Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə “geri dönməmə nöqtəsi”nə yaxın olduğunu deyib. Onun sözlərinə görə, İrəvan KTMT-də iştirakını dondurub, çünki bu struktur respublikanın suverenliyinə təhlükə yaradır. Məlumatı “Kommersant” verib.
Paşinyan ikinci dünya erməni sammitində çıxışı zamanı deyib: “Biz KTMT-yə üzvlüyümüzü təkcə ona görə dondurmamışıq ki, KTMT Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə öz öhdəliklərini yerinə yetirmir, həm də ona görə ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır”.
Onun sözlərinə görə, Ermənistan nə Rusiya, nə də Aİİ ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil. Amma Avropa İttifaqı (Aİ) ilə ticarət dövriyyəsini artıracaq. Əgər respublikanın hakimiyyət orqanları görsələr ki, Aİ-yə daxil olmaq üçün vaxt yetişib, bunu əldən verməyəcəklər.
P.ƏMİRCANOV
XQ