RU

COP29 iqlim sammiti Azərbaycanın gücünün, qüdrətinin dünyaya bir daha nümayişi oldu ŞƏRH

“Bu günlər Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Dövlətimiz bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edib. Noyabrın 12-də BMT-nin Baş katibinin iştirakı ilə COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev həmin mərasimdə çıxış edib. Növbəti günlərdə də COP29 müxtəlif mövzularda işini davam etdirir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, belə bir mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi təsadüfi deyil. İndiki dönəmdə hansısa bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Eyni zamanda, dünya birliyinin inamı Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində qazandığı zəngin təcrübədən qaynaqlanır. Liderlər Sammitindəki çıxışında ötən ilin dekabrında Dubayda baş tutan COP28 çərçivəsində beynəlxalq birliyin yekdilliklə COP29-a ev sahibliyi hüququnu Azərbaycana verməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”. Dövlətimizin başçısı çıxışında həmçinin, hazırkı dönəmdə dünya üçün aktuallığı heç vaxt olmadığı qədər artan iqlim çağırışlarına Azərbaycanın həssas yanaşmasını, ölkəmizin daim qlobal təhdidlər qarşısında beynəlxalq həmrəyliyin gücləndirlməsi təşəbbüslərindən çıxış etdiyini, bu və ya digər məsələlərdə yüksək fəallıq göstərdiyini diqqətə çatdırıb. Prezident cənab İlham Əliyev çıxışında Ermənistanın 30 illik işğalçılıq siyasətinin ölkəmizə vurduğu ziyandan, Azərbaycanın öz gücünə torpaqlarımızı işğaldan azad etməsindən də bəhs edib.

Millət vəkilinin sözlərinə görə, ölkəmiz beynəlxalq birliyə iqlim çağırışları ilə bağlı müzakirələrin aparılması üçün böyük bir platforma təqdim edib. Bakıda COP29-un yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur. Yüksəksəviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidvarlıqlarını bildirirlər.

Eyni zamanda, Prezident cənab İlham Əliyevin bildirdiyi kimi, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq. Dünyada ikili standartların, ayrı-seçkilik hallarının, irqçiliyin, islamofobiyanın, ksenofobiyanın hökm sürdüyü kədərli mənzərə ilə müqayisədə, Azərbaycan reallığı tamam fərqlidir. Onilliklər ərzində qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkmiş Azərbaycanın hazırkı narahat dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Ölkəmiz, həmçinin müstəqillik illərində qonşu dövlətlərlə və transmilli şirkətlərlə birlikdə reallaşdırdığı layihələrlə də Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qurulmasına sanballı töhfələrini verir. Ölkəmizin təşəbbüsləri və fəal iştirakı ilə həyata vəsiqə alan bu layihələr əsasən enerji və nəqliyyat sektorlarını əhatə edir. Bu layihələrin önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi müəyyən Qərb dövlətlərini, erməni lobbisini ciddi narahat edir: “Bu səbəbdən də, həmin dairələr xeyli müddətdir ki, ölkəmizə qarşı qərəzli kampaniya aparır. Başda Fransa olmaqla bəzi Qərb ölkələri və erməni lobbisinin yuvası olan Avropa Parlamenti hər vəchlə çalışırdılar ki, COP29 Azərbaycanda keçirilməsin. Onların boykot çağırışına dünya birliyi cavab vermədi. Prezident cənab İlham Əliyev çıxışı zamanı həmin dairələri məyus edən faktlar səsləndirdi. Beləliklə, bir daha təsdiqləndi ki, Qərb dairələrinin bu cür ucuz kampaniyalarının ölkəmizə qarşı heç bir beynəlxalq təsiri və əhəmiyyəti mümkün deyil. Azərbaycan belə oyunlar, qarayaxma kampaniyaları və eyni tipli hallarla bir neçə illər öncə “Avroviziya” yarışması, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlərə ev sahibliyi etdiyi ərəfələrdə də rastlaşıb. Respublikamız öz nümunəvi və peşəkar təşkilatçılığı, möhkəm intizamı və əsil həmrəylik istedadı ilə bütün beynəlxalq sammit və tədbirləri yüksək səviyyədə keçirərək dünyanın nüfuzlu təşkilatları tərəfindən mükafatlandırılırb. Ona görə də COP29 iqlim sammitinin Azərbaycanın unikal bacarığı və qətiyyətli iradəsi ilə dünya birliyinə örnək olması şübhə doğurmur”.

Избранный
58
2
sesqazeti.az

3Источники