RU

Ermənistan Rusiya üçün çox vacib 2 sənədə imza atmadı- rus sərhədçiləri Zəngəzurdan çıxdı...

Image

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya və keçmiş sovet respublikaları xarici işlər nazirlərinin Qərbin Moskvaya qarşı birtərəfli sanksiyalarını pisləyən və çoxqütblü beynəlxalq təhlükəsizlik nizamına çağıran birgə bəyanatları imzalamaqdan imtina edib. Birgə bəyanatlar Moskvada MDB ölkələri liderlərinin sammiti ərəfəsində qəbul olunub.

MDB Katibliyinin Minskdə mənzillənən mətbuat xidmətinin məlumatına görə, sənədlərdən birində adı çəkilməyən ölkələr və ya bloklar tərəfindən başqa ölkələrin siyasətini dəyişmək məqsədilə qoyulan birtərəfli məhdudiyyət tədbirləri pislənir. Sənəddə söhbət açıq şəkildə Rusiyadan getsə də, adı çəkilməyən həmin dövlətin aktivlərinin dondurulmasından və vətəndaşlarının sərbəst hərəkətinə məhdudiyyətlər qoyulmasından bəhs edilir. Rusiya xarici işlər naziri Sergey Lavrov MDB həmkarları ilə keçirilən görüşdən sonra bu sənədin əhəmiyyətini xüsusi vurğulayıb. O, Rusiyanın Ukraynaya təcavüzkar müharibəsi başlanandan bəri Moskva üzərinə qoyulmuş geniş Qərb sanksiyalarını pisləyib: “Birləşmiş Ştatlar və onun satellitləri sanksiyaları ikincili və üçüncülü qanunsuz dolayısı sanksiyalarla üçüncü ölkələrə tətbiq edirlər. Biz bu kriminal fəaliyyətin qarşısının necə alınmalı olduğunu bilirik”. Digər bəyanatda Avropada təhlükəsizliyin təmin edilməsi üçün əməkdaşlığın prinsiplərindən bəhs olunur. MDB Katibliyinin məlumatına görə, Qərb tərəfindən bu prosesdə bütün maraqlı ölkələrin bərabər iştirakının təmin olunmasının qarşısını alan tədbirlər tətbiq edilir. Daha bir bəyanat isə Avrasiya məkanında təhlükəsizliyin təmin edilməsi üçün əməkdaşlığın prinsipləri barədədir. Açıq şəkildə Qərbə ünvanlanmış bəyanatda deyilir ki, MDB ölkələri Avrasiyada inteqrasiya və bərabərhüquqlu proseslərin əngəllənməsinə yönəlmiş zorakı diqtəni pisləyirlər. Ermənistan bütün bu sənədlərin imzalanmasından imtina edib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Mirzoyan bəyanatlardan heç birini imzalmayıb. Mirzoyanın bu hərəkəti Ermənistan rəhbərliyi ilə Moskva arasında dərinləşən fikir ayrılığını və İrəvanın Qərbə reoriyentasiyasını bir daha nümayiş etdirir. Təhlilçilər bildirir ki, Rusiya rəsmiləri Cənubi Qafqazda gedən bu proseslərin mümkün ağır nəticələri barədə xəbərdarlıq ediblər. Bu arada diqqət çəkən daha bir məqam odur ki, Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindən çıxarılır. 2025-ci il yanvarın 1-dən Ermənistan-İran dövlət sərhədinin nəzarət-sərhəd məntəqəsində xidmət bütünlüklə Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının qüvvələri tərəfindən həyata keçiriləcək.  Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin Rusiya sərhədçilərinin 1 yanvar 2025-ci il tarixdən Ermənistan-İran sərhədinin buraxılış-yoxlama məntəqəsindən çıxarılmasına dair razılığa gəlindiyini elan ediblər. Bu razılaşmaya əsasən Ermənistan sərhədçiləri sərhəd-buraxılış məntəqəsində bütün fəaliyyəti öz üzərlərinə götürəcəklər. Bundan başqa, Ermənistan-Türkiyə sərhədinin mühafizəsində bundan sonra Rusiya hərbçiləri ilə yanaşı Ermənistan hərbçiləri də iştirak edəcək. Ermənistanın Türkiyə və İranla sərhədlərini onilliklərdir Rusiya hərbçiləri mühafizə edir. Moskva ilə əldə olunmuş bu razılaşma artıq may ayından bəri tətbiq olunur. Həmin vaxt Rusiya və Ermənistan liderləri qərara gəlmişdilər ki, Rusiya qüvvələri Ermənistanın müəyyən bölgələrindən tədricən çıxarılacaq, amma Türkiyə və İran sərhədi boyunca mövqelərində qalacaq. Lakin onların da tədricən çıxarılması gözləniləndir.

Proseslər göstərir ki, Ermənistan ərazisindəki Rusiya bazasını da çıxarmaq niyyətindədir. Ermənistan Rusiya üçün əvəzolunmaz strateji tərəfdaş deyil. Rusiyalı politoloq Maksim Şevçenko da bunu istisna etmir. Onun fikrincə, Rusiyanın Ermənistan ərazisində hərbi bazasını saxlamasının heç bir mənası yoxdur: “Oradakı hərbi baza Rusiyaya qətiyyən lazım deyil. O, yalnız problemlər yaradır və hər hansı bir təsirə malik olmağa imkan vermir”. Politoloq bunu Rusiya Federasiyasının region ölkələri ilə normal münasibətlər qurması ilə izah edərək, Moskva ilə Bakı arasında münasibətlərin xüsusi rolunu vurğulayıb: “Bizim Azərbaycanla iki prezident arasında şəxsi və hərtərəfli dialoqa əsaslanan əla münasibətlərimiz var”. Şevçenko bildirib ki, Ermənistanın qonşu dövlətlərlə münasibətlərin qurulması kontekstində Rusiya üçün rolunun nədən ibarət olduğunu başa düşmür: “Ermənistan ərazisindən heç bir marşrut keçmir, ona görə də mən Ermənistanın Rusiya üçün hansı strateji əhəmiyyətindən söhbət getdiyini anlamıram. Fransaya gəlincə, başa düşürəm ki, onlar Ermənistanda fransızyönümlü təbəqəyə arxayındırlar və Qafqazda sabitliyi pozurlar, Moskva isə əksinə, regionda vəziyyəti sabitləşdirməyə çalışır”.  Ekspert qeyd edib ki, Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması strateji vəzifədir. Onun sözlərinə görə, Ermənistan özünü hamının ona borclu olduğu bədbəxt kimi qələmə verməməli və regionda hamı ilə yola getməyi öyrənməlidir. Onu da qeyd edək ki, Ermənistan hakimiyyəti Qərb siyasi məkanına inteqrasiyada maraqlı olsa da, Rusiyanın əsas ticarət-iqtisadi tərəfdaşıdır və ölkənin enerji resurslarının əsas tədarükçüsüdür. Rusiya da bugünə qədər onun təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bütün bu səbəblər onu deməyə əsas verir ki, Moskvanın Ermənistana qarşı siyasi və iqtisadi təzyiq rıçaqları hələ də qalacaq. Bunların işə salınması isə Ermənistan üçün böyük fəlakətdir.

Samirə SƏFƏROVA





Избранный
30
50
baki-xeber.com

10Источники