Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin vaxtilə müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq dünya ölkələri və müxtəlif təşkilatlarla əməkdaşlıqlara həmişə xüsusi önəm verilir. Hazırda dövlətimiz bir sıra mötəbər beynəlxalq təşkilatların tamhüquqlu üzvüdür.
Dünən isə bu siyahıya daha bir təşkilat da əlavə olunub. Belə ki, dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. Prezidenti İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib. Dövlət başçısı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir.
Qeyd edək ki, bu münasibətlə ölkəmizi təbrik edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Təşkilatımızı böyütmək, təsir sahəsini daha da genişləndirmək üçün yeni üzv və tərəfdaşlara qapımızın açıq olması lazımdır. Azərbaycanın təşkilatımıza üzv olması ilə birlikdə bu gün dünəndən daha güclüyük. Qardaş Azərbaycana D-8 ailəmizə xoş gəldiniz deyirəm”.
Misir Prezidenti Əbdül Fəttah əs-Sisi də ölkəmizi “İslam Səkkizliyi” (D-8) təşkilatına üzv olması münasibətilə təbrik edib. O, həmçinin təşkilatın Qahirədə keçirilən sammitində çıxışında bunun ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açacağını da diqqətə çatdırıb.
Sözügedən tədbirdə çıxış edən Baş nazir Əli Əsədov deyib ki, müasir toqquşmalar və siyasi gərginlik fonunda, geniş regionumuzda təhlükəsizliyin, sabitliyin təmin edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir: “Bu xüsusda, Azərbaycan geosiyasi mövqeyi, geniş iqtisadi potensialı və müasir nəqliyyat infrastrukturu ilə özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiqləyib”. O, həmçinin bildirib ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə yanaşı, qlobal problemlərin həllinə öz töhfəsini verir: “ Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi, eləcə də dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 üzrə sədrliyimiz Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir”.
Baş nazir Azərbaycanın 30 ilə yaxın davam edən erməni işğalına son qoymasından, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən də söz açıb: “Ermənistan işğal etdiyi torpaqlarımızda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün olmuşdur. Ərazilərimizdə urbisid, kultursid və ekosid törədilmişdir. Azərbaycan xalqının mədəni və dini irsi məhv edilmişdir. O ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilmişdir. Hazırda isə bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, kəndlər və şəhərlər tamamilə yenidən qurulur. Artıq minlərlə keçmiş məcburi köçkün öz dədə-baba yurdlarına qayıdıb”.
Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malik, 130 milyard ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə üzv seçilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Ölkəmizin D-8-ə üzv seçilməsi Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Bu fakt bir daha Azərbaycanın hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdən biri olduğunun təsdiqidir.
Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8-ə üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsinə, İslam dəyərlərinin dünyada təbliğinə və İslamofobiya ilə mübarizəyə böyük töhfə olacaq.
Qeyd edək ki, indiyədək Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü olmasa da, təşkilatın işində yaxından iştirak edib. Hətta Prezident İlham Əliyev 2017-ci ildə İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşündə də çıxış edib.
D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir. Bu qurumun yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülüb. 1997-ci il iyunun 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşündə D-8 rəsmi olaraq təsis edilib.
Qvami Məhəbbətoğlu, “İki sahil”