RU

8 Noyabr - Azərbaycan xalqının iftixar və qürur günü

AMEA-nın Folklor İnstitutunda 8 Noyabr – Zəfər Günü münasibətilə “Şanlı Ordumuzun Zəfər tarixi” adlı tədbir keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirə qonaq qismində şəhid anaları - 44 günlük Vətən müharibəsi şəhidi Tacəddin İsmayılzadənin anası Aygün Məmmədova, şəhid Əbil Cəbizadənin anası Dürdanə Cəbiyeva dəvət olunublar. Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Folklor İnstitutunun əməkdaşı dosent İlhamə Qəsəbova tədbirdə Vətən müharibəsində əldə edilən şanlı Qələbənin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, 44 günlük müharibə bizim 30 illik həsrətimizə son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun əzmi sayəsində Vətən müharibəsində qazanılan şanlı Qələbə dövlətçilik tariximizin ən parlaq səhifəsi oldu.

Sonra “Folklor” studiyasının Zəfər Günü münasibətilə hazırladığı videoçarx nümayiş olunub.

Şəhid anası Aygün Məmmədova Zəfər Gününə həsr olunmuş belə bir tədbirə dəvət olunduğu üçün təşkilatçılara təşəkkürünü bildirib. Qeyd edib ki, şəhidlər Vətənimizin şanlı tarixini yazaraq gələcək nəsillərə örnək oldular, ölümləri ilə əbədi ölməzlik qazandılar.

Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyev Zəfər Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edib, bu gün qalib bir ölkənin, ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa edilmiş bir dövlətin vətəndaşı olduğu üçün çox qürurlu olduğunu bildirib.

İnstitutun aparıcı elmi işçiləri Nail Qurbanov, Aynur İbrahimova və “Folklor” studiyasının rəhbəri Mahir İbrahimov çıxış edərək dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfərin Azərbaycan xalqının iftixar və qürur günü kimi tarixə düşdüyünü bildiriblər.

Tədbirdə Aşıq Şahin Süleymanovun ifasında saz havaları və xanəndə Vəfa Vəzirovanın ifasında “Xudayar təsnifi” səsləndirilib.

Избранный
25
50
tehsil.biz

10Источники