Ali məktəblərə qəbul prosesi başa çatdıqdan sonra universitetlərə qəbul olan tələbələr üçün harada yaşayacaqları əsas problemə çevrilir.
Bu məqsədlə tələbələr ya qəbul olduqları universitetin yataqxanalarına, ya da kirayə evlərə üz tuturlar. Son illər isə bir sıra universitetlərin yataqxanası tələbələrin ehiyacını ödəyə bilmir. Bu gün niyə tələbələrin bir çoxu yaşamağa yer axtarışındadır, universitetlərin yataqxanasında vəziyyət necədir?
Hazırda ən çox tələbənin təhsil aldığı ali təhsil ocaqlarından biri Bakı Dövlət Universitetidir. Məsələ ilə bağlı BDU-dan “Cebheinfo.az”-a bildirilib ki, 2024-2025-ci tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) ilkin olaraq 5608 nəfər qəbul olub:
“BDU-nun Tələbə Evi 220 nəfərlikdir. Ən son, modern təmir olunmuş tələbə evidir. Bütün zəruri şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Bir nəfər üçün qiymət 75 manatdır. Yeni yataqxananın inşaası istiqamətində də dövlət-özəl əməkdaşlıq çərçivəsində müzakirələr gedir”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova bildirib ki, universitetin yataqxanasında məcburi köçkünlər məskunaıblar:
“Hələ ki, köçürülməyiblər. Ümumilikdə universitetdə tələbə sayı 20 min nəfərin üzərindədir. Təəssüf ki, tələbələri hələ də yataqxana ilə təmin edə bilmirik. Ancaq məcburi köçkünlər köçürüldükdən sonra mümkün olacaq”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev bildirib ki, bu ali təhsil ocağı ölkədə ən böyük yataqxana kompleksinə sahib olan universitetlərdən biri olub:
“Təəssüflər olsun ki, 1990-cı illərin əvvəllərində məcburi köçkünlərimiz yataqxana və bu kimi tikililərdə məskunlaşdılar. O cümlədən də Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxana kompleksində də onlar məskunlaşıblar.
Kompleksin 5 binasından 4-ü məcburi köçkünlərin ixtiyarında olub. Yalnız 1 bina bir neçə il sonra universitetə qaytarıldı və biz onu əsaslı şəkildə təmir edərək tələbələrin ixtiyarına verdik. Hazırda 400-ə yaxın tələbəmizi orada yerləşdirə bilirik. Orada həm qız, həm oğlan, həm də əcnəbi tələbələrimiz yerləşdirilib. Seçim zamanı ən çox ehtiyacı olan tələbələr nəzərə alınır. Bizim ixtiyarımızda olan yataqxanada tələbələrimiz üçün zəruri olan bütün şərait yaradılıb.
Fasiləsiz internet xidməti, 24 saat mühafizə, istixana, isti-soyuq su, yeməkxana, istirahət mərkəzi yüksək şəkildə təmin olunub. Biz universitet olaraq istəyirik ki, yataqxanalarımız tam gücü ilə tələbələrimizə xidmət eləsin. Lakin təəssüflər olsun ki, hər binada 10-a yaxın məcburi köçkün ailəsi yaşayır.
Bununla bağlı müvafiq icra hakimiyyəti orqanlarına, Qaçın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə məlumat verilib. Həmin vətəndaşlarla dəfələrlə söhbətlər aparılıb. Sevindirici haldır ki, ərazilərimiz işğaldan azad olunub və məcburi köçkünlər mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar.
Biz də düşünürük ki, yaxın gələcəkdə bizim yataqxana kompleksində yaşayan məcburi köçkünlərimiz də öz ata-baba yurdlarına köçürüləndə yataqxana kompleksi tamamilə boşalacaq və biz onu əsaslı şəkildə təmir edərək, yaxud da yenidən quraraq tələbələrimizin ixtiyarına verək. Onu da qeyd edim ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti Elm və Təhsil Nazirliyi ilə birlikdə hazırda yataqxana kompleksinin əsaslı şəkildə təmiri və yenidən qurulması üçün maliyyə arayışındadır”.
O da vurğulanıb ki, yataqxanada ödəniş 50 manat-minimum məbləğdir:
“Bu ödəniş yataqxananın təsərrüfat xərclərinin qarşılanması üçün sərf olunur. Orada işçilər saxlanılır, istixana, elektrik, internet, mühafizə xidməti var və yığılan maliyyəni təsərrüfat xərclərinə sərf etmək olur.
Təbii ki, toplanan 50 manat qarşılığında yataqxananı saxlamaq mümkün deyil. Universitetin büdcəsindən dotasiya ayrılır və o maliyyə əsasında saxlanılır. Qeyd edim ki, oradakı tələbələrimizin 20 faizi ödənişsiz qalır. Onlar sosial və həssas qrupa daxil olan tələbələr, sosial iqtisadi vəziyyəti aşağı olan ailələrin övladlarıdır.
Onlar ərizə ilə universitet rəhbərliyinə müraciət edirlər, ödəniş qabiliyyətinin aşağı, yaxud olmadığını bildirirlər. Bundan başqa, müharibə veteranlarımız, şəhid ailələrinin övladları var. Eləcə də təhsildə müvəffəqiyyət göstəricisi yüksək olan, lakin sosial-iqtisadi vəziyyəti aşağı olan tələbələrimiz var. Onlar ödənişdən azad olunurlar.
Ümumilikdə universitetdə 11 minə yaxın tələbəmiz var. Onların təxminən 60-65 faizi regionlardan olan tələbələrdir və onların Bakı və ətraf ərazilərdən fərqli olaraq yataqxanaya ehtiyacı çox böyükdür. Bizə yataqxanada qalmaq üçün minlərlə müraciət var. Təəssüflər olsun ki, biz onları yerləşdirə bilmirik. Yataqxanalarımız uzun illər məcburi köçkünlərin istismarında olub. Artıq onların özləri üçün həmin binalarda yaşamaq təhlükəlidir. Biz universitet olaraq məsuliyyətimizi bilirik. Qəzalı vəziyyətdə olan binalarda tələbələrimizi yerləşdirə bilmərik. Biz oranı əsaslı şəkildə yenidən quracağıq və ya təmir edəcəyik, tələbələrimizin ixtiyarına verəcəyik. Bu, universitetimizin yaxın gələcək üçün ən böyük prioritetlərindən biridir”.