La Liqanın “Jirona” ilə 5-ci tur səfər oyununda (4:1) zədələnmiş, “Barselona”nın ispan yarımmüdafiəçisi Daniel Olmo haqda pis xəbər gəlib.
Arena.az “Barselona”nın mətbuat xidmətinə istinadən məlumat verir ki, Olmo sağ budunun ikibaşlı əzələsinin zədələnməsi nəticəsində dörd-beş həftə müddətinə yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, ilkin müayinə ispan futbolçunun qısa müddətə – 10 günlüyə sıradan çıxdığını təxmin etmişdi. Əsaslı müayinə isə xoşagəlməz nəticələr verib.
Xatırladaq ki, oyuna başlanğıc heyətində daxil olmuş ispan yarımmüdafiəçi 47-ci dəqiqədə qol vurub. Daha sonra Daniel zədələnib və 61-ci dəqiqədə Erik Qarsiya ilə əvəz edilb.
“Barselona” Olmonu 2024-cü ilin avqustunda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsi 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Olmo bu mövsüm “Barselona”nın heyətində 3 oyuna çıxıb, 3 qola imza atıb.
Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 40 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə verib.
Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.
Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı ispan hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.