RU

Bakı Ermənistana gətirilən silahları məhv edə bilər - Şair Ramaldanov

Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlığın gücləndirilməsi haqqında sənədlər imzalanıb. Təfərrüatlar məlum olmasa da, erməni mediasının yazdıqlarına görə, Afina İrəvana silah tədarükü edəcək. Bu halda Yunanıstan Fransa və Hindistandan sonra Ermənistanı silahlandıran üçüncü ölkə olacaq.

Məsələ ilə bağlı Azpost.info-ya danışan hərbi ekspert, ehtiyyatda olan polkovnik Şair Ramaldanov deyib ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda silah çatışmazlığı yaranıb: “Onların silah arsenalında ciddi boşluq var. Bu silah boşluğunu Ermənistan doldurmaq üçün əvvəl Rusiyada yarı pulla, yarı kreditlə, yarı hədiyyə formasında silah alırdı. İndi Rusiya Ukraynada müharibə aparır və  özünə silah lazımdır. Eyni zamanda, Rusiya ilə Ermənistan arasında münasibətlər kəskindir. Ona görə də İrəvan özünə yaxın olan Parislə, Dehli ilə, Afina ilə danışıqlar aparır, silah istəyir. Ermənistanın ordusu varsa, silahı yoxdursa, o zaman silah alması normal qarşılanır. Amma burada başqa məsələ var – Ermənistanın silahlanması ilə paralel şəkildə revanşist qüvvələr Azərbaycana qarşı müharibə çağırışları edirlər. Artıq erməni din xadimləri də revanşist bəyanatlar səsləndirirlər. Bu, Azərbaycanı narahat etməyə bilməz”.

“Baxmaq lazımdır ki, Yunanıstan Ermənistana hansı növ silahlar tədarük edəcək. Əgər doğrudan da o silahlar ağır, ciddi təsir gücünə malik silahlar olacaqsa, o zaman Azərbaycan buna qarşı bütün mexanizmlərdən istifadə edəcək. Beynəlxalq qanunlarda silahlarla bağlı belə bir yanaşma var: əgər alınan silahlar hansısa dövlətə təhlükə yaradarsa, həmin dövlətin ixtiyarı var ki, sözügedən silahlara legitim hədəf kimi baxsın. Ermənistana gətiriləcək silahlar Azərbaycan üçün ciddi təhlükə mənbəyinə çevrilərsə, o zaman Azərbaycan o silahları legitim hədəf kimi götürə bilər”, – deyə polkovnik söyləyib.

Ş.Ramaldanov xatırladıb ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, istər Ermənistandan, istərsə də onun havadarlarından Azərbaycana təhlükə yaranarsa, dərhal cavab veriləcək: “Digər bir məsələ odur ki, axı hələ sülh sazişi imzalanmayıb.  Atəşkəs sülh demək deyil. Deməli, hələ də müharibə şəraitindəyik. Təbii ki, Ermənistanın silahlanması, oraya silahların gətirilməsi Azərbaycana hüquq verir ki, həmin silahların saxlandığı bazalar legitim hədəf sayılsın”. 

Anar ABDULLA

Azpost.info

Избранный
751
50
azpost.info

10Источники