Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin hazırda dünya dilləri sırasında özünəməxsus yeri, necə deyərlər, imzalar içərisində imzası vardır.
Ana dilimizin böyük banisi Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan (1969) Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Məlum olduğu kimi, 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi və Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm milli ziyalılarımızın böyük rəğbətini qazandı, həm də onlara mənəvi dəstək verdi, ruh yüksəkliyi bəxş etdi,bu məsələnin müsbət həlli üçün geniş üfüqlər açdı. Yenə həmin dövrdə Heydər Əliyev Azərbaycan Yazıçılar İttifaqının qurultayında iştirak edərək doğma ana dilində çıxışı ilə tədbir iştirakçılarını heyran qoydu. Ulu Öndər bütün bunlarla kifayətlənməyərək həm də respublikanın bir qrup tanınmış şair və yazıçılarını qəbul edərək onlarla apardığı səmimi söhbətlərində ana dili məsələsinə də toxundu və bu yöndə əməli tədbirlər görülməsinə rəvac verdi. Həmin tədbirlər sırasında böyük rəhbərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Totalitar rejimin hökm sürdüyü, qatı rus millətçiliyi və şovinizminin baş alıb getdiyi keçmiş Sovetlər Birliyində bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi.
Ölkəmiz 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili statusu qazandı. Məhz bu mərhələdə milli dövlətçiliyin mühüm atributu olan ana dilinin daha da inkişafı və zənginləşməsi, onun müasir elmi tələblər səviyyəsində geniş və hərtərəfli araşdırılması və beynəlxalq aləmdə tanınması üçün daha böyük imkanlar yarandı, bu yöndə geniş üfülər açıldı və bir sıra mühüm və sanballı işlərə ilkin imza atıldı. Bu məsələdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilimizin gözəl bilicisi, bənzərsiz mahir natiq Heydər Əliyevin misilsiz fəaliyyəti və tarixi xidmətləri mühüm və həlledici rol oynadı. Belə ki, ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi. Müstəqillik illərində Prezident Heydər Əliyevin apardığı məqsədyönlü və gələcəyə yönələn dövlət quruculuğu məsələlərində dil siyasəti həmişə aparıcı ol-muşdur. Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən ümummilli lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən, xalq dilindən gəlmə deyimlərdən uğurla istifadə etmiş, özünəməx-sus jest və mimikaları ilə nitqinin auditoriyaya, bütövlükdə xalqa təsir gücünün artmasına nail olmuşdur. Ulu öndər ana dili ilə bağlı çoxsaylı fikirlərində milli dilin azərbaycançılıqla birbaşa bağlılığı məsələsini də önə çəkmiş, xüsusi olaraq vurğulamışdır: “Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”.
Xalqımızın böyük oğlu Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, bugünkü durumunu və mövcud problemlərini də daim diqqət mərkəzində saxlamış və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atmışdır. Həmin tədbirlər sırasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Prezident Heydər Əliyev ölkənin dövlət dili ilə bağlı aşağıdakı mühüm sənədlərə də imza atmışdır: – “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli Fərman; – Azərbaycan Respublikasında Dövlət dili haqqında 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasının Qanunu – “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli Fərman. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də bu gün də uğurla davam etdirilir.
Sevda Məlikməmmədova,
48 nömrəli məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü