RU

Rusiya–Ukrayna savaşı: dünya həyəcan içindədir

Az qala 3 ilə yaxın davam edən Rusiya–Ukrayna müharibəsi son günlər, xüsusilə, kəskin mərhələyə qədəm qoyub. Belə ki, hücum edən tərəf ən qorxulu variantı – nüvə silahından istifadəni gündəmə gətirir. İndi təkcə Ukrayna və region dövlətləri deyil, bütün planet narahatdır.

Moskvanın öz arqumentləri var. O, Qərbin Ukraynanın tərəfində vuruşduğunu iddia edir və buna qarşı “adekvat cavablar” atacağını bildirir. Qərb Rusiyanın nəyə işarə etdiyini yaxşı başa düşür.

İki gün qabaq Prezident Vladimir Putin xalqa müraciətində bildirib ki, Qərb raketlərinin Rusiya Federasiyasına hücumundan sonra Ukraynada münaqişə qlobal xarakter alıb. Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Qərbin uzaqmənzilli raketlərinin hücumlarını dəf edib və rəqib qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib.

Dövlət başçısı əlavə edib ki, Moskva eskalasiyaya qəti və sərt cavab verəcək. Rusiyalı ekspertlər isə bildirirlər ki, Moskvanın “Oreşnik” raketindən istifadə etməsi ABŞ-ın orta, qısamənzilli raketlərin istehsalı və yerləşdirilməsi planlarına cavabdır.

UNİAN agentliyi isə xəbər verir ki, dünən Rusiya Həştərxan vilayətindən qitələrarası ballistik raket (ICBM) buraxıb. Hava qüvvələri hücumun müxtəlif tipli raketlərlə Dnepr şəhərini hədəf aldığını bildirir.

İlk dəfədir ki, Rusiya münaqişə zamanı Ukraynaya doğru ICBM atır. Bu raketlər minlərlə kilometr məsafə qət etməyə qadirdir. Ukrayna ordusunun sözçüsü bildirib ki, Rusiya raketlərinin çoxu havadaca vurulub.

Həftənin əvvəlində isə Vaşinqton Kiyevə Rusiya hərbi bazalarını hədəf almaq üçün ATACMS tipli uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib. Bu, Moskva tərəfindən ciddi narazılıqla qarşılanıb. Bundan başqa, Ukrayna Rusiya ərazisinə ilk dəfə olaraq Böyük Britaniyanın verdiyi uzaqmənzilli “Storm shadow” raketlərini atıb.

Britaniyanın müdafiə naziri Con Healey xəbəri təsdiqləməsə də, dünən İcmalar Palatasında çıxışında belə bir şərh verib: “Ukraynanın döyüş meydanındakı hərəkəti öz sözünü deyir”. Ukraynanın müdafiə naziri Rustam Umerov da bu faktı etiraf etməyib, lakin deyib ki, “Ukrayna özünü qorumaq qabiliyyətindədir”.

Dünən Rusiya tərəfindən raket zərbələri təhlükəsi ilə əlaqədar Kiyev və Ukraynanın 10 vilayətində hava həyəcanı elan edilib. Kiyevdəki bir neçə səfirlik hava hücumu təhlükəsi səbəbindən işini müvəqqəti dayandırıb. İspaniya, İtaliya və Yunanıstan ABŞ-dan sonra hücum təhlükəsinə görə Kiyevdəki səfirliklərini bağladıqlarını elan ediblər.

Müharibənin taleyi əlbəttə, cəbhədə həll olunur. Rusiya hərbçiləri Donbas və Novorossiyada demək olar ki, hər gün az da olsa irəliləyişə nail olurlar. Qərbdə düşünürlər ki, Ukrayna münaqişə başlanan andan ən zəif vəziyyətə düşüb.

ABŞ və Britaniyanın Ukraynaya uzaqmənzilli raketlərdən istifadəyə icazə verməsinin əsas səbəbi Rusiyanın artan hücumlarını zəiflətməkdir. Hələlik bunu etmək mümkün olmur və cəbhənin bütün təmas xətti boyu eskalasiya güclənir.

Bu arada NATO-nun Baş katibi Mark Rutte yaxın vaxtlarda Ukrayna məsələsini müzakirə etmək məqsədilə yeni seçilmiş prezident Donald Trampla görüşmək üçün ABŞ-a səfər edə bilər. Bu barədə “The Washington Post” etibarlı mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, M.Rutte yaxın vaxtlarda Trampla onun Mar-a-Laqo iqamətgahına gedərək Ukrayna üçün təhlükəsizlik zəmanətləri təmin edəcək ədalətli və uzunmüddətli sülhün zəruriliyini gündəmə gətirəcək. Bununla bərabər, Qərb Rusiyanın hərəkətlərini təşviq etməyəcək qərarlar qəbul etməyə üstünlük verməyə çalışır.

Qeyd edək ki, Tramp seçkiöncəsi və qələbə qazandıqdan sonrakı çıxışlarında Ukrayna münaqişəsinə qısa müddət ərzində son qoymaq niyyətində olduğunu bəyan edib. Lakin bunun asanlıqla əldə olunacağına inanmaq sadəlövhlük olardı. Bütün hallarda sülhə böyük ehtiyac var.

Məsaim ABDULLAYEV
XQ

Избранный
58
50
xalqqazeti.az

10Источники