Abutalıb Səmədov: "Zurabişvilinin bu addımı yaxın vaxtlarda aydınlaşacaq və məlim olacaq ki, burada diqqətsizlik olub"
Salome Zurabişvili sosial şəbəkə hesabında yerli turizm şirkətinin reklam materialını yayarkən Ermənistanın şimal rayonlarını “tarixi Gürcüstan” adlandırıb.
Gürcüstan prezidenti sosial media hesabında Ermənistanın bəzi şimal rayonlarının, xüsusən Lori bölgəsinin “tarixi Gürcüstan” kimi göstərildiyi Gürcüstan turizm şirkətinin reklam materialını “repost” etməklə aşkar təxribata yol verib. Bunu "Sputnik Ermənistan"a Ermənistan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın keçmiş üzvü, Ermənistanın Sankt-Peterburqdakı keçmiş konsulu Vardan Akopyan deyib.
Ekspert, bir tərəfdən delimitasiya danışıqlarında Lori ərazisinin heç kim tərəfindən şübhə altına alınmadığını nəzərə alaraq, Zurabişvilinin hərəkətindən çaşqınlıq ifadə edib. Təbii ki, bir neçə kilometr ətrafında, sərhəd xəttini hansı ərazi boyunca çəkmək, erməni və ya gürcü fermerlərinin torpaq mülkiyyəti sərhədlərini pozmamaq barədə müzakirələr gedirdi. Ancaq şübhəsiz ki, məsələn, Sanahin monastır kompleksinin kimə məxsus olması müzakirə mövzusu olmayıb.
Zurabişvili erməniləri seçkidə karusel əməliyyatı (tarixi "erməni karuseli") aparmaqda günahlandırdı, indi də Lorini tarixi Gürcüstan adlandırıb. Amma Ermənistan buna ya reaksiya vermir, ya da çox yumşaq reaksiya verir, səbəb nə ola bilər?
Bir də ola bilərmi ki, Ermənistan Axalkalaki ermənilərinə müxalifətə qarşı qalxmağa dəstək versin, yenidən separatizmi aktivləşdirsinlər?
Məsələ barədə politoloq Abutalıb Səmədov bizimlə söhbətində dedi ki, Ermənistan və ermənilər daima qonşularına qarşi ərazi iddiaları irəli sürüblər, müxtəlif əraziləri özlərinin qədim torpaqları elan ediblər: "Təkcə bununla kifayətlənməyiblər, mədəni abidələri də, musiqi əsərlərini də, yeməkləri də, bir sözlə nəyi "özününküləşdirmək" mümkündürsə, hamısına iddia ediblər. İndi isə ermənilər gözləmədikləri bir hadisə ilə üzləşiblər. Gürcüstan prezidenti bir turist kompaniyasının reklamını yayıb və orada da Ermənistanın Lori vilayəti tarixi Gürcüstan torpağı elan edilib. Çox güman ki, hec Gürcüstan prezidenti bu məsələni axıra qədər dərk etməyib, məsələnin mahiyyətini bilmədiyindən belə bir material dərc edib. O, sadəcə düşünüb ki, Gürcüstanın turist kompaniyasını reklam edir. Əgər bilsəydi, mən inanmıram belə bir addım atardı. Çünki Gürcüstan prezidenti indiyə qədər bu cür bəyanatlar verməyib və bu cür mövqe sərgiləməyib. Birdən-birə, Gürcüstanda seçkilərin uduzulduğu bir vaxtda, müxalifətin seçkilərin nəticələrini tanımadığı, xarici dəstəyə ehtiyaci olduğu bir məqamda Gürcüstan prezidentinin bilərəkdən belə bir addım atmasi, güman edirəm ki, mümkün deyil.
Digər tərəfdən, Ermənistan hakimiyyəti maraqlı idi ki, Gürcüstanda müxalifət qalib gəlsin. Çünki Paşinyan Qərbə yaxınlaşmaq xətti tutub. Təbii olaraq, arzulayır ki, digər Cənubi Qafqaz ölkələri də eyni xətti tutsun - birlikdə Rusiyanın qarşısında dayanmaq mümkün olsun. Bu istiqamətdə Gürcüstanın böyük əhəmiyyəti var. Çünki Gürcüstan hamıdan əvvəl Qərb yönümlü siyasət yurutməyə başladı. Son aylara qədər Tiflus bu xətti davam eləyirdi, hərçənd, indi də o xətdən rəsmən imtina etməyib. Bu səbəbdən Salome Zurabişvilinin "karusel əməliyyatı" iddiası Ermənistan hakimiyyəti ilə əlaqədar deyil. Təbii ki, ermənilər seçkilərin saxtalaşdırılmsında iştirak ediblər və bunun necə baş verdiyini də Gürcüstan prezidenti açıq şəkildə bəyan edib. Araşdırmalar zamanı bəlli olub ki, bir erməni əsilli şəxsin şəxsiyyət vəsiqəsi ilə 17 dəfə səs verilib. Gürcüstan prezidentinin dediyinə görə, elektron səsverməyə də müdaxilələr olub.
Ermənistan Gürcüstan seçkilərinin nəticələrini özünün uğuru saymır, saya da bilməz. Ancaq eyni zamanda, reallıqla da hesablaşır və çox maraqlıdır ki, Macarıstanın baş naziri Orbandan sonra ikinci olaraq Gürcüstanın qalib partıyasını Nikol Paşinyan təbrik etdi. Lakin bütün hallarda Gurcüstanda baş tutan seçkilər Paşinyanın Ermənistanda mövqelərini möhkəmləndirmədi və onun arzuladığı nəticə olmadı.
Bütövlükdə bu maraqlı hadisədir - ermənilərə qarşı gürcülər tərəfindən belə bir iddianın səsləndirilməsi onları çox məyus edib. Amma yerinə düşən bir hadisədir ki, qoy ermənilər də görsün ki, başqalarının torpağına, mədəniyyətinə və digər dəyərlərinə iddia etmək, onu özününkülaşdirmək nə deməkdir.
Hesab edirəm ki, Zurabişvilinin bu addımı yaxın vaxtlarda aydınlaşacaq və məlim olacaq ki, burada diqqətsizlik olub. Çox güman ki, Ermənistan hakimiyyəti də bunu belə qəbul edir. Əks halda indi böyük hay-küy qoparmışdılar, bütün dunyanı Gürcüstanın üstünə qaldırmışdılar. Üstəlik, məqam da əlverişlidir, seçkilər sona çatıb, Gürcüstan müxalifəti məğlub olub, Qərbin dəstəyinə möhtacdır, belə bir vaxtda Ermənistan hakimiyyəti Gürcüstan prezidentinə və onu dəstəkləyən qüvvələrə hücum etməklə qalib partiyaya dəstək verərdi. Gələcəkdə Ermənistan hakimiyyəti bundan faydalana da bilərdi. Artıq seçkilər baş tutub, nəticələri ləğv etmək mümkün deyil, Gürcüstanın hakim partiyasi qalib gəlib. Ermənilər də həmişə reallıqlarla hesablaşıb, ondan faydalanmağa çalışıblar. Elə bu məqamdan da faydalanmağın ən qısa yolu Gürcüstan müxalifətinə hücum etməkdir. Bu məsələdə Gürcüstan prezidentinin son addımı yaxşi bəhanə ola bilərdi. Ancaq göründüyu kimi, Ermənistan hökuməti kifayət qədər səbrli davranır. Heç şübhə etmirəm ki, yaxın günlərdə bu məsələ aydınlaşacaq və Zurabişvilinin belə bir niyyəti olmadığı təsdiqlənəcək. Sadəcə olaraq diqqətsizlik nəticəsində belə bir hadisə baş verib. Çünki Zurabişvili kifayət qədər təcrübəli diplomatdır, uzun illərdir siyasətdədir, Fransada xarici işlər nazirliyində çalışıb. Belə bir adamın indiki məqamda - kifayət qədər gərgin dövrdə, özünün də çox ciddi problemləri olduğu halda ikinci cəbhə açmaq, erməniləri üstünə qaldirmaq bir siyasətçi üçün ağıllı addım sayıla bilməz. Mən inanmıram ki, Zurabişvili belə bir addımı bilərəkdən atmış olsun.
Bir şey aydındır ki, bu hadisə ermənilərin qonşu dövlətlərin ərazilərini, mədəni abidələrini özünüňküləşdirmək şakərinə son qoymayacaq. Yenə də ermənilər Tiflusi "erməni şəhəri" elan edəcəklər, yenə də "Cavaxetiya bizimdir" deyəcəklər - Gürcüstan ərazisindəki monastırların ermənilərin olduğu deyiləcək... Ermənilər bu fəaliyyətini əvvəlki şövqlə davam etdirəcək. Hərcənd ki, onların uzun illər apatdığı bu təbliğatın ermənilərə heç bir xeyri olmayıb. Əksinə, bu fəaliyyət ermənilərin son yüz ilin ən böyük məğlubiyyəti ilə üzləşməsinə gətirib çıxarıb. Bundan sonra da həmin xətti davam etdirsələr, yalnız zərər görəcəklər".
Dəniz NƏSİRLİ