RU

COP29 çərçivəsində ANAMA və BMTİP birgə mina təhlükəsi ilə mübarizə və ekoloji dayanıqlılıq üzrə yan tədbir keçirib

Azərbaycanda hazırda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri çərçivəsində “Cığırın Təmizlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə” mövzusunda yan tədbir keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirin məqsədi ölkəmizin üzləşdiyi mina problemini diqqətə çatdırmaq, mina təhlükəsinin təbii ehtiyatlara təsirini vurğulamaq, ekoloji cəhətdən təmiz minatəmizləmə təcrübələrini araşdırmaq və humanitar minatəmizləmə sahəsində dayanıqlı yanaşmaları təşviq etməkdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycan Respublikasının azad edilmiş ərazilərində öncədən basdırılan təxminən 1.5 milyona yaxın minanın ətraf mühitə dağıdıcı təsirləri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu təhlükəli qurğuların partlaması nəticəsində onların tərkibində olan ağır metallar və digər toksinlər torpağa və havaya mənfi təsir göstərir, bu kimyəvi çirklənmə uzunmüddətli ekoloji zərərlərə səbəb olur. Minalardan təmizləmə təkcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda iqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün əsas şərtdir.

BMT-nin Baş Katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Administratorunun müavini, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç yan tədbirdə çıxış edərək dünyanın bir çox ölkəsində minalar və müharibənin digər partlayıcı qalıqlarının təkcə insanların həyat və sağlamlığına deyil, həm də torpaq və təbii resurslara, o cümlədən bioloji müxtəlifliyə ciddi təhdidlər yaratdığını qeyd edib.

Yan tədbir çərçivəsində minaların ekosistemlərə, biomüxtəlifliyə və təbii ehtiyatlara təsirlərinin tədqiqi, ətraf mühitə minimum təsirlə minatəmizləmə səyləri, eləcə də bu istiqamətdə innovativ texnologiyaların istifadəsi mözvularında panel müzakirələr keçirilib.

COP29 çərçivəsində keçirilən bu yan tədbir, ekoloji dayanıqlılıq və mina təhlükəsizliyinin bir araya gətirilməsi üzrə yeni yanaşmaları önə çıxarmaqla yanaşı, minatəmizləmə əməliyyatlarının yalnız humanitar deyil, həm də ekoloji önəmini vurğulayıb. ANAMA və BMTİP-nin birgə təşkilatçılığı ilə təşkil olunan müzakirələr, minatəmizləmənin təbii ehtiyatların qorunması və biomüxtəlifliyin bərpası üçün əhəmiyyətini bir daha nümayiş etdirib. COP29-un əsas mövzuları ilə səsləşən bu tədbir, gələcək üçün daha təhlükəsiz və dayanıqlı mühitin təmin olunmasında mühüm bir addım olub.

Избранный
25
6
operativmedia.az

7Источники