RU

İsrail və Türkiyə Suriyada üz-üzə: məqsədlər də fərqlidir, maraqlar da

Deputat: “İsrail təhlükəsizlik axtarırsa, Türkiyə ilə dialoq aparmalıdır, Ankara ilə birgə Suriyada dövlətçiliyin bərpasına yardım etməlidir”

Dekabrın 8-də Suriyada silahlı müxalif qruplar hökumət mövqelərinə sürətli hücum təşkil edərək Dəməşqə nəzarəti ələ keçiriblər. Bundan sonra Prezident Bəşər Əsəd rejimi devrilib və, ölkə başçısı Rusiyaya qaçıb. Hazırda Suriyada müvəqqəti hökumət idarəçiliyi mövcuddur və xarici güclərin, xüsusən də Türkiyənin aktiv iştirakı ilə Suriyada normal dövlətin qurulması prosesi başlayıb. Hazırkı qarışıqlıqdan istifadə edən İsrail isə Suriyada əməliyyatlara başlayıb və maraqlarını təmin etmək istiqamətində hərbi aktivliyini artırıb.

Belə ki, İsrail Hərbi Hava Qüvvələri Əsəd rejimi devrildikdən sonra Suriyada 250-dən çox hərbi obyektə hücum edib. İsrail ordusunun “Qalei İDF” radiosunun yaydığı məlumatda qeyd olunur ki, “bu, İsrail Hərbi Hava Qüvvələri tarixindəki ən böyük hücum əməliyyatlarından biridir”. Ölkənin müdafiə strukturlarındakı mənbə radiostansiyaya bildirib ki, zərbələrin hədəfi Suriya Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı, onlarla zenit-raket kompleksi, silah istehsalı və anbar obyektləri, həmçinin yer-yer tipli raket anbarları olub.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Suriyada üç böyük aviabaza hücuma məruz qalıb: ölkənin şimalında Qamışlıda, Homsdakı bazalar və Dəməşqin Mezze hava limanı. Zərbələr nəticəsində onlarla döyüş təyyarəsi və helikopter məhv edilib. İsrail qüvvələri Dəməşqin şimalındakı Bərzə bölgəsinə də hücum edib. Oraya15 raket atılıb. Nəticədə elmi-tədqiqat institutlarının bir neçə binası dağıdılıb. Bundan əlavə, “Al Mayadeen”in məlumatına görə, Cemraya (Dəməşqin şimalında yerləşir) və Masyafda (Həma əyalətinin qərbində) elmi mərkəzlər bombardmana məruz qalıb. Zərbələrdən biri Suriya paytaxtının cənub-şərqindəki Aqraba bölgəsində Elektron Müharibəyə Nəzarət Mərkəzinə endirilib.

Bundan əvvəl İsrail Suriya ordusunun Aralıq dənizi sahilində yerləşən Latakiyadakı mövqelərinə, həmçinin Dəra vilayətinin İzra şəhəri yaxınlığındakı silah anbarına hücum edib.

Xatırladaq ki, İsrail quru qüvvələri demilitarizasiya zonasını keçərək 1973-cü ildə Yom Kippur müharibəsindən və 1974-cü il atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq Suriya ərazisinə daxil olub. İsrail hərbçiləri əraziyə nəzarət etmək üçün Hermon dağında, eləcə də bir sıra başqa yerlərdə strateji mövqelər tutublar. Bu, Əsəd rejimini devirmiş silahlı müxalifətin Qolan təpələri yaxınlığındakı hərbi obyektlərə nəzarəti ələ keçirməsinin və daha sonra onlardan İsrailə qarşı istifadəsinin qarşısını almaq üçün edilib.

“Axios” yazır ki, İsrail bufer zonada nəzarət yaratmaq planları barədə Birləşmiş Ştatları xəbərdar edib və bunun sərhəddə təhlükəsizlik vəziyyəti sabitləşənə qədər bir neçə gündən bir neçə həftəyə qədər davam edəcək müvəqqəti tədbir olduğuna əmin edib. Qəzetin iki mənbəsinin bildirdiyinə görə, Təl-Əviv son günlər Suriya hökumət əleyhinə qüvvələrinə İsrail ordusunun sərhədə yaxınlaşacağı təqdirdə hərəkətə keçəcəyi ilə bağlı xəbərdarlıq göndərib.

Yerli və beynəlxalq ekspertlərin qənaətincə, İsrailin bu əməliyyatları “müvəqqəti” adlandırılsa da, heç də müvəqqəti olmaya bilər. İsrailin “təhlükəziliyin təmini” adlandırdığı əməliyyatların davamlı ola biləcəyini istisna etməyən analitiklər vurğulayırlar ki, İsrailin niyyəti Suriyadan ərazi qoparmaq ola bilər. Bu isə bölgənin əsas gücü olan Türkiyənin maraqlarına uyğun deyil və vəziyyət belə davam edərsə, Türkiyə ilə İsrailin Suriyada üz-üzə gəlməsi ehtimalı artır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib ki, İsrail əvvəllər də, Əsəd rejiminin dövründə də əməliyyatlar həyata keçirib:

- İsrail çalışırdı ki, Suriyadakı “Hizbullah” cəbhəxanalarını məhv etsin. İsrail özü üçün əsas təhlükə gördüyü “Hizbullah”ı Suriyada maksimum neytrallaşdırmaq məqsədi güdürdü. Eyni zamanda, İsrail “Hizbullah”ın Suriya ərazisindən Livana daşınma xətlərini kəsmək məqsədi ilə əməliyyatlar keçirirdi. Məlumdur ki, “Hizbullah” demək olar ki, məhv edilib. Qruplaşma Suriyadan da çıxıb gedib. Əsədin devrilməsindən sonra İsrail yeni əməliyyatlar həyata keçirməyi fürsət bildi. Təl-Əviv Suriyada hakimiyyətə gələcək qüvvələrə etibar etmir. Çünki Əsədi devirən əsas qrup olan “Heyət Təhrir əş-Şam” (HTŞ) qrupu radikal islamçı ekstremist təşkilat kimi tanıyırlar, onu “əl-Qaida” terror təşkilatı ilə bağlayanlar da var. Görünən odur ki, İsrail bu qruplaşmanın əlinə Suriya ordusundan qalma cəbhəxananın, silah-sursatın keçməsinə imkan verməmək istəyir. Eyni zamanda, Suriyada kimyəvi silahların olması ilə bağlı faktlar vardı ki, İsrail bu silahların yeni qurulacaq hökumətin əlinə keçməsi qorxur. Ona görə də, əməliyyatlarla bu təhlükələri aradan qaldırdığını düşünür.

- Sizcə, belə bir təhlükə varmı və İsrail bunu aradan qaldıra bilirmi?

- Hər halda İsrail düşünür ki, təhlükə var. Amma məncə, İsrailin belə davranışı düzgün deyil. Bu gün Suriyadakı qarmaqarışıqlıqdan, dövlətin olmamasından istifadə edilir. İndi İsrail belə addımlar atır, amma əvvəl-axır Suriyada normal dövlət qurulacaq. Bu zaman düşmənçilik daha da böyüyəcək. İsrailin məqsədi düşmənliyi daha da dərinləşdirmək yox, sülhü, əmin-amanlığı bərpa etmək olmalıdır. Nəzərə almaq lazımdır ki, İsrailin İordaniya və Misirdən fərqli olaraq, Suriya ilə sülh sazişi yoxdur. İndi bu cür davranmaq düşmənçiliyi daha da dərinləşdirə bilər ki, bu, gələcəkdə İsrailin özü üçün daha təhlükəli vəziyyətə gətirib çıxaracaq. Əksinə, Təl-Əviv Suriyada dövlətin normal vəziyyətə qayıtmasında, ərazi bütövlüyünün təminində maraqlı olmalıdır və buna töhfə verməlidir. Hər bir dövlət istəyər ki, sərhədindəki dövlətdə sabitlik olsun.

- İsrailin bu addımlarına Türkiyə qarşıdır. Ankara istəyir ki, Suriya yenidən qurulsun, sabitlik olsun. İsrailin isə Suriyanı bombalamaqla vəziyyəti daha da gərginləşdirməsi Türkiyəni İsraillə Suriyada üz-üzə qoyur...

- Söhbət Türkiyə ilə İsrailin Suriyada hərbi cəhətdən üz-üzə gəlməsindən getmir, maraq toqquşmasından gedir. İki ölkənin maraqları Suriyada toqquşur. Türkiyə çalışır ki, Suriyada dövlət bərpa olunsun. Biz deyirik ki, Türkiyə Suriyanın parçalanmasını istəmir.Suriya onsuz da parça-parçadır. Əsəd rejimi dövründə vahid Suriya əslində yox idi. Əsəd rejimi devriləndən sonra isə ümumiyyətlə, boşluq yaranıb ki, oradakı silahlı qruplar təhlükə mənbəyidir. Suriyanın indiki vəziyyətdə qalması, xaosun davam etməsi təkcə Türkiyə yox, İsrail üçün də, bütün qonşu dövlətlər üçün də təhlükə mənbəyidir. İsrail Suriyada Türkiyənin dövləti bərpa etmək istəklərinə qarşı çıxırsa, gələcəkdə öz başı ağrıyacaq. Suriyadakı xaotik vəziyyət İsrail üçün müsbət nəsə vəd etmir. Düşünmürəm ki, İsrail Suriya ərazisini bombalamaqla təhlükəsizliyini təmin edir. İsrail təhlükəsizlik axtarırsa, Türkiyə ilə dialoq aparmalıdır, Ankara ilə birgə Suriyada dövlətçiliyin bərpasına yardım etməlidir.

Yenə deyirəm, Türkiyənin məqsədi Suriyadakı terror qruplarını zərərsizləşdirmək, qonşuluğunda olan dövlətdə sabitliyin bərqərar olmasıdır. Bu istiqamətdə Türkiyə lazımi addımlarını atacaq və nəticə əldə edəcəyinə şübhə yoxdur.

Избранный
84
50
turkustan.az

10Источники