2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçivəsində iyulun 24-də “dəyirmi masa” keçirilib.
MSK-nın müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı əsasında gerçəkləşdirilən layihə cəmiyyətdəki aktiv mövqeyi, məqsədyönlü fəaliyyətləri günbəgün güclənən Azərbaycan qadınlarının qarşıdan gələn seçkilərdə fəallıqlarının daha da yüksəldilməsi üçün yaradılan geniş və hərtərəfli imkanların müzakirəsinə həsr olunub.
Tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn müxtəlif layihələrin qadınların seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, məlumatlılığının artırılması, eyni zamanda, fəallığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O ölkəmizdə keçirilən seçkilərdə qadınların rolunun çox böyük olduğunu, həmçinin seçicilərimizin çoxunun qadınlar olduğunu bildirib. Seçkilərdə fəallığı baxımından gözə görünməyən, amma effektli olanlar da qadınlardır.
Artıq yeni bir Azərbaycanda yaşadığımızı qeyd edən MSK sədri deyib: “Azərbaycan 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə bu xalqın, yenilməz Ordumuzun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu dövrdə yaşamağımız bizə nəsib olan çox böyük bir xoşbəxtlikdir. Azərbaycan yüz illərdir arzu etdiyi, həsrətində olduğu halların reallaşdığını görür. Ona görə çalışmalıyıq ki, bizə aid olan sahələrdə öz fəaliyyətimizi həmin standartlar üzərində quraq. Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra artıq ikinci dəfə seçki keçirəcək. Birincisi fevral ayında keçirilən prezident seçkiləri idi. Biz onu “Zəfər seçkisi” adlandırırdıq. Mən hesab edirəm ki, o, prezident seçkiləri ilə bağlı Zəfər seçkiləri idi, bu isə Milli Məclisə seçkilər baxımından Zəfər seçkisi olmalıdır”.
Dəyirmi masada çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, istər qadın, istər kişi olaraq biz, ilk növbədə, hüquqlarımızı bilməliyik. Hər bir Azərbaycan vətəndaşının ölkənin ictimai-siyasi həyatında, bütün səviyyələrdə bərabər şəkildə iştirak hüququ var. Bu hüquqdan bərabər istifadə edək, bərabər iştirak edək və təmsil olunaq. Eyni zamanda, nəticələrə məsuliyyətlə cavabdehlik daşıyaq.
Komitə sədri deyib ki, bizim bu qəbildən olan məlumatlandırma kampaniyalarımızın məqsədi bu bərabərliyi təmin etməkdir. Biz bütün demokratik ölkələrin əksəriyyətindən əvvəl qadınlara seçmək və seçilmək hüququ vermişik. Keçdiyimiz inkişaf yolu, əldə etdiyimiz nailiyyətlər bizi o həddə gətirib çıxarıb ki, biz kişilərdən öndə olmalı deyil, onlarla çiyin-çiyinə, bərabər şəkildə qurduğumuz bu dövlətə töhfələrimizi verməliyik, bərabər iştirak etməliyik, bərabər cavabdehlik daşımalıyıq.
Sonra “dəyirmi masa”nın gündəliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təmsilçilərinin təqdimatları dinlənilib. İştirakçılar seçki hüququnun konstitusion əsasları, onun təmin edilməsi və həyata keçirilməsi formaları, eləcə də Milli Məclisə seçkilərdə qadınların fəallıqlarını daha da artırması üçün imkanlar barədə ətraflı məlumatlandırılıb.
Tədbirdə Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərləri və digər təmsilçiləri ilə yanaşı, qadın məsələləri üzrə təşkilatlar, vətəndaş cəmiyyəti institutları və ictimai birliklərin nümayəndələri iştirak ediblər.