RU

Kitab oxumağın faydaları və dünyada ən çox kitab oxuyan ÖLKƏLƏR - ARAŞDIRMA

Bu gün bir çox ölkədə Dünya Kitab Oxuma Günü kimi qeyd olunur.

 

Sfera.az bildirir ki, günün qeyd olunması 1852-ci il 6 sentyabrda Mançesterdə ilk pulsuz kitabxananın fəaliyyətə başlaması ilə bağlıdır. 

 

Texnologiyanın inkişaf etməsi ilə əlçatanlığın yüksəlməsi onlayn şəkildə kitab oxumağa üstünlük verənlərin sayını artırıb. Ancaq bütün bunlara baxmayaraq, ənənəvi şəkildə kitab oxuyanlar da az deyil. Alimlər hesab edirlər ki, kitab oxumaq insanlar üçün olduqca faydalıdır. 

 

Bəs hər gün ən azı 10 səhifə kitab oxumağın sağlamlığımıza nə kimi faydaları var?

 

1. Yaddaşı gücləndirir. Beyin mərkəzlərinin aktivliyini artırır və düşünmə, təfəkkür və yaradıcılığı stimullaşdırır. 

 

2. Depressiyadan xilas edir. Bu xəstəlikdən əziyyət çəkən şəxslər çarpayını toplamaq, saçını daramaq kimi gündəlik işləri görməyə belə özlərində güc və həvəs tapa bilmirlər. Maraqlı bir kitabı hər gün oxumaq insana yenidən “bacarmaq” hissini aşılayır və bu problemdən qurtulmağa kömək edir.

 

3. Stressi azaldır. 2009-cu ildə ABŞ-nin Sasseks universitetində aparılan araşdırmaların nəticəsi göstərir ki, kitab oxumaq stressi azaldır. Gərgin bir iş günü keçirirsinizsə, əlinizə bir kitab alın və oxumağa başlayın.

 

4. Yuxusuzluğu aradan qaldırır. Bu o demək deyil ki, yuxunuz gəlməyəndə yatmaq üçün kitab oxumalısınız. Əksinə, bir gün yox, davamlı kitab oxumaq əsəbləri sakitləşdirir və yuxu rejimini qaydaya salır.

 

5. Beyni gücləndirir. Necə ki, uzun müddət idmanla məşğul olan insanların bədəni möhkəm olur, yeni hərəkətləri asanlıqla icra edirlər, kitab oxumaq da beynimizdə müxtəlif nevroloji cığırlar açır, yeni məlumatları daha tez qavrayırıq.

 

6. Dil və imla qabiliyyətini yaxşılaşdırır. Kitab oxumaq dil qabiliyyətinizi və imla qaydalarına əməl etmək bacarığınızı artırır.

 

7. Biliyi və informasiyanı zənginləşdirir. Kitablar dünyanın ən yaxşı informasiya və bilik mənbəyidir. Kitab oxuyaraq yeni şeylər öyrənib özünüzü informasiya və bilik baxımından zənginləşdirə bilərsiniz.

 

Bir çox “kitab qurdları” bu günü qeyd etmək üçün mütaliəyə zaman ayırırlar.

 

İndi isə dünyada ən çox kitab oxunan ölkələrə nəzər salaq:

 

Dünyada ən çox kitab oxunan ilk 10 ölkə sırasında Asiyadan 6, Avropadan isə 4 ölkə yer alıb. Böyük Britaniyada yerləşən Dünya Mədəniyyəti Xalları İndeksindən tərtib edilən məlumatlara görə, dünyada ən çox kitab oxunan ölkə Hindistan, müvafiq olaraq Tayland və Çindir. Statistika vətəndaşların həftədə kitab oxumağa sərf etdiyi orta vaxta əsaslanır. Çap kitabları ilə yanaşı, qəzetlər, jurnallar və onlayn yazılı məzmun kimi oxuna bilən hər cür material da reytinqə daxildir. Hindistanda hər bir insan həftədə orta hesabla 10 saat 42 dəqiqə kitab oxuyur. Taylandda adambaşına həftədə kitab oxuma vaxtı 9 saat 24 dəqiqə olduğu halda, üçüncü yerdə olan Çində insanlar buna həftədə 8 saat ayırır.

 

Siyahıda ən çox kitab oxunan digər ölkələr Filippin (7 saat 36 dəqiqə), Misir (7 saat 30 dəqiqə), Çexiya (7 saat 24 dəqiqə), İsveç (7 saat 6 dəqiqə), Fransa (6 saat 54 dəqiqə), Macarıstan (6 saat 48 dəqiqə) və Səudiyyə Ərəbistanı (6 saat 48 dəqiqə) olub. Türkiyə həftədə ortalama 5 saat 54 dəqiqə oxuma vaxtı ilə siyahıda 18-ci yerdədir.

 

Qeyd edək ki, Azərbaycanda son illərdə kitab satışında müşahidə olunan azalma davam edir. Kitab satışında azalma son 5 ilin müqayisəsində daha çox nəzərə çarpır. 2019-cu ildə 34,1 milyon manat dəyərində kitab satıldığı halda, 2023-cü ildə bu göstərici 19,5 milyona düşüb. Son 5 ildə kitab satışında azalma 14,6 milyon manat, yəni 43 faiz olub. Həmçinin statistik məlumatlarda kitab satışının miqdarının ifadəsi olmamasına baxmayaraq, qiymətlərin artması fonunda satış dövriyyəsini azalması onu göstərir ki, Azərbaycanda kitablara tələb xeyli azalıb. Eyni zamanda, ölkəmizdə kitabla yanaşı, son 5 ildə qəzet və jurnalların satışı 3 dəfə azalıb. Statistikaya görə, qarşıdakı illərdə kitab dövriyyəsinin bir qədər də kiçilməsi mümkündür.

Gəlin tək bu gün yox, hər gün kitab oxuyaq!

 

Firuzə Əliyeva

Избранный
142
10
sfera.az

10Источники