RU

Tramp planetin ən zəngin adamını bu “yağlı tikə” ilə iştaha gətirib – İlginc iddia

ABŞ-da prezident seçkilərinə cəmi bir neçə gün qalır. Prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris kəskin rəqabət şəraitində mübarizəni davam etdirir. Keçirilən son rəy sorğuları hər iki namizədin qələbə şansının yüksək olduğunu göstərir.

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, seçkinin taleyini böyük ehtimalla “swing” ştatlardakı nəticələr müəyyən edəcək:

“Hazırda namizədlər yekun qələbə üçün əllərində olan bütün vasitələrdən və əlaqələrdən istifadə etməyə çalışır. Məsələn, milyarder-altivist İlon Mask artıq bir müddətdir ki,Trampın kampaniyasında aktiv rol oynamaqdadır. Mask böyük mitinqlərə qatılır, orada “atəşli” çıxışlar edir və xalqdan Tramp üçün dəstək istəyir. Bundan başqa İlon Mask Trampın seçki kampaniyasına ciddi həcmdə maliyyə dəstəyi verir. “Bloomberg”-in məlumatına görə, İlon Mask iyuldan sentyabra qədər Trampın rəhbərlik etdiyi Respublikaçılara dəstək üçün 75 milyon dollar ayırıb. Vəsait Mask tərəfindən yaradılan “The America PAC” adlı komitəyə göndərilib. Hazırda “The America PAC” sırf seçki prosesinə fokuslanıb və əsas fəaliyyət zonası “swing” ştatlardır. Qeyd olunanlardan əlavə İlon Mask oktyabr ayında Pensilvaniyada seçicilərlə görüşmək üçün bir neçə gün vaxt sərf etməli olub”.

Elvin Baxşalızadə

Siyasi şərhçi bu qədər ciddi dəstək və vaxt sərfiyyatının qarşılığında Trampın Maska hansı vədi verdiyinə belə aydınlıq gətirib:

“Bu barədə Tramp bir müddət əvvəl üstüörtülü şəkildə mediaya məlumat vermişdi. O, prezident seçiləcəyi təqdirdə Maskı yeni yaradılacaq- dövlət səmərəlilik komissiyasının başçısı təyin etməyə söz verib. İlkin məlumatlara görə bu orqana dövlətin fəaliyyətinin və maliyyələrinin tam auditini aparmaq səlahiyyətləri veriləcək. Ölkədə aparılması zəruri hesab olunan “radikal islahatlar” üçün tövsiyələr verəcək. Belə görünür ki, bu orqanın fövqəladə dərəcədə yüksək səlahiyyətləri olacaq. Bir neçə gün əvvəlki çıxışlarının birində isə, Mask Trampın prezident seçiləcəyi təqdirdə federal xərcləri minimum 2 trilyon dollar azalda biləcəyi ilə bağlı vəd verib. Fikrimcə, təkcə bu vədin özü Tramp-Mask tandeminin necə böyük və radikal dəyişikliklərə hazırlaşdığını ortaya qoyur.

Beləliklə, Mask özü üçün yaranmış bu fürsətdən maksimum yararlanmağı və böyük siyasətə daxil olmağı hədəfləyir. Seçki kampaniyasına sərf olunmuş 75 milyon dollarlıq maliyyə yardımı Maskın ümumi sərvəti ilə müqayisədə çox kiçik məbləğ sayılır. Məntiqlə doğru stavkadır. “Yağlı tikə” üçün qeyd olunan maliyyə itkisini gözə almaq olar. Tramp qalib gələcəyi halda isə İlon Mask müstəsna səlahiyyətlərə sahib “amerikan oliqarxına” çevriləcək.

Bu stavkanın əsas riski isə Kamala Harrisin qələbə ehtimalıdır. Xanım namizəd qalib gələrsə, Maskı hansı təhlükə gözləyə bilər ?

Trampa bu şəkildə açıq dəstək onun ABŞ-dakı bizneslərini müəyyən dərəcədə riskə ata bilər. Hansısa təzyiqlər ola bilər. Amma fikrimcə Harris planetin ən zəngin iş adamının üzərinə çox getməyəcək. Çünki İlonun ABŞ mərkəzli bir neçə qlobal layihəsi hazırda işlək vəziyyətdədir. Söhbət hazırda və yaxın gələcəkdə ABŞ-na böyük dividentlər və strateji üstünlük verə biləcək layihələrdən gedir. O layihələri dayandırmaq və Maskı “ürkütmək” ABŞ-a böyük itkilər yaşadar”.

Избранный
58
50
turkustan.az

10Источники