RU

Məşhur şirniyyat mağazasında təmizliyə riayət olunmur?

“Bakının məşhur şirniyyat şəbəkəsi olan “Ləzzət Kulinariya”nın mətbəxinin bu qədər natəmiz olması məni çox təəccübləndirdi”.

Bu şikayətlə “Qafqazinfo”ya şirniyyat mağazasının keçmiş işçisi müraciət edib. 

Adının gizli qalmasını istəyən şikayətçinin iddiasına görə, “Ləzzət Kulinariya”da heç bir qayda-qanuna əməl olunmur: “Mən ora iş üçün müraciət etdim. Getdiyim ilk gündən orada necə natəmizliyin olduğunu gördüm. İşçiləri rəsmi qaydada işə götürmürlər. Bununla yanaşı, heç bir işçi əlcəklə işləmir, hətta kremi bişirən zaman barmaqları ilə ağızda dadırlar”.

Yayılmış iddialarla bağlı “Ləzzət Kulinariya” ilə əlaqə saxladıq. Şirniyyat şəbəkəsinin saytımıza açıqlaması isə belə oldu: “Bu tip hallarla dəfələrlə rastlaşmışıq, bizə adi gəlir. İşçilərimizin hansı şəraitdə işlədiyini bura gəlib görə bilərsiniz. İddialar əsassızdır”.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, müraciətdə qeyd olunan ictimai iaşə obyektində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb: “Yoxlama zamanı “Ləzzət Group” şirniyyat evində sanitar-gigiyenik normaların tələblərinin pozulduğu müəyyən edilməyib. Sahibkara istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri bir daha izah edilib.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən ölkəyə idxal olunan, həmçinin ölkədə istehsal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür. Məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir və Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir.

Aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və götürülən nümunələr laborator müayinələrə cəlb olunur. Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə, qanunamüvafiq tədbirlər görülür.

Qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003-Çağrı Mərkəzi”nə məlumat verilə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək”.

Fidan Etibar 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
84
2
qafqazinfo.az

3Источники