“Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland “şəhərlilər”in İngiltərə Premyer Liqasında “Brentford”la oyununu buraxa bilər.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Erlinqin doğulduğu gündən sıx münasibətdə olduğu, yaxın dostu, futbolçunun atası Alfi Halandın toyunda sağdış olmuş İvar Eqqya dünyasını dəyişib. Erlinq mərhum İvarı əmisi hesab edirdi. İvar Erlinqin yaxın çevrəsinin bir hissəsi idi. İvar 2022-ci ilin yayında Halandın “Mançester Siti” oyunçusu kimi təqdimat mərasimində iştirak edib və eyni zamanda Erlinqi “Qızıl top” mərasimində müşayiət edib.
Bildirilir ki, “Mançeser Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola Erlinq Halandın qarşıdakı oyunda iştirak etməməsinə icazə versə də, yekun qərarı norveçli futbolçunun öhdəsinə buraxıb.
“Mançester Siti” “Brentford”u bu gün, sentyabrın 14-də qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başalayacaq.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 7 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 102 oyun, 97 qol, 14 məhsuldar ötürmə.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. “Qolçu vikinq” yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.
Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 35 oyuna 32 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı dörd futbolçusundan biri olduğu deməkdir.