Astana, 8 sentyabr, AZƏRTAC
5-ci Dünya Köçəri Oyunları çərçivəsində Astanada "Köçərilər Dünyası" etnoaulunun açılışı olub.
AZƏRTAC-ın məlumatına görə, paytaxt sakinləri və qonaqları köçərilərin özünəməxsus mədəniyyəti ilə tanış ola bilərlər.
Etnoaul bir neçə zona üzrə təşkil edilib: mərkəzi meydan, xalq musiqisi üçün çadır, açıq səma altında köçəri sivilizasiyalar muzeyi, idman tədbirləri, milli mətbəx, əsas səhnə, regionların etnoməskənləri.
Etnoaul ərazisində Şərq bazarı təşkil edilib. Ölkənin iki yüzdən çox sənətkarı öz məhsullarını təqdim edir. Ərazidə konsert proqramları və idman tədbirləri təşkil olunub. Konsert proqramında tanınmış incəsənət xadimləri və yerli estrada ulduzları iştirak edirlər.
Qeyd edək ki, 8-13 sentyabr tarixlərində keçiriləcək Dünya Köçəri Oyunlarında 89 ölkədən təxminən 2800 idmançı iştirak edəcək. Yarışlar çərçivəsində 21 idman növü üzrə 97 dəst medal uğrunda mübarizə aparılacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana