"Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişiklik təklif olunub. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.
Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Şair Ramaldanov bildirib ki, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə dəyişikliyinə ediləcək təkliflərə tez-tez rast gəlinib:
“Burada əhalinin rəyi, ümumi vəziyyəti və məsələyə kompleks şəkildə baxılması ilə bağlı hazırlıqlar gedir. Bu, bir neçə istiqamət üzrədir. Alternativ hərbi xidmət, həqiqi hərbi xidmətə çağırış yaşı, hərbi xidmətin yuxarı yaşı həddinin 30-a endirilməsi buraya daxildir. Təkliflər elə-belə ortaya çıxmır. Azərbaycanın müvafiq qurumları bununla bağlı beynəlxalq təcrübəni öyrənirlər. Məsələyə Azərbaycanın müdafiə və təhlükəsizliyi prizmasından da baxılır. Digər tərəfdən, əhalinin özünün prosedurlara rəyi öyrənilir. Qanunlarımıza Azərbaycan cəmiyyətinə daha uyğun olacaq şəkildə dəyişikliklər edilməsi ilə bağlı həmişə işlər aparılıb. Bu sahə də çox vacib və insanları narahat edən sahədir. Burada gənclərin həqiqi hərbi xidmətə çağırılması ilə bağlı suallar və məhdudiyyətlər çoxdur. Düşünürəm ki, bu məsələlərlə bağlı da Milli Məclisə təkliflər olacaq".
Ekspert hərbi xidmətə çağırışın yuxarı yaş həddinin endirilməsini müsbət qarşılayıb:
"30 yaşdan yuxarı fiziki və psixoloji cəhətdən hərbi xidmət keçmə çətinlik yarada bilər. Digər tərəfdən, bu yaşlarda çox insanlar ailə qururlar, bu zaman gələcək həyatın planlaşdırılmasında müəyyən çətinliklər çəkirlər. Vətəndaş 30 yaşa qədər hərbi xidmətə çağırmayıbsa, deməli müəyyən əsaslar var. Bu, çox zaman sağlamlıqla bağlı olur. Vətəndaşlar 3 ildən sonra hərbi xidmətə yararlılığın yoxlanılması ilə bağlı komissiyadan keçirlər. Əgər 30 yaşa qədər komissiya 4 dəfə şəxsin hərbi xidmətə yararsız olduğunu təsdiqləyirsə, 5-ci dəfə də təsdiqləyəcək. Ona görə də düşünürəm ki, cavanlarımızın gələcək həyatını daha da inamlı və rahat şəkildə planlaşdırması üçün bu vacib addımdır".
Ş.Ramaldanov qeyd edib ki, hərbi xidmətə çağırışda tətbiq edilən 35 yaş həddi özünü doğrultmadı:
"Çağırışçılar arasında 35 yaşa qədər hərbi xidmət keçməyənlər çox azdır. Düşünürəm ki, insanın həyatını planlaşdırması zamanı hərbi xidmətlə bağlı məhdudiyyətlərə və hərbi xidmətdən azad edilmə qərarına mütəmadi olaraq yenidən qayıtması psixoloji cəhətdən gənclərə mənfi təsir edir. Əgər şəxs hansısa səbəbdən hərbi xidmətə çağrılmayıbsa, ailə qurmaqda da çətinlik çəkir. Ehtimal var ki, şəxsin növbəti komissiyasından başqa rəy çıxa bilər. Ona görə də ehtimallarla ailə həyatı qurmaq çox çətindir. 30 yaşa qədər çoxları ailə qurur. Ona görə də hərbi xidmət yaşının azaldılması müdafiəmizə mənfi təsir göstərmir, çünki hansısa müharibənin aktiv fazasına keçidlə bağlı addımlar olarsa, bu zaman səfərbərlik qərarı imzalanır və burada yaş həddi müəyyənləşdirilir.
Yeni dəyişikliyin çox düzgün olduğunu düşünürəm. Əgər bu təklif qanunvericiliyə uyğundursa, onun məntiqi əsas və yanaşmaları var".