RU

"KİV-lər jurnalistlərin hazırlıq səviyyəsini diqqətə almalıdırlar" - MEDİA EKSPERTİ NARAZILIQ ETDİ

Qarabağın "Braqa" klubu üzərindəki qələbəsindən sonra Qurban Qurbanova ünvanlanan suallar sosial mediada müzakirələrə səbəb olub. Ümumiyyətlə jurnalistin müsahibəyə hazırlıq prosesi necə olmalı, mövzuya uyğun suallar necə seçilməlidir? SİA mövzu ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətin fikrini öyrənib.

Onun sözlərinə görə, təkcə idmanda deyil, bütün sahələrdə jurnalistlərin ixtisaslaşmasına, peşəkarlığının yüksəldilməsinə ehtiyac var: “Biz dəfələrlə görmüşük ki, siyasi, iqtisadi, idman, təhsillə bağlı məsələlərdə jurnalistlərimiz təəssüflə qeyd edirəm ki, naşı suallar verib, nəzakətsiz şəkildə sual ünvanlayıb, yaxud da verdikləri sualdan məlum olub ki, sahədən, baş verənlərdən xəbərləri yoxdur. Yəni belə məsələlərə diqqət yetirilməlidir. Əlbəttə KİV-lər hansısa məsələ ilə bağlı jurnalistə tapşırıq verəndə onun hazırlıq səviyyəsini diqqətə almalıdırlar. Yəni hər kəsi, hər yerə gödərmək olmaz! Hər bir jurnalist mütləq bütün sahələrdən xəbərdar olmalı deyil. Yaxud da jurnalistlər müxtəlif istiqamətlərə bölünəndə onların keyfiyyəti aşağı düşür. Bu baxımdan Azərbaycanda çox ciddi problem yaşamaqdayıq”.

A.Həsrət bildirib ki, uzun illərdir mediada ixtisaslaşma məsələsini gündəmə gətirilir: “Təəssüflər olsun ki, bu məsələ tam olaraq həllini tapa bilmir. Bunun əlbəttə obyektiv səbəbləri də yox deyil. KİV-lərin maddi imkanları o qədər çox deyil ki, ixtisaslaşma məsələlərinə diqqət ayıra bilsinlər. Azərbaycan mediasında xüsusilə aparıcı qərb mediasında müşahidə etdiyimiz ixtisas artırma, peşəkarlığın yüksəldilməsi istiqamətində təlim-tədris məsələləri də demək olar ki, nəzərə çarpmır. Məsələn “The New York Times”, “Associated Press” bu cür nəhəng beynəlxalq xarici media qurumları davamlı şəkildə öz əməkdaşlarının peşə təlimi səviyyəsini yüksəltmək üçün seminarlar, treninqlər keçirirlər. Öz işçilərini bahalı olsa belə təlim mərkəzlərinə göndərirlər. Amma biz bunu təəssüflər olsun ki, çox da etmirik. Düzdür Medianın İnkişafı Agentliyi, ayrı-ayrı jurnalist qurumları edir. Amma ümumilikdə redaksiyaların bunu etməsilə bağlı o qədər də məlumatlı deyilik. Ona görə də jurnalistlər verdikləri sualda, əhatə etməli olduqları mövzuda naşılıq nümayiş etdirirlər, nəzakətsizliyə yol verirlər. Bu şeylərin həlli ixtisaslaşmadan, peşəkarlığın yüksəldilməsindən keçir”.

Müəllif: Rəşid Qarayev
Избранный
194
50
sia.az

10Источники