RU

Nicat Qurbanov: "Bəzi klubların sponsorlarının olmaması ciddi problemdir" - Müsahibə

“Neftçi”nin sabiq futbolçusu, artıq bir ilə yaxındır ki, ABŞ-a köçən Nicat Qurbanov okeanın o tayında özünə futbol məktəbi açıb. Karyerası ərzində “Simurq”, AZAL, “Zirə”, “Kəpəz”, “Sumqayıt”, “Şamaxı”, “Samtrediya”(Gürcüsta) klublarında oynamış Qurbanov apasport.az saytına müsahibəsində ABŞ-dakı işlərindən və kənardan Azərbaycan futbolunun necə görünməsindən söhbət açıb.

- Bir müddətdir ki, Amerikadasan. Orada işlərin necə gedir? 

- Şükür Allaha, buradakı işlərim qaydasına düşüb. Pillə-pillə addımlayırıq. Hər şey anidən olmur. Həm bura öyərişirik, həm də həyat tərzimizi ən azından bura uyğunlaşdırırıq.

- Futbol məktəbi açmaq istəyirdin. Artıq bu istəyinə çatmısan? 

- Futbol məktəbi açmaq məqsəd olaraq qalır. Artıq ilk addımlar atılıb. Uşaq yığımı başlayıb, hətta bir qrup yığılıb. Bundan sonra böyüməyə hədəf almışam. Sırf futbol məktəbi açmaq üçün bir az zaman və buranın qayda-qanunu incələmək lazımdır. Əsas odur ki, məqsəd var və Allah qoysa, uğurlu olar.

- Maraqlıdır, bunu orada etmək daha asandır, yoxsa Azərbaycanda? 

- Hər yerin öz mənfi və müsbət cəhətləti var. Əsas odur ki harada yer almağından aslı olmayaraq, işini düzgün görsən, o zaman gördüyün iş də uğurlu olacaq. Mən buna inanıb öz işimi görürəm.

- Hər halda gedər-getməz işə başlamadın. Bu dövrdə necə dolanırdın? 

- ABŞ-a köçəndə hər şeyi nəzərə alıb gəlmişdim. Buna görə də öncədən özümü buna hazırlamışdım. Hər şey də planladığım kimi getdi. Həm dolanış, həm də bura uyğunlaşmaq baxımından problem olmadı.

- Orada futbolla məşğul olan Azərbaycanlı uşaqlar varmı? Ümumiyyətlə, gələcəkdə də istedadlı gənclər olarsa, Azərbaycan yığması üçün yönləndirməyi düşünürsən, yoxsa həmin uşaqların ABŞ millisini seçməsini istəyərdin? 

- Ümumiyyətlə, Pittsburqda azərbaycanlı çoxdur. Məşqlərimə 2 azərbaycanlı uşağ qatılır. Biri də növbəti həftə qoşulacaq. Milli komanda ilə bağlı sual maraqlı və gələcəkdə cavablandıra biləcəyim sualdır. Futbolçunun özündə vətən sevgisi olması mütləqdir. Harada böyüməsindən və yaşamasından aslı olmayaraq, belədir. AFFA burada oynayan azərbaycanlı uşaqları indidən nəzərdə saxlasa, gələcəkdə onları milli komandaya dəvət eləmək elə də çətin olmayacaq.

- ABŞ-da uşaq futbolunda qalmaq istəyirsən, yoxsa gələcəkdə yüksək liqalara qədər qalxmağı hədəfləyirsən? 

- Açığı, uşaq futbolunda çox qalmaq fikrində deyiləm. Uşaq futbolunu böyütmək fikrindəyəm. Amma özüm burda uşaq məşqçisi kimi qalmaq istəmirəm. Amma yenə də, hər şeyi zaman göstərər. Dediyim kimi, addım-addım irəli getmək istəyirəm.

- Kənardan Azərbaycan furbolu necə görünür? A milli, uşaq futbolu, Azərbaycan Premyer Liqası.... 

- Bura gələndən ölkə futbolunu daha da çox izləməyə başlamışam. Millinin baş məşqçi seçimi çox yanlış edilib. Bu tip məşqçilər bizim kimi komandalarda həmişə çətinlik çəkir. Əslində tək-tək adlara baxdığımızda normal futbolçularımız var. Uşaq futbolumuz yox səviyyəsindən bir az yuxarıdır. Uşaq futbolumuzda çox ciddi problemlər mövcuddur. Əgər inkişafdan danışırıqsa, tək liqaların təşkili inkişaf deyil. Ölkədə futbol oynamağa meydança yoxdur. Meydançalar olmayandan sonra kim futboldan danışa bilər?! Heç kim. Premyer Liqamızın səviyyəsi isə qalxmalıdır. Bu ola bilər ki, şablon səslənsin. Lakin rəqabətsiz liqamız var. Birinci yeri “Qarabağ” “bron” edib. Digər komandalar da bunu qəbul ediblər. Problem budur. Mən oynadığım dönəm də belə komandalar “Qarabağ”la matçlarda qələbəyə oynamırdılar. İndi də belədir. Belə olan halda, liqanın səviyyəsi qalxa bilməz. Sonra “Qarabağ” avrokuboklarda uduzanda hamı narazılıq edir. Əslində problem liqamızdadır. Yüksək temp yoxdur, rəqabət yoxdur. Bunlar olmayanda inkişaf da olmayacaq.

- Uzun illər Azərbaycanda oynamısan. Səncə, futbolumuzun düzəlməsi üçün hansı addımlar atılmalıdır?

- Futbolumuzun addımlara yox, böyük dəyişikliklərə ehtiyacı var. Addımdan artıq keçib. Futbolumuzda iş prinsipi dəyişməlidir. Tamam fərqli yanaşılmalıdır işə. 15 ildi iş prinsipi dəyişmir. Klublarda tək əsas komandanı yox bütün klubu fikirləşmək lazımdır. Bəzi klubların sponsorlarının olmaması ciddi problemdir. SOCAR-ın ayırdığı vəsaitlə klub saxlamaq çətindir. Ona görə də uşaq futbolu axsayır. Dediyim kimi, ciddi işlər görmək lazımdır. Bölgələrdə futbol mütləqdi. Bu gün Tovuz sevindirir bizi. Sabah İmişli, Lənkaran, Yevlax da bizi sevindirməlidir. Stadionlar var, sadəcə bir az əl gəzdirmək lazımdır. Əvvəlki çempionata baxsaq, görərik kimlər var idi elita da. “Xəzər Lənkəran”, “Simurq”, “Turan”, “Qəbələ”... Əməlli-başlı rəqabət var idi. 

- Sənin üçün doğma olan “Neftçi” haqda hansı fikirdəsən? Səncə, niyə sabiq komandan heç cürə özünə gələrək iddialılara çevrilmir, “Qarabağ”la mübarizə apara bilmir?

- Kənardan gördüyüm budur ki, “Neftçi”nin son illərdə problemi idarəçilikdədir. Klub bir neçə nəfərlə idarə olunur. Samir Abasov klubu çempion edəndə niyə klubdan uzaqlaşdırıldı?! İki il “Neftçi” də oldu. Birinci ili ikinci yer, ikinci il komandanı çempion etdi. İki ildir, “Neftçi”yə lazımsız legionerlər gətirilir. Mən bu komandanın yetirməsiyəm. Klubun bu səviyyəyə düşdüyünü görəndə əlbətdə əsəbiləşirəm. Samir Abasov yaxşı və işini bilən məşqçidir. Ümid edirəm ki, tezliklə bu vəziyyətdən klub çıxacaq.  “Qarabağ”la başa-baş oynaya biləcək yeganə klub “Neftçi”dir. Sadəcə klubu o səviyyəyə qaldırmaq lazımdı. Şərait də var, vəsait də. Düzgün idarə etmə və işinə düzgün yanaşanlar bu klubda olmalıdır. Niyə 2-3 klubumuz Avropada oynamasın? Bunu edə biləcək gücdəyik. “Neftçi”, “Sabah”, “Zirə” və bu il iddialı “Turan Tovuz” var. Hamısı ən azı avrokubokların play-off mərhələsində oynaya bilər. Sadəcə güclənmək lazımdı.

Fatih Terim “Qarabağ”ın bazasını ziyarət edib

Millimiz Qəbələdə toplanış keçəcək

“Barselona"nın prezidenti Azərbaycanın yeniyetmə futbolçuları ilə görüşüb

Sabah Fernandu Santuşun mətbuat konfransı keçiriləcək

Elvin Cəfərquliyev millinin heyətindən çıxarıldı - SON DƏQİQƏ

Избранный
53
50
apasport.az

10Источники