqları ilə səsləşir.

 

Modern Təhlil və Araşdırma Qrupu

Chosen
564
24
modern.az

10Sources