RU

Separatçı canilər üzərində Bakı prosesi Ermənistanın sülh siyasətinə necə təsir göstərəcək...

Image

Akif Nağı: “...Məhkəmənin gedişi Ermənistanın mövqeyinə elə də ciddi təsir göstərməyəcək”

Qarabağ separatçıları ilə bağlı aparılan təhqiqat yekunlaşıb və materiallar tezliklə məhkəməyə göndəriləcək. Bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində “NEWS.ru” nəşrinə müsahibəsində bildirib.

Baş prokuror deyib: “Cinayət işində həm müttəhimlərin, həm də zərərçəkənlərin materialları ilə tanış oluruq. Bilirsiniz, bu cinayət işində çoxlu sayda zərərçəkən var. Bütün istintaq tədbirlərinin aparılmasından sonra cinayət işi beynəlxalq normalara və Azərbaycanın cinayət-hüquq qanunvericiliyinə uyğun şəkildə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”.

Separatçıların üzərində başlayacaq məhkəmə prosesinin sülh sazişinin imzalanmasına, Ermənistanla normallaşma prosesinə, sərhədlərin delimitasiyası və demarkasiyasına, bir sözlə, bu ölkə ilə münasibətlərimiz çərçivəsində danışıqlara necə təsir göstərəcək? Danışıqları sürətləndirəcək, yoxsa dayandıracaq? Ümumiyyətlə, məhkəmə prosesi Ermənistanın bu danışıqlarda iştirakını aqressivləşdirə bilərmi? Ya Ermənistan daha da normal siyasət aparacaq? Prosesə necə təsir edəcək?

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan heç kəsin fikrindən, Ermənistanın mövqeyindən asılı olmayaraq  öz ölkəsinin ərazisində ədalətli məhkəmə prosesini həyata keçirir, o cümlədən də hərbi canilərin üzərində məhkəmə prosesi həyata keçirilməlidir. “Xeyli vaxtdır tədqiqat, istintaq işləri aparılır, belə görünür ki, kifayət qədər material toplanıb. O materialların əsasında da məhkəmədə konkret olaraq onların hər birinin işinə baxılacaq və cəzaları veriləcək. Heç kəsin heç bir təsir imkanları yoxdur. Bilirsiz ki, istintaq işləri gedən dövrdə, xüsusən də Vardanyanla bağlı Azərbaycana təsir etməyə cəhd göstərildi, müxtəlif müraciətlər vardı, aksiyalar keçirdilər, bizə böhtanlar atırdılar ki, guya onlara təzyiq var, saxlanma şəraitləri uyğun deyil. Amma Azərbaycan bu cür təhdidlərin, təsir etmə cəhdlərinin hamsının qarşısında dayandı. İndi məhkəmə olacaq, böyük ehtimalla məhkəmə prosesi açıq şəkildə keçiriləcək, şahidlər var, əlimizdə kifayət qədər faktlar var. Onların əsasında məhkəmə prosesi baş tutacaq. Heç kəs məhkəmənin qərəzli olacağını iddia edə bilməz. Digər tərəfdən, bu prosesin Ermənistanla Azərbaycan  arasında gedən danışıqlara, normallaşma prosesinə necə təsir göstərməsi məsələsinə gəlincə, Ermənistan bu canilərin Azərbaycana verilməsində müqavimət göstərmədi, belə deyək, həmin adamların bizə təhvil verilməsində iştirak etdi. Dəqiq bilmirik ki, o canilər hansı şəraitdə saxlanılıb, Bakıya gətirilib. Amma hər halda, bu prosesdə Ermənistan tərəfi də iştirak etməmiş deyildi. Ermənistan da başa düşür ki, onlar canidirlər və onların üzərində məhkəmə prosesi aparılmalıdır. Hesab edirəm ki, Ermənistan özü o prosesin içində olubsa, onların saxlanılıb Bakıya gətirilməsində iştirak edibsə məhkəmənin gedişi Ermənistanın mövqeyinə elə də ciddi təsir göstərməyəcək. Ermənisan Azərbaycanla hansısa diqtə və təzyiq dilində danışa bilməz. İndiyə qədər də Ermənistan rəhbərliyi tərəfindən Azərbaycana hərbi canilərlə bağlı elə bir müraciət olmayıb. Əksinə, bu yaxınlarda Paşinyan açıqlamalarının birində Vardanyanla bağlı münasibətini bildirdi ki, o, Rusiya vətəndaşı olub, Rusiya tərəfindən Qarabağa göndərilib. Sözündən belə çıxdı ki, Ermənistan rəhbərliyi Vardanyanı müdafiə etmək fikrindən uzaqdır. Faktiki olaraq Paşinyan Vardanyanla bağlı Ermənistanın hər hansı bir öhdəliyinin olmadığını dilə gətirdi. Digərləri ilə bağlı da məsələ eynidir. Bilirsiz ki, Ermənistan rəhbərliyində Qarabağda fəaliyyət göstərmiş hərbi canilərə, separatçı rejimin rəhbərlərinə hansısa bir formada dəstək vermirlər və onları yaddan çıxarmağa çalışırlar.

Sentyabrın 2-də onlar özlərinin hansısa dırnaqarası günlərini qeyd edirdilər. Paşinyan tərəfindən bu barədə heç bir açıqlama olmadı. Deyək ki, müəyyən siyasi divident qazanmaq istəyən qüvvələr nəyisə ortaya qoymağa çalışdılar, sonuncu “liderləri” Şahmaranyan açıqlamalar verdi ki, guya ermənilər ora qayıtmaq istəyir, onların qayıdışı təmin olunmalıdır və sair. Ermənistan rəhbərliyinin “Qarabağ prosesi”, ermənilərin orada qurduqları oyunlar çevrilmiş səhifədir, yəni Ermənistan rəhbərliyi bu mövqedən yanaşır. Ona görə də, canilərlə bağlı Ermənistanın elə bir iddiası olmayacaq. 

Danışıqların vəziyyətinə gəlincə, deyim ki, onsuz da danışıqlar elə də sürətlə getmir. Hesab edirəm ki, məhkəmə prosesinin danışıqların vəziyyətinə hər hansı bir təsir göstərəcəyi gözlənilən deyil”.

A.Nağının sözlərinə görə, danışıqlar prosesində Ermənistanın tutduğu mövqe bəllidir. A.Nağıya görə, ola bilsin, Ermənistan hökumətinə təsir göstərmək üçün daxildə hansısa aksiyalar təşkil edilsin, Paşinyan da oynamağı xoşladığından əlinə bəhanə keçsin, “cəmiyyətdə narazılıq var” və sair desin. “Amma bütövlükdə inanmıram ki, Ermənistanın mövqeyinə, orda gedən proseslərə bu məhkəmə prosesi ciddi təsir göstərsin, o cümlədən də Ermənistan və Azərbaycan arasında gedən danışıqlara. Yəni Ermənistan cəmiyyəti bu hərbi canilərlə maraqlanmır, bu fikir geniş mənada ortadadır. Çünki bundan əvvəl bir neçə məhkəmə prosesi olub, müəyyən adamlarla bağlı qərar çıxarılıb. Səhv etmirəmsə,  Vaqif Xaçaturyana 15 il cəza verildi. Onunla bağlı da Ermənistan cəmiyyətinin ciddi bir reaksiyası olmadı, rəhbərlik də, başqa qüvvələr də buna münasibət bildirmədi. Eyni proses davam edəcək. Bu səbəbdən də, fikrimcə, bu məhkəmə prosesinin başlanması Ermənistana da bir siqnal olacaq ki, oyunbazlıqdan əl çəksin, normal, sivil siyasətlə məşğul olsun. Bilsinlər ki, Azərbaycan rəhbərliyi, Azərbaycan hüquq-mühafizə orqanları məsələyə ciddi şəkildə yanaşır, qanun müstəvisində yanaşır. Qanun müstəvisində yanaşdığına görə özləri üçün nəticə çıxarmalıdırlar ki, onlar da normal siyasətlə məşğul olmalıdırlar və Ermənistan rəhbərliyi populizmdən uzaqlaşmalıdır. Bu məhkəmə prosesi bu mənada onlara bir mesaj göndərməlidir. Bütüövlükdə hesab edirəm ki, bunun proseslərin gedişinə o qədər də təsiri olmayacaq. Amma bu məhkəmə prosesi Azərbaycanın haqlı olduğunu, öz mövqeyində davamlılığını bir daha göstərək. Yəni heç bir təzyiqə baxmayıb öz işindədir, normallaşmada da, sülh müqaviləsinin imzalanmasında da Azərbaycan öz mövqeyindən çıxış edir, kimlərinsə heç bir təsir etmək imkanı yoxdur. Bu bir göstərici olacaq ki, Azərbaycan istər hərbi canilər üzərində məhkəmələrin qurulmasında, istərsə də sülh müqaviləsinin imzalanmasında, danışıqlar prosesində öz sərbəst xəttini yeridir və hər kəs də, o cümlədən Ermənistan da Azərbaycanın bu mövqeyini birmənalı olaraq qəbul etməlidir” - deyə A.Nağı bildirdi. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
95
17
baki-xeber.com

10Источники