Rusiyanın Xəzər Donanmasında sayları artan gəmilərin yeni silah sistemləri ilə təchiz edilməsinin məqsədi aydın deyil.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiyanın Xəzər dənizi sahilindən və bu su hövzəsinin özündən Ukraynaya hava zərbələri endirdiyini bildirib:
“Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin noyabrın 26-da Moskvada keçirilən iclasında deyib ki, NATO Qara dənizdə döyüş imkanlarını genişləndirməyə və Xəzərə çıxış əldə etməyə çalışır. Qara dənizi anladıq, sahil ölkələri arasında NATO üzvləri var, bəs alyans Xəzər dənizinə necə çıxış imkanı əldə edə bilər? Bunun üçün NATO Xəzərsahili ölkələrdən birinin imkanlarından istifadə etməlidir.
Xəzərsahili ölkələrdən yalnız Azərbaycan və Qazaxıstan NATO ilə əməkdaşlıq edir və bu təşkilatın bir sıra proqramlarına qatılıb. Ancaq Azərbaycan və Qazaxıstanın NATO ilə əməkdaşlığı Şimali Atlantika Blokunun Xəzərə çıxışına imkan yaratmır. Azərbaycan və Qazaxıstanın NATO ilə əməkdaşlığının Xəzərə aidiyyəti yoxdur.
Xəzər bölgəsinə təhlükə yaradan NATO yox, Rusiyanın bu akvatoriyadan Ukraynaya endirdiyi raket zərbələridir. Rusiya ötən ilin iyunun 6-da qanadlı raketlərlə Ukraynaya hücum edib. 35 qanadlı raket Xəzər dənizi üzərində uçan 6 strateji bombardmançı Tu-95m təyyarəsindən buraxılıb. Xəzərdəki hərbi gəmilərdən də raketlər atılıb. Rusiya bununla Xəzər hövsəzini təhlükə altına atıb.
Xəzərsahili ölkələrin liderlərinin 2018-ci il avqustunda imzaladıqları Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndində “Xəzər dənizindən dinc məqsədlər üçün istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli” nəzərdə tutulub. Rusiya isə Xəzərdən Ukraynaya raket atmaqla, konvensiyanın bu bəndini pozub”.
Elxan Şahinoğlu əlavə edib ki, Rusiyanın Xəzər Donanmasında sayları artan gəmilərin yeni silah sistemləri ilə təchiz edilməsinin məqsədi də aydın deyil:
“Rusiya Xəzərsahili ölkələrin hər biri ilə tərəfdaşlıq münasibətlərinə malikdir. Bu halda Rusiyanın Xəzərdəki donanmasını kimlərə qarşı gücləndirdiyi bəlli deyil. Qara dənizdən fərqli olaraq, Xəzər bölgəsində Rusiyaya təhlükə yaradacaq amil yoxdur.
Rusiyanın mövcud siyasəti həm Xəzərlə bağlı imzaladığı konvensiyaya ziddir, həm də sahil ölkələrə təhlükə yaradır. Çünki Ukrayna da Rusiyanın hərbi mövqelərinə zərbələr endirir. Ukrayna noyabrın 6-da Rusiyanın Xəzər dənizindəki donanmasına zərbə endirib. Bununla iki dövlət arasında müharibə Xəzər hövzəsinə çatıb. Bu, sahil ölkələrin Xəzərdəki neft-qaz yataqlarına təhlükə yaradır”.