AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
3 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
3 sentyabr 1991-ci il müstəqil Azərbaycanın qurtuluş tarixinin başlandığı gündür:
Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçilib. Bununla da, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyulub.
Ümummilli Liderin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə idi. Dünyanın iki nəhəng dövlətindən biri kimi tanınan Sovet İttifaqının rəhbərlərindən biri olmuş, uzun illər Azərbaycan Respublikasına bacarıqla rəhbərlik etmiş Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisəsi, xalqımızın itməkdə olan ümidlərinin dirçəlməsi və gələcəyə inamının artması baxımından möhtəşəm dönüş idi.
3 sentyabr 1931-ci ildə Xalq rəssamı, professor Oqtay Şıxəliyev Bakıda doğulub:
Müxtəlif janrlarda əsərlər yaradıb, Azərbaycanın ilk professional monumentalist rəssamlarından biridir. Tabloları Fransada, Almaniyada şəxsi kolleksiyalarda saxlanılır.
3 sentyabr 2021-ci ildə Xalq rəssamı, heykəltəraş Arif Qazıyev vəfat edib:
O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.
3 sentyabr 1951-ci ildə görkəmli aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Nuri Bakıda anadan olub:
O, Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında, kinoda (“Yol əhvalatı”, “Tənha narın nağılı”, “Yaramaz”, “Bəyin oğurlanması”, “Qətl günü”) yaddaqalan obrazlar yaradıb.