RU

Prezidentin türk hərbi bazaları və Rusiya silahları barədə açıqlamaları: “Lazım deyil”

"Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur".

Yenisabah.az xəbər verir ki, bunu Prezident Əliyev Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsi zamanı bildirib.

Dövlət başçısına "Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı" sualı ümvanlanıb.

 İlham Əliyevin bu həssas sualı belə cavablandırıb:

"Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni belə yardıma görə türk dostlarımıza çox minnətdarıq.

Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır. Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk - yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq.

Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz".

Prezidentə ümvnlanan "Azərbaycan bundan sonra da Rusiya silahı almağı planlaşdırırmı və hansı həcmdə" sualına cavab da böyük maraq doğurub:

"Bəli, amma deməliyəm ki, ən azı son üç ildə Rusiya silahlarının alınması ilə bağlı yeni müqavilələr imzalanmayıb. Bunun səbəbi isə Rusiya müdafiə sənayesinin, deyək ki, yerli istehlakçı üçün işləməsidir. Bildiyimə görə, Rusiya məlum səbəblərdən müvəqqəti olaraq beynəlxalq silah bazarından çəkilib. Hətta 4 il əvvəl imzalanmış bəzi müqavilələrin də Rusiyanın xahişi ilə icra müddəti təxirə salınıb.

Biz vəziyyəti başa düşərək bununla razılaşdıq, bu vəziyyət nəticəsində həmin müqavilələr icra oluna bilməz. Amma biz Rusiyanın müdafiə sənayesinin yeniliklərini də diqqətlə izləyirik. Artıq yeni müraciətlərimiz olub. Biz onları bu yaxınlarda göndərmişik və Rusiyanın müdafiə sənayesi hazır olduqda, təbii ki, yeni müqavilələr bağlayacağıq. Odur ki, mən bu prosesi obyektiv səbəblərdən müvəqqəti olaraq dayandırılmış hesab edirəm".


Telegram kanalımız
Избранный
9
11
yenisabah.az

10Источники