RU

İbrahim Cəfərov: “Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biridir” » AzadMedia.az


Prof. İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvü


Sözsüz ki, hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlbətdə ki, Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir. Qəhrəman Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, sonuncu kiril qrafikalı əlifba isə ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq qəbul edilib. Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-cı illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilib. Çünki xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istəyinə nail olmağı qarşıya məqsəd qoymuşdu.

Azərbaycan xalqının böyük siyasi xadimi Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider Heydər Əliyevin cəsarətli mövqeyi danılmazdır. Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.

Beləliklə, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

Əsas məqama diqqət yetirsək Azərbaycan dilinin inkişafında mühüm rol oynamış vacib qanunverici təşəbbüsü dilə gətirmək yerinə düşərdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Qeyd edim ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Məhz minvalla yola çıxaraq, Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Bugün Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq Ulu Öndərin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin doğma dilimizə həs­saslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin la­tın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Pre­zidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sə­rəncam həm də əlifba ilə bağlı problemləri həll etdi. Ölkə prezidentinin 2012-ci il mayın 23- də imzaladığı "Azərbaycan dilinin qlo­ballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin in­kişafına dair Dövlət Proqramı haqqında" sərəncam da onun ana dilimizə verdiyi bö­yük önəmdən xəbər verir. Belə ki, Azərbaycan dili Azərbay­can Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ün­siyyət vasitəsidir.
Bugün Ana dilimiz olan Azərbaycan dilini qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti cənab Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Belə ki, dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi heç şübhəsiz, olduqca qürurvericidir. Bir sözlə, qeyd edim ki, hər hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Избранный
170
8
azadmedia.az

10Источники