Yayımlandı: 1 Oktyabr 2024 14:16 Qaliblərə “Qızıl Nar”, xüsusi mükafat və diplomlar veriləcək Oktyabrın 4-dən 8-dək paytaxtda 15-ci Bakı Beynəlxalq Film Festivalı keçiriləcək. Bu barədə Gənc Kinematoqrafçılar Mərkəzinin məlumatında deyilir. Bildirilir ki, festival bu il Mədəniyyət Nazirliyi ilə Kino Agentliyinin təşəbbüsü ilə keçiriləcək “Baku Cinema Breeze Festival”ının (BCB) bir hissəsi olacaq. Tədbirdə 8-ci “DokuBaku” Beynəlxalq Film Festivalı, 7-ci ANIMAFİLM Beynəlxalq Animasiya Festivalı, “Cinemo” kimi digər festivallar da iştirak edir. Festivalın açılışı oktyabrın 5-də saat 19:00-da “Nizami” Kino Mərkəzində olacaq. Tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Bu il Festival çərçivəsində ümumilikdə 26 ölkəni (Almaniya, Fransa, İtaliya, İngiltərə, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Moldova, Xorvatiya, İran və digərləri) əhatə edən 79 film Nizami Kino Mərkəzində beş gün müddətində saat 11: 00-dan nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir. Festival bu ildən “Tammetrajlı filmlərin müsabiqəsi”ni keçirir. Beynəlxalq müsabiqə kateqoriyasında debüt tammetrajlı bədii və qısa filmlər yarışacaq. Festivalın “Yerli müsabiqə”sinə qısametrajlı bədii, sənədli filmlər və sosial çarxlar qəbul olunub. Müsabiqə çərçivəsində tələbələr ayrıca nominasiyada yarışacaqlar. Ümumilikdə yerli müsabiqədə 25 ekran əsəri yarışır. Bu il “Beynəlxalq debüt tammetrajlı bədii film müsabiqəsi”ndə yarışan filmləri Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Mehdiyev, əfqanıstanlı kinorejissor Siddiq Barmak, türkiyəli kinorejissor Mahmut Fazıl Coşkun qiymətləndirəcəklər. “Yerli müsabiqə”nin münsiflər heyətində kinorejissor Zaur Qasımlı, türkiyəli kinorejissor və prodüser Can Özbatur, teatr rejissoru İradə Gözəlova, kinorejissor, ssenarist Nəsimi Əliyev yer alır. Müəllifi olduğu filmlərlə nüfuzlu kinofestivallarda iştirak edən, Müstəqil İran Kinematoqrafçıları Assosiasiyanın təsisçilərindən olan kinorejissor İsmayıl Monsef, “İskusstvo kino” jurnalının daimi müəllifi və redaktoru Yevgeni Mayzel, Avropa Kino Akademiyasının üzvü rejissor Teymur Hacıyev isə “Beynəlxalq qısametrajlı film müsabiqəsi”ndə yarışan filmləri qiymətləndirəcəklər. “Asiya istedadları” müsabiqəsində finala çıxan filmləri Özbəkistanın kino üzrə ilk elmlər namizədi, Daşkənd VGİK-nin təsisçisi, kinematoqrafçı Eldar Yoldaşev və Türkiyədə bir çox film və seriallarda rol alan aktrisa Zümrə Ərtürk qiymətləndirəcək. Festivalın əsas mükafatı “Qızıl Nar”dır. Bununla yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim edir. Bakı Beynəlxalq Film Festivalının “British Council”la əməkdaşlığı nəticəsində hər il festival çərçivəsində “BAFTA” namizədlərinin xüsusi nümayişi keçirilir. Bu il festival çərçivəsində “TRT Sinema”nın müdiri Faruk Güvənin təqdimatı, “Birgə film istehsalı” mövzusunda fikir mübadiləsi, “Kömür” filminin Azərbaycan premyerası, həmçinin ustad dərsləri, yerli və xarici film nümayişlərindən sonra müəlliflərlə müzakirələri olacaq. Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis edilən festival əvvəlki illərdə “START” adı ilə fəaliyyət göstərib. Meydan TV
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта