Bu ilin noyabrında Azərbaycan dünyada iqlim siyasətinin mərkəzinə çevriləcək. Belə ki, paytaxt Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Cənubi Qafqaz ölkəsində ilk dəfə iqlim konfransının keçirilməsi barədə qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Bu tədbir çərçivəsində Bakının 70-80 minə yaxın xarici qonağı qəbul edəcəyi gözlənilir.
Bakıda keçirilməsi planlaşdırılan BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təkcə iqlim məsələlərini deyil, həm də Azərbaycanı, mədəniyyətini, təbiətini tanıtmağa çalışacağıq. Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib. O, COP29-a hazırlıq işlərinin davam etdirildiyini də bildirib: "Azərbaycan bu tədbirin də ən yüksək səviyyədə keçirilməsi üçün çalışır".
Nazir COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə Laçında COP29-la əlaqədar təqdimat mərasimində deyib ki, COP29-un proqramı təkcə maliyyə məsələləri ilə məhdudlaşmayacaq. Su problemləri, torpaqların deqradasiyası, yaşıl kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, sağlamlıq, gənclər və s. kimi bir çox digər vacib məsələlər var. Bakıda bu məsələləri müzakirə edəcəyik.
M.Babayev qeyd edib ki, maliyyə COP üçün əsas mövzusudur: "Bu, o qədər də asan deyil, sövdələşmə çətindir, xüsusən də inkişaf etməkdə olan ölkələrin bu maliyyəyə olan gözləntiləri çox yüksək olduqda uyğun yol tapmaq lazımdır. Biz tərəflərin mövqeyini bir-birinə daha da yaxınlaşdırmaq üçün əlimizdən gələni etməliyik və düşünürəm ki, tərəflərdən bəzi müsbət siqnallar var. Bütün ölkələr indi öz səylərini birləşdirməyin, bir-birini başa düşməyin nə qədər vacib olduğunu anlayırlar. 2024-cü ildə Bakıda yaxşı nəticələr tapmaq üçün bu, vacibdir".
Nazir əlavə edib ki, COP təşəbbüslərini hazırlamaq üçün hələ vaxt var.
"Ona görə də biz bunu sizinlə müzakirə etməyə çox açığıq. Eyni zamanda, builki təqvimimiz haqqında sizə bir qədər məlumat vermək istərdim. Ən az inkişaf etmiş ölkələrlə, adalarla görüşmək üçün Antiqua, Barbudaya getməyi planlaşdırırıq. Düşünürəm ki, bizim çoxlu suallarımız, onlarla müzakirə edəcəyimiz mövzular var. Biz orada bir neçə əlavə tədbirlər təşkil etməyi, həm də ölkəmizi dünyaya tanıtmağı, bu böyük proqramı, bu böyük öhdəliyi necə yerinə yetirməyə hazır olduğumuzu göstərməyi planlaşdırırıq", - o vurğulayıb.
Onu da qeyd edək ki, artıq bir çox dövlət başçılarına bu mötəbər tədbirdə iştirakla bağlı edulən rəsmi dəvətlər qəbul edilib. Eyni zamanda bir çox xarici ekspert və diplomatlar mövzu ilə bağlı yüksək fikirlər söyləyiblər.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva mayın 27-də Bakıda “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, Azərbaycan dayanıqlı və "yaşıl iqtisadiyyat"a hazır olmalıdır.
Onun sözlərinə görə, iqlimlə bağlı bilik və bacarıqlar, qabiliyyət erkən yaşlardan başlamalıdır: "Eyni zamanda dəqiq elmlərin daha da gücləndirilməsi, STEAM təhsilinə gənc qızların cəlbini istəyirik. Özəl sektorla hər zaman əməkdaşlığa hazırıq. Çünki təhsil sahəsində əməkdaşlıq güclənməlidir. Özəl sektor çevik yanaşma nümayiş etdirməlidir. Gənclər öz ali təhsilini başa vurduqdan sonra hazır olmalı, əmək bazarının tələblərinə cavab verməlidir".
BMT rəsmisi həmçinin qeyd edib ki, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı yüksək səviyyədə gedir: "Bütün mühüm təməl bloklarla bağlı işlər görülüb".
Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol isə deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öncəsi qlobal danışıqlar, son 10 ildə dəyişməz qalan inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında “təmiz” enerji investisiyalarının payını artırmaq üçün bir yol tapmalıdır.
O vurğulayıb ki, yoxsul ölkələrə qlobal istiləşmə ilə mübarizə aparmaq üçün maliyyələşdirmənin artırılması və bu vəsaitlərin onlar arasında necə bölüşdürüləcəyi ilə bağlı müzakirələr hələ də davam edir:
“Noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində ölkələr iqlim proqramlarının illik maliyyələşdirilməsinin yeni məqsədinin təfərrüatlarını hazırlayırlar. Bu da ehtimal edilir ki, ən azı yüz milyard dollar təşkil edəcək. Mövzu BMT sammitlərində mübahisələrə səbəb oldu, çünki 2009-cu ildə yoxsul ölkələrə 2020-ci ilə qədər ildə 100 milyard ABŞ dolları ayırmaq üçün təyin edilmiş əvvəlki iqlim maliyyəsi hədəfi yalnız bir dəfə, 2022-ci ildə yerinə yetirilib”.
F.Birol qeyd edib ki, "təmiz" enerjiyə ümumi qlobal sərmayə əhəmiyyətli dərəcədə artmaqdadır, lakin inkişaf etməkdə olan bazarlara və ölkələrə ayrılan vəsaitin həcmi 2015-ci ildən bəri ümumi məbləğin 15 %-ni təşkil edərək “dəyişməz qalıb”. Onun sözlərinə görə, hazırda bu, təxminən 250 milyard ABŞ dolları təşkil edir: “Beləliklə, mənim fikrimcə, bu, iqlim hədəfimizə çatmaq yolumuzdakı qüsur xəttidir. Bu, Azərbaycandan və digər ölkələrdən olan həmkarlarımızla yüksək səviyyəli dialoqlarımız üçün əsas mövzu olacaq”.
Belçikanın Xarici İşlər, Xarici Ticarət və İnkişaf üzrə Federal Dövlət Xidmətinin ətraf mühit, iqlim siyasəti və əməkdaşlıq üzrə direktor müavini Ulrix Lenarts isə deyib ki, COP29 sədrliyi ilə fikir mübadiləsi çox müsbət keçib. Bu 6 ayda Avropa İttifaqına sədrlik etdiyimiz üçün qəbul etdiyimiz ilk qərarlardan biri COP29 komandası ilə görüşmək üçün Bakıya səfər etmək idi. Tədbirə sürətli hazırlıq prosesi bizdə dərin təəssürat yaradıb. Çünki faktiki qərarın verilməsindən çox az vaxt keçib. Yəni 2023-cü ilin dekabrında COP29-un Azərbaycanda keçirilməsinə qərar verilib və komanda ilə görüşümüz isə fevralın sonu-martın əvvəlində baş tutub.
Söhbət etdiyimiz hər kəs mövzular, məsələlər və COP sədrliyinin rolu haqqında çox məlumatlı idi. Buna görə də bizim COP29-a ev sahibliyi edən və sədrlik edən ölkə kimi Azərbaycana böyük inamımız var.
İqlim maliyyəsi ilə bağlı nəticə əldə ediləcəyinə ümid edirik və digər nəticələrinin də əldə olunacağına inanırıq. Biz həmçinin iqlim ambisiyalarını dəstəkləyən bazar mexanizmi baxımından bu nəticəyə nail olacağımıza ümid bəsləyirik. Gender məsələləri üzrə fəaliyyət planının icmalı təqdim olunub. Ümid edirik ki, bu məsələ də həllini tapacaq.
Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə Laçında COP29-la əlaqədar təqdimat mərasimində deyib ki, COP29-un Azərbaycanda keçirilməsi qərarının verilməsi bütün beynəlxalq ictimaiyyətin dəstəyi ilə mümkün oldu:
"Hazırda dünyada iqlim dəyişikliyi, iqlim böhranı ilə bağlı baş verən ən mühüm danışıqlara COP29-un ev sahibi olaraq rəhbərlik etmək çox məsuliyyətli bir vəzifədir. Biz qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün tədbirlər görməliyik. Amma bunun üçün bizə icra vasitələri lazımdır. Əsas həyatakeçirmə vasitəsi isə maliyyədir. Beləliklə, biz iddialı fəaliyyət gündəliyi, NGC ilə gündəmə gəlməliyik və bu yolda işlərə başlamışıq. Bu yolla dünya ictimaiyyətini ruhlandıracağıq və canlandıracağıq".
Nazir müavini bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji zonası" elan edilib:
"Beləliklə, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın "yaşıl" texnologiyası və "yaşıl enerji"si üçün sınaq meydanına çevrilir. Deməli, bu bölgənin əhəmiyyəti öhdəmizə götürdüyümüz böyük vəzifə ilə üst-üstə düşür. Çünki Qarabağ və Şərqi Zəngəzur "yaşıl" dünya üçün ən yaxşı texnologiyaları sınaqdan keçirdiyimiz yerdir. Əgər uğurlu olarsa, Azərbaycanın digər bölgələrində də tətbiq edəcəyik. Bu regionda istehlak ediləndən daha çox "yaşıl enerji" istehsal edəcəyik və müəyyən mənada Azərbaycanın digər bölgələrinə də ixrac ediləcək".
Yeri gəlmişkən, Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Niderlandın ingilisdilli “Holland Times” qəzetinə müsahibəsində bu ilin noyabarında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyi və əsas məqsədləri barədə danışıb. R.Mustafayev Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində sənayenin inkişaf etdiyi Şimal ilə inkişaf etməkdə olan Cənub arasında dialoq və əməkdaşlığın aktivləşdirilməsi istiqamətində atdığı konkret addımlar barədə oxuculara məlumat verib. Onun sözlərinə görə, son illərdə Azərbaycan çox böyük təcrübə, nüfuz qazanıb və diplomatik potensial əldə edib: “Bu da ona COP29-un gündəliyində duran məsələləri uğurla həll etməyə imkan verəcək”. Bundan başqa, səfir Bakı ilə İrəvan arasında sülh prosesinin gedişindən, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanılmasından, Azərbaycanın ərazilərin minalardan təmizlənməsi və azad edilmiş torpaqların bərpası istiqamətində səylərindən danışıb. O qeyd edib ki, mina probleminin aktuallığını və minalanmış sahələrin ətraf mühitə mənfi təsirini nəzərə alaraq, dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etmək üçün COP29 çərçivəsində xüsusi tədbirin keçirilməsi nəzərdə tutulur.
Cavid